Sizin reklam burada

"Forza Neftçi" 30 nəfərlə gedir, Hənifəyev geri çəkildi

Baxış Sayı:415


"Ağ-qaralar"ı Kişinyovda 100-dən artıq azarkeş dəstəkləyəcək
Hər kəs səbirsizliklə avrokubok mövsümünün startını gözləyir. Çempionluğu son turlarda əldən verən "Neftçi" azarkeşlərinin də arzusu sevimlilərinin Avroliqada daha çox irəli getməsidi. Bunun nə dərəcədə real olacağını zaman göstərəcək. Əslində "ağ-qaralar"ın ilk iki mərhələni keçməsi möcüzə sayılmamalıdı. Xüsusən "Sperantsa" səddinin dəf edilməsi çətin olmamalıdı. Çünki bütün komponentlərdə "Neftçi" Moldova təmsilçisini aşkar üstələyir. Artıq bu üstünlüyü nəticədə əks etdirmək lazımdı. Hər nə qədər flaqman cütün favoriti sayılsa da, ehtiyatı da əldən vermək olmaz. Hansı ki, zaman-zaman klublarımız rəqibi qiymətləndirməməyin acısını çəkiblər.
Bütün bunlar o deməkdi ki, iyulun 11-də Kişinyovda baş tutacaq qarşılaşmanın nəticəsi çox önəmlidi. "Neftçi" Avroliqanın 2-ci təsnifat mərhələsinə adlamaq yolunda əsas addımı "Zimbru"dakı stadionda atmalıdı. Səfərdə sərfəli nəticə qazanmaq baxımından bir sıra amillər həlledici olacaq. Fiziki, psixoloji hazırlıq, rəqibin öyrənilməsi və s. Üstəlik, azarkeş dəstəyi də vacib məqamlardan biridi. Ötən saylarımızda "Neftçi"nin Kişinyovda dəstəksiz qalmayacağını xəbər vermişdik. "Ağ-qaralar"ın əsas azarkeş qrupu olan "Forza Neftçi"nin Moldovaya səfər planlaşdırdığını da diqqətinizə çatdırmışdıq.
Dünən yenidən adıçəkilən fanklubun rəhbəri Sübhan Əliyevlə əlaqə saxladıq: "Artıq gedəcəyimiz dəqiqləşib. İnşallah, iyulun 7-də yola düşəcəyik. Avtobus tutumuşuq, onunla gedirik. Biz 30 nəfərik, ancaq təyyarə ilə gedənlər də olacaq. Rumıniyadan, Almaniyadan yazanlar var, gəlib bizimlə birgə dəstək olmaq istəyirlər. Təxminən 40 nəfər olacağıq. Dediyim kimi, ayın 7-də çıxırıq, oyundan bir gün əvvəl çatırıq, oteldə də yer bron etmişik. Matçdan 2-3 saat sonra Kişinyovu tərk edəcəyik. Artıq əlavə gedən olsa, yer olmayacaq. Çünki avtobusu sayımıza uyğun danışmışıq. Ümumiyyətlə, azarkeşlərin maddi vəziyyəti və yolun uzaqlığı da say məsələsinə təsirsiz ötüşmür. Hər kəsin imkanı yoxdu. Bilirsiz ki, bütün xərcləri öz cibimizdən çəkirik. Təbii, bannerlərimizi də özümüzlə aparacağıq".
Əlbəttə, sıravi azarkeşlə fanklub üzvünün verdiyi dəstək bir deyil. Xüsusən bu "Forza Neftçi"disə, "ağ-qaralar"ın özünü Kişinyovda dəstəksiz hiss edəcəyi inandırıcı görünmür. Xatırlayırsızsa, flaqmanın stajlı azarkeşlərindən olan Kənan Hənifəyev də oyun üçün tur təklif etmişdi. Onun "feysbuk"dakı statusunun altında getmək niyyətində olanlar müsbət rəy yazmışdılar. Bildiyiniz kimi, Kənan bəy özü də turizm sahəsində çalışır. Bəs görəsən, Hənifəyev turu gerçəkləşdirəcək? Gəlin, onu dinləyək: "Şirkət olaraq Kişinyov səfərinin təbliğatını aparmadıq və satışını təşkil etmədik. Çünki həmin ərəfədə turizmlə bağlı başqa səfər və tədbirlər var idi. Həmçinin məsafə uzaq olduğundan, yolculuğu zaman etibarı ilə çatdırmamaq riski üzündən səfər məhsulunu təşkil etmədik. Qismət olsa, mərhələni keçsək, Rusiyaya tur təşkil etməyi düşünürük. Bildiyimə görə, Bakıdan azarkeşlər fərdi və kiçik qruplar şəklində səfər planlaşdırırlar. Deməzdim ki, müraciət az olduğuna görə tur təşkil etmədik. Rahat şəkildə 25-30 nəfər toplamaq olardı. Ya da fanat qrupları ilə yığdığımız azarkeşləri birləşdirə bilərdik. Sadəcə, həmin statusumdan başqa, təbliğat yönündə fəaliyyət göstərmədik".
Sonda "Neftçi"nin Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə də danışdıq. Məlum olduğu kimi, paytaxt klubunun rəsmiləri bir müddət öncə Kişinyovda olmuşdular. Həmin səfər çərçivəsində Azərbaycanın Moldovadakı səfiri ilə görüşmüş, diasporun oyunda iştirakının təşkili ilə bağlı qarşı tərəfdən xoş xəbər almışdılar. Rüstəm bəy tərəfdar sayı haqda bunları dedi: "Burdan nə qədər fanat gedəcəyini bilmirəm. Səfirlik orda yaşayan azərbaycanlıları cəlb edəcək. Dəqiq say demək çətindi. Təxminən 100-ə yaxın tərəfdar gözlənilir".
Bütün deyilənləri nəzərə alsaq, flaqmanı "Zimbru"dakı stadionda 100-dan çox tərəfdarın dəstəkləyəcəyini proqnozlaşdırmaq olar. Ancaq bu, sadəcə, deyilənlərə əsaslanan təxminimizdi. Necə olacağını zaman göstərəcək. Hər halda, "Neftçi"nin Kişinyovda dəstəksiz qalmayacağı dəqiqdi. Söhbət hiss olunacaq səviyyədə dəstəkdən gedir.
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR