Albanların “11 nömrə”si zədələnib
“Qarabağ”la “Partizani” sanki sözləşiblər. Çempionlar Liqasında rəqib olan komandalar hazırlığı fərqli ölkələrdə keçsələr də, baş məşqçilərin planı, demək olar, eynidi. Albanlar da növbəti, eyni zamanda sonuncu yoldaşlıq görüşünü iyulun 2-də keçirib. Buna qədər “Sarayevo”ya 1:5, “Mura”ya 1:2 hesabı ilə məğlub olan Franko Lerdanın yetirmələrinin növbəti rəqibi Rumıniya “Krakoviya”sı olub. 90 dəqiqənin tamamında “Partizani” qələbəyə sevinib. Qarşılaşmada qeydə alınan yeganə qolu “sarı-qırmızılar”ın braziliyalı forvardı Lukas Kardoso vurub. Bununla da Sloveniya toplanışı başa çatıb. “Qarabağ”ın rəqibi bu gün Tiranaya qayıdacaq və məlum oyuna paytaxtda hazırlaşacaq.
Yeri gəlmişkən, təmsilçimizlə oyunlar ərəfəsində Albaniya çempionu ciddi itki ilə üzləşib. Komandanın aparıcı futbolçularından sayılan hücumameyilli yarımmüdafiəçi Yurgen Bardi zədələnib. “Konkordiya”ya qarşı oynamayan futbolçu bud nahiyəsindən xəsarət alıb. Onun nə vaxt sıraya dönəcəyi bilinmir. Tiranadakı ilk qarşılaşmada meydana çıxacağı inandırıcı deyil.
HƏBİB