İyulun 2-də KONKAKAF Qızıl Kubokunun yarımfinal görüşləri keçirilib ki, azərbaycanlı futbolsevərlərin yekun nəticələri səbirsizliklə gözləməsi başadüşüləndi. Axı, yarımfinalçı cütlərin birində Haiti ilə Meksika üz-üzə gəlirdi. Həmin Haiti ki, orda karyerasını yenidən “Qarabağ”da davam etdirəcəyi deyilən və Kanada ilə əvvəlki oyunda qələbə topunun müəllifi olan Vild-Donald Gerye çıxış edir.
“Qarabağ”la müqaviləsinin müddəti başa çatan futbolçu bu dəfə məğlubiyyətə üzülüb. Oyunun əsas vaxtında hesab açılmadığından, qalibin müəyyənləşməsi üçün əlavə vaxta ehtiyac duyulub. Bu mərhələdə Meksikanın vurduğu qola final fitinə qədər cavab gəlməyib. Gerye 100-cü dəqiqədə əvəzlənib.
Oyunlar başa çatdığından, Geryenin bundan sonra əsas diqqətini klub karyerasına ayıracağı sirr deyil. Çox güman, Avropaya qayıdıb “Qarabağ” və onunla yaxından maraqlanan klubların rəsmiləri ilə görüşəcək. Təbii ki, Qurban Qurbanov son anda fikrini dəyişməsə. Özünün “qafqazinfo”ya verdiyi məlumata görə, bir həftə dincələndən sonra okeanın bu tayına gəlib “Qarabağ”la 2 illik müqavilə bağlayacaq.