Bordinin “11-liy”ini proqnozlaşdırmaq çətin deyil
"Neftçi” Türkiyədəki təlim-məşq toplanışını başa vurub dünən vətənə qayıtdı. “Ağ-qaralar” bir neçə günlük istirahətdən sonra “Sperantsa” ilə matçın son hazırlığına start verəcək. Moldova təmsilçisi ilə qarşılaşmanın iyulun 11-də Kişinyovdakı “Zimbru” stadionunda baş tutacağını bilirsiz. Cütün favoriti “Neftçi” göstərilir və paytaxt təmsilçisi bu rəqibi keçməyə borcludu. İstər heyət, istər büdcə, istərsə də təcrübə baxımından flaqman “Sperantsa”nı üstələyir. Nəzərə alaq ki, Nisporeni təmsilçisi tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb. Odu ki, “ağ-qaralar”ın bu səddi dəf etməkdən başqa yolu yoxdu. Bəs görəsən, “Neftçi” ilk oyuna nə dərəcədə hazırdı? Türkiyə toplanışı nə göstərdi? Yoxlama oyunları, yeni transferlər haqda hansı fikirləri söyləmək olar? Baş məşqçi Roberto Bordinin əsas “11-liy”i müəyyənləşdirdiyini demək olar?
İki 90 və 11 dəqiqə
Xatırladaq ki, “Neftçi” təlim-məşq toplanışına iyunun 10-da Bakıda start verdi və ayın 15-də qardaş ölkəyə yollandı. Flaqman Boludakı hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcəyini açıqlamışdı. Ancaq hər şey öncədən planlaşdırıldığı kimi olmadı. Bordinin komandası ilk sınaq görüşündə “SKA-Xabarovsk”a (Rusiya) 3:1 hesabıyla qalib gəlmişdi. Ardınca Rumıniya “Politexnika İaşi”si ilə qarşılaşma güclü duman səbəbindən 11-ci dəqiqədə yarımçıq dayandırıldı. Srağagün isə “ağ-qaralar” “Vorskla” (Ukrayna) ilə münasibətlərini aydınlaşdırdı və 2:3 hesabı ilə məğlub oldu. Belə deyək, bir qələbə, bir məğlubiyyət və erkən dayandırılan görüş. Əslində “Vorskla” ilə görüş komandanın gücün müəyyənləşdirmək baxımından əsas sınaq idi. Lakin bakılılar bu dueldən məğlub ayrıldı. Düzdü, sözügedən qarşılaşmada Bordin gənclərə şans verənə qədər “Neftçi” hesabda üstün idi. Bununla belə, rəqibin də ikinci yarıya fərqli heyətlə çıxdığını qeyd etməliyik. Ümumilikdə isə yoxlama oyunlarının nəticəsinə o qədər də aludə olmaq lazım deyil. Yoldaşlıq görüşlərində qeydə alınan hesablar komandanın gücünü müəyyənləşdirmək baxımından əsas meyar sayılmır. Yalnız qələbə ab-havası baxımından sınaq matçlarındakı nəticələr önəm daşıyır.
Tanış transferlər
Heyətlə bağlı duruma gəlincə, Bordinin yoxlama oyunlarında iki futbolçunun xidmətindən yararlana bilmədiyini qeyd etməliyik. Hazırda zədəsini sağaltmaqla məşğul olan Baqali Dabo və Soni Mustivar yoldaşlıq görüşlərini buraxdı. Adıçəkilənlərin “Sperantsa” ilə ilk qarşılaşmada forma geyəcəyi də sual altındadı. Mustivar yığmadan zədəli gəlmişdisə, Dabo çempionatın son turunda xəsarət aldı və bir müddət öncə kiçik əməliyyat olundu. Transferlər haqda nə demək olar? “Neftçi” mövsüm başa çatandan sonra, demək olar, yalnız heyətə düşməyənləri yola saldı. Müdafiəçilər – Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, Petru Rakunun gedişi təəccüblü olmadı. Doğrudu, Abışov kapitan idi, ancaq Bordinin artıq ona əsas heyət oyunçusu gözü ilə baxmadığı faktını futbolçu özü də yaxşı anlayırdı. Xüsusən Voislav Stankoviç söhbətinin ortaya çıxması da Ruslanın gedişində az rol oynamadı. Qoran Paratskinin “Neftçi”də özünü doğrultduğunu demək olmaz. O ki qaldı hücumçulara, açığı, həm Mirabdulla Abbasovun, həm də Canluka Sansonenin göndərilməsi bir qədər gözlənilməz idi. Ona görə yox ki, bu iki futbolçudan hansısa “ağ-qaralar”ın heyətində xarüqələr yaradırdı. Qışa qədər Mirabdulla özünü yaxşı tərfədən göstərsə də, məhz Sansonenin gəlişindən sonra heyətdəki yerini itirdi. Beləcə, Mirabdulla daim oynayacağı kluba keçmək istədiyini açıqladı və flaqman onu icarəyə verdi. Keçidin reallaşması zamanı başverənlərə qayıtmaq artıq mənasızdı. Ancaq Canluka da istənilən effekti vermədi və yayda onunla da yollar ayrıldı. Gedənlərin əvəzində 4 yeni oyunçu alındı. Özü də hamısı ölkə futbol ictimaiyyətinə tanış simalardı. Rauf Əliyevlə Stiven Jozef-Monrozun transferi irəli xətti gücləndirməyə yönəlibsə, Voislav Stankoviç müdafiədəki çaşqınlığı aradan qaldırmalıdı. Razılaşaq ki, vurduğu qollara rəğmən, Mamadu Mboc müdafiədə o qədər də etibarlı deyil. Bu futbolçunun durumuna bir daha qayıdacağıq. Hə, Dario Federikonun qayıdışı da bir qədər müzakirələrə səbəb oldu. Çünki o qışda paytaxt təmsilçisindən heç də xoş münasibətlə ayrılmamışdı. Amma təkcə son yoxlama matçı braziliyalının özünü “Neftçi”də daha rahat hiss etdiyini göstərdi. Legionerlərin çoxluğu çempionatda hansı rotasiyalara səbəb olacağı ilə bağlı qarşıya suallar çıxarsa da, hazırda önümüzdəki mübarizə - Avroliqa oyunları haqda düşünməliyik.
