Sizin reklam burada

Bordin “Sperantsa” haqda ehtiyatlı danışdı

Baxış Sayı:275


“Onların atletik tonusu bizimki ilə müqayisədə çox yaxşıdı”
Türkiyədəki toplanışını başa vuran "Neftçi” dünən gecə Bakıya qayıtdı. “Ağ-qaralar” iyulun 4-nə qədər istirahətdə olacaq. Bundan yararlanan baş məşqçisi Roberto Bordin isə vətəni İtaliyaya uçub. O, cümə axşamı Bakıya qayıdacaq və flaqman həmin gün “Sperantsa” ilə qarşılaşmanın son hazırlığına başlayacaq.
Bu arada Bordin "Neftçi” TV-yə müsahibə verib. İtaliyalı mütəxəssis əvvəlcə hazırlıq prosesini dəyərləndirib: "Təlim-məşq toplanışımız pozitiv alındı. Çox yaxşı işləyə bildik. Yalnız gənc futbolçularımızdan Əsgər Hüseynovun zədələnməsinə təəssüflənirəm. Əlbəttə, sınaq matçlarından birinin baş tutmaması yetərincə neqativ haldı. Çünki məhz oyun təcrübəsinə həmişə ehtiyac olur. Təlim-məşq toplanışları həm də buna görə həyata keçirilir. Yoxlama görüşləri futbolçular arasında qarşılıqlı anlaşmanı tapmağa, həmçinin yenilərin necə oynadığını anlamağa kömək edir. Təbii ki, bu amil bizim üçün çox vacibdi, amma bu boşluğu sonrakı məşqlərdə doldurmağa çalışdıq”.
İtaliyalı mütəxəssis yeni transferlərlə bağlı da danışıb: "Yeni transferlərdə uyğunlaşma ilə bağlı problem olmadı. Onlar artıq yaxşı inkişaf etmiş bir kollektivə gəliblər. Dario isə, ümumiyyətlə, evə qayıdıb. Bu komandadan çox razıyam. Ona görə ki, müsbət əhval-ruhiyyə var və biz oyuna çıxanda həmin vəziyyəti görürük”.
O, "ötən ilin bu vaxtkı "Neftçi”si ilə indiki arasında hansı fərqlər var” sualını belə cavablayıb: "Bunu ilin sonunda və ya çempionatın gedişində demək olar. Çünki oyunçulardan gedənlər və gələnlər var. Buna görə də bu söhbətə bir müddət sonra qayıtmaq olar”.
Bordin gənc futbolçular haqda düşüncələrini də dilə gətirib: "Ömər ötən “futbol ili”ndə Antonla birlikdə yaxşı mövsüm keçirdi. Təbii ki, başqa gənc futbolçularımız da var idi. Bu toplanışa özümüzlə çoxlu gənc gətirmişik. Bu, məşqlərin keyfiyyətini artırmaqda bizə çox kömək etdi. Onlarla həmişə səbrli davranmaq, səhv etmələrinə imkan vermək, yardım göstərmək lazımdı. Əlbəttə, gənclərin özlərini əsas komandada göstərmək üçün yaxşı imkanları var. Ad çəkmək istəmirəm, hamısından razıyam. Özlərini çox düzgün apardılar, bizə kömək etdilər. Bakıya qayıdandan sonra vəziyyətə baxacağıq. Bir daha təkrar edirəm, işə münasibətlərinə görə uşaqların hamısından razıyam”.
Çalışdırıcı Avroliqanın birinci təsnifat mərhələsindəki rəqib "Sperantsa”nı qiymətləndirməməyin qəti əleyhinədi: "Komandalar həmişə dəyişir. Biz dəyişdiyimiz kimi, "Sperantsa”da da bu proses baş verib. Təbii ki, mən "Şerif”dən gedəndən sonra rəqib komanda da dəyişib. İnternet və başqa mənbələr vasitəsilə hər bir rəqib haqda çox şey öyrənmək mümkündü. Bu bizə də aiddi, rəqibə də. Əlbəttə, "Sperantsa” ilə bağlı məlumat toplayırıq. Rəqibin "Şerif”lə oyununu izləmişik. Bu komandanı qiymətləndirməmək olmaz. Yaxşı, texnikalı futbolçuları var. Moldova çempionatının davam etməsi onlar üçün yaxşı üstünlükdü. Buna görə də onların atletik tonusu bizimki ilə müqayisədə çox yaxşıdı. Bunları nəzərə alıb, çox diqqətli olmalıyıq. "Sperantsa” ilə çox vacib oyunlara hazırlaşmaq üçün daha 10 günümüz var”.
"İlk qarşılaşmada Dabo və Mustivarın olmamaq ehtimalı oyun planına təsir edəcəkmi” sualına baş məşqçinin cavabı belə olub: "Dabo və Mustivar çox vacib oyunçulardı. Onlar bunu ötən mövsüm göstəriblər. Amma özlərini daha da yaxşı göstərə bilərlər. Hər ikisi çox yaxşı futbolçudu. Əlbəttə, onların olmamağı pis təsir edir. Digər tərəfdən, başqa, çox yaxşı və indiki halda hazır olan oyunçularımız var. Belə məqamda məhz bu futbolçular bizə hədəfə çatmaq üçün hazırlaşmağa güc verir. Ümid edirik ki, Dabo və Mustivar tezliklə qayıdacaqlar, daha zədəli oyunçularımız olmayacaq və hamı bir araya gələcək”.
Sonda Bordin azarkeşlərə səslənib: "Azarkeşlərlə münasibətim əvvəldən çox yaxşı olub. Onlar çılğın, komandaya və futbolçulara çox bağlıdılar. Təbii ki, bizim kimi fanatlar da özümüzü yaxşı tərəfdən göstərib, bütün oyunlarda qalib gəlməyimizi istəyirlər. "Neftçi” uzun müddətdən sonra ötən mövsüm yaxşı yer tutdu. Az qala arzumuza da çatacaqdıq. Azarkeşlər həmişə bizə güc verirdilər. Onların mövsümün sonlarındakı məyusluğu anlaşılandı. Çünki çempionluğu əldən vermişdik. Amma onları əmin edirəm ki, bütün oyunlarda qələbə qazanmağa çalışırdıq. Əminəm ki, bu mövsümə güclü start verəcəyik. Azarkeşlərimizin dəstəyi ötən mövsüm bizim üçün çox vacib idi. Ümid edirəm ki, bu mövsümün əvvəlindən sonunadək onlardan eyni dəstəyi görəcəyik. Fanatlarla tezliklə görüşüb, bu uzun yola birlikdə qədəm qoyacağımıza ümid edirəm”.
FARİZ hazırladı

Oxşar xəbərlər
SON XƏBƏRLƏR