Acar: “Azərbaycan yığmasında çıxış etmək də qürur verər”
Deyəsən, AFFA yığmanın uğursuzluqlarının sirrini çözüb. Macarıstan və Slovakiyaya məğlubiyyətlərdən sonra qurumun hansı addımı atacağını maraqla gözləyirdik. Slovaklara 1:5-dən sonra təcili bir araya gələn İcraiyyə Komitəsinin üzvləri millinin baş məşqçisi Nikola Yurçeviçi qarşılarına alıb sorğu-suala tutublar. Xorvat mütəxəssis də qısa hesabatla vəziyyətdən çıxıb, geniş hesabatın da sözünü verib. Təxminən oyunsonrası mətbuat konfransında səsləndirdiyi fikirləri İcraiyyə Komitəsinin üzvlərinə də söyləyib. Olduğu kimi, ya müəyyən ixtisarla - artıq bunu özləri bilir. Bəlkə də jurnalistlərə dediyi "ən yaxşı məşqçiniz Maltanı uda bilməmişdi" sözlərini rəhbərliyə də çatdırıb. Cəsarəti çatıb, ya yox - bunu da demək çətindi. Hər halda, necə hesabat veribsə, assosiasiya da çıxış yolunu anlayıb. Özü də Yurçeviç ölkəsində istirahət etsə də, xilas üçün adımmlar atılır. Necə? İndi biləcəksiz.
AFFA daha bir türkiyəli futbolçunu “milliləşdirir”. "Kayserispor"a yaxınlığı ilə bilinən kayseritempo.org saytının məlumatına görə, bu klubun yarımmüdafiəçisi Həsən Hüseyn Acar yığmamıza çağırılacaq. Ötən ilin yayında "Əskişəhərspor"dan Kayseri təmsilçisinə transfer olunan 25 yaşlı orta sahə oyunçusu federasiyamızdan təklif alıb. Bunu futbolçu özü açıqlamasında bildirib. Həsən qeyd edib ki, millimizdə oynamaq təklifini müsbət qarşılayıb: "Bəli, Azərbaycan tərəfindən təklif gəldiyi doğrudu. Bu haqda düşünürəm və müsbət baxıram. Millidə oynamağı hər kəs istəyər. Öz millimizdə oynamaq istəyərəm, amma Azərbaycan yığmasında çıxış etmək də qürur verər".
Qeyd edək ki, "Əskişəhərspor"un yetirməsi olan Həsən Hüseyn Acar 1994-cü il dekabrın 16-da dünyaya gəlib. 2011-dən ötən ilə qədər yetirməsi olduğu kluba məxsus olub. O, 2015 və 2016-cı illərdə müvafiq olaraq "Göztəpə" və "Tokatspor"da icarə əsasında oynayıb. Ötən mövsüm "Kayserispor"un heyətində superliqada 17 oyunda meydana çıxan yarımmüdafiəçi 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Kayserispor"la 2021-ci ilin yayına qədər müqaviləsi olan Həsən 2013-də Türkiyənin U-20 yığmasının heyətində 3 matçda iştirak edib. 183 sm boya malikdi. İki mövqedə çıxış edə bilir: dayaq və sağ cinah yarımmüdafiəçisi.
AFFA-dan məsələylə bağlı sport24.az saytına verilən cavabı da diqqətinizə çatdıraq: “Futbolçu həqiqətən millinin məşqçilər korpusunun maraq dairəsindədi. Amma hələ ki AFFA tərəfindən rəsmi danışıqlara başlanılmayıb”.
Məşqçi istəyibsə, deməli, gec-tez federasiya hərəkətə keçəcək. Bəlkə də artıq müəyyən addımlar atılıb, sadəcə, son nöqtə qoyulmadığı üçün gizlədirlər. Əks halda, futbolçu təklif aldığını söyləməzdi. Ola bilər, rəsmi müraciət olmayıb. Ancaq menecerlər vasitəsilə və ya başqa bir yolla futbolçunun fikrini öyrəniblər. Göründüyü kimi, "Kayserispor"un üzvü yığmamızda oynamağa razıdı. Qalır məsələnin rəsmiləşməsi.
Yuxarıda da qeyd etdiyimiz kimi, belə çıxır, bu futbolçu ilə yığmanın daha uğurlu çıxış edəcəyini düşünürlər. Əvvəla, hazırkı yığma üçün AÇ-nin final mərhələsi hədəfi artıq, demək olar, mümkünsüzdü. Macarıstan və Slovakiyaya məğlubiyyətlər qitə birinciliyi ilə bağlı azərbaycanlı azarkeşlərin xəyalının üstündən çalın-çarpaz xətt çəkdi. İndi hər kəs "heç olmasa, xalsız qalmayaq" düşüncəsi ətrafında baş sındırır. Deməli, Həsənin "milliləşdirilməsi" tsiklin qalan oyunlarındakı hədəf üçün nəzərdə tutulmur. Yığmanın bu çıxışı ilə Yurçeviçlə müqavilə müddətinin artırılması da absurd olar. Bəs onda xorvat mütəxəssisin istədiyi futbolçunu yığmaya cəlb etmək nə dərəcədə düzgündü? Seçmə mərhələnin sonunda Yurçeviçlə yollar ayrılsa, yeni baş məşqçi Acarı istəyəcək? Olmaya Yurçeviçlə işbirliyini davam etdirmək fikrindədilər? Bir sözlə, suallar çoxdu. Ancaq "milliləşdirmənin” yığmanın çıxış yolu olmadığını dərk etmək lazımdı. Ola bilər, Türkiyə superliqasında çıxış edən futbolçu bizimkilərdən üstün olsun. Lakin kiçik bir xatırlatma etmək kifayətdi. Cihan Özkara, Dəniz Yılmaz, Ufuk Budak, Əli Gökdəmir, Tuğrul Erat... Görəsən, bu siyahıda olanları AFFA-dakılar xatırlayır? Onları yığmada oynamağa razı saldıqları zamanı çəkdikləri əziyyət, verdikləri vədlər yadlarındadı? Çətin...
FARİZ