İyunun 18-dən Bolqarıstanda - təlim-məşq toplanışında olan "Səbail" ilk dəfə çıxış edəcəyi Avropa Liqasına hazırlığı başa çatdırıb. Bayıl təmsilçisi bu gün axşam saatlarında Bakıya qayıdacaq. Son mövsümün bürünc medalçısı hazırlığı yoxlama oyunu ilə tamamlayıb. Belə ki, dünən Bansko toplanışı çərçivəsində Şımali Makedoniya təmsilçisi "Makedoniya" ilə görüş baş tutub. Aftandil Hacıyev start heyətində bu futbolçulara şans verib: 85. Daniel Bojinovski, 13. Şəhriyar Rəhimov, 31. Elvin Yunuszadə, 21. Eriko Da Silva, 34. Ürfan Abbasov, 14. Rahid Əmirquliyev, 6. Maykl Essyen, 10. Ağabala Ramazanov, 11. Dilan Duventru, 7. Fəhmin Muradbəyli, 22. Mirabdulla Abbasov.
Elxan Əhmədov, Eltun Yaqublu, Kamal Qurbanov, Ədilxan Qarəhmədov, Orxan Qurbanlı, Ruslan Hacıyev və Elçin Rəhimli ehtiyat oyunçular skamyasında yer alıb ki, Bilal Həmdi, Yevgeni Koçuk və baxışda olan fransalı müdafiəçi Helton dos Reisin "18-liy"ə salınmaması diqqəti çəkir. Öyrəndik ki, Bilalın mikrozədəsi olduğu üçün Aftandil Hacıyev onunla bağlı risk etmək istəməyib. Koçuk isə soyuqlayıb.
Yeri gəlmişkən, "Makedoniya"nın ilk "11-liy"ini də diqqətinizə çatdırırıq: 12. Marko Yovanovski, 2. Rodriges De Araujo, 4. Filip Miçevski, 13. Xristian Pekov, 14. Benjamin Dəmir, 17. Kristian Filipovski, 18. Esmin Lişina, 24. Deyan Tanturovski, 7. Bobi Bojinovski, 10. Robson Da Silva, 11. Alen Yaşarovski.
"Səbail" son oyunu da qolsuz, məğlubiyyətlə başa vurub. Matçın taleyini makedoniyalıların 30-cu dəqiqədə vurduğu yeganə qol həll edib. Beləliklə, Hacıyevin komandası keçirdiyi 4 oyunda qol vurmadan 6-nı buraxdı. Qeyd edək ki, "Səbail" Bolqarıstan toplanışı çərçivəsində buna qədər yerli "Lokomotiv" (Plovdiv) və "Beroe"yə müvafiq olaraq 0:1 və 0:4 hesabı ilə məğlub olmuş, Rumıniya təmsilçisi "Klinçeni" ilə qolsuz bərabərə qalmışdı.
"Dənizçilər"ın Avroliqadakı rəqibi "Universitatya" da dünən sınaq matçı keçirib. Krayovalılar Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində Macarıstan "Ferentsvaroş"u ilə qarşılaşıb və darmadağınla üzləşib. İlk yarısı 0:1 bitən oyunda "tələbələr" fasilədən sonra qapısında daha 3 top görüb. Beləliklə, 4 cavabsız qolla məğlub olan "Universitatya" bu gün növbəti - sonuncu oyununa çıxacaq. Budəfəki rəqib Polşanın "Legiya" klubudu. Bugünkü oyunu "Səbail"ın məşqçisi də izləyəcək. Belə ki, Aftandil Hacıyev makedoniyalı köməkçisi Toni Boqdanovskini Avstriyaya yollayıb. Niyə Boqdanovski? Onun Şengen vizasıyla bağlı problemi yoxdu, Avropa ölkələrinə rahat giriş-çıxışı var. İyunun 30-da Banskonu tərk edən Toni Bakıya qayıdandan sonra rəqibin son durumu haqda baş məşqçiyə məlumat verəcək və beliklə, məşqçi korpusu rumıniyalıları detallı təhlil edəcək.
MİRAĞA