Bordinin “11-liy”i
Nəhayət, Bordinin hansı heyətə güvəncəyi ilə bağlı proqnoz vermək olar. Öncə hər üç yoxlama görüşündə italiyalı mütəxəssisin güvəndiyi “11-lik”ləri yada salaq.
Neftçi – SKA-Xabarovsk
Aqil Məmmədov, Tural Axundov, Anton Krivotsyuk, Mamadu Mboc, Ömər Buludov, Mamadu Kane, Emin Mahmudov, Namiq Ələsgərov, Rəhman Hacıyev, Vangelis Platellas, Rauf Əliyev.
Neftçi - Politexnika İaşi
Səlahət Ağayev, Anton Krivotsyuk, Voislav Stankoviç, Kiril Petrov, Ömər Buludov, Mamadu Kane, Rəhman Hacıyev, Stiven Jozef-Monroz, Emin Mahmudov, Vangelis Platellas, Rauf Əliyev.
Neftçi - Vorskla
Səlahət Ağayev, Anton Krivotsyuk, Voislav Stankoviç, Kiril Petrov, Ömər Buludov, Mamadu Kane, Emin Mahmudov, Stiven Jozef-Monroz, Vangelis Platellas, Dario Federiko, Rauf Əliyev.
Əslində “SKA-Xabarovsk”la qarşılaşmada yeni transferlərdən bir neçəsi iştirak etməmişdi. Ümumiyyətlə, həmin oyun ilk sınaq görüşü olduğundan Bordin eksperimentlərə əl atmışdı. Ancaq son iki yoxlama matçının start heyətinə nəzər salanda, italiyalı mütəxəssisin “11-liy”ini görmək çətin deyil. Təbii, çalışdırıcının daim 4-lü müdafiə sisteminə sadiq qalacağını əminliklə demək çətindi. Qapının Səlahətə etibar ediləcəyi şübhə doğurmur. Bundan başqa, Mbocun, eləcə də Tural Axundovun start heyətindən kənarda qaldığını müəyyənləşdirmək çətin deyil. Deməli, müdafiə xətti Anton – Voislav – Kiril – Ömər “4-lüy”ünə tapşırılacaq. “Dayaq”la bağlı bir qədər sonra. Dabonun zədəli olması fonunda yarımmüdafiənin solunun Jozef-Monroza, sağının isə Darioya tapşırılacağı aydındı. Belədə Vangelis mərkəzə çəkiləcək. Hücumda isə bütün yoxlama oyunlarında start heyətində olan Raufa güvəniləcəyi şübhə doğurmur. Hər nə qədər yoxlama oyunlarında fərqlənməsə belə. Orta xətdə Eminin yer alacağı da real təxmindi. Qalır Soni Mustivarın yoxluğunda Kane ilə Rəhman arasında seçim. Mamadu hər üç yoxlama matçında ilk “11-lik”də olub. Hacıyev isə bu baxımdan Kanedən 1 oyun geri qalır. Bununla belə, Rəhman ilk sınaq görüşündə fərqlənmişdi. Hər halda, “Vorskla” ilə qarşılaşma Kaneninin şansının daha çox olduğunu göstərir. Təbii, Bordinin “Sperantsa” ilə oyunda sadaladığımız futbolçulara güvənəcəyini konkret fikir kimi söyləmək çətindi. Biz italiyalının yoxlama oyunlarındakı seçimlərinə əsasən bunu söylədik. Tutaq ki, Dabo hazır olsa, istər-istəməz qeyd etdiklərimizdən kimsə arxa plana keçəcək. Yaxud da arzuolunmaz hansısa problem dəyişikliyi qaçılmaz edə bilər.
FARİZ