Sizin reklam burada

“Şahdağ” birinci diviziona can atır

Title

Əlibabayev: “İstənilən an 250 min manatlıq təminatı Lisenziyalaşdırma komissiyasına təqdim etməyə hazırıq”
İki il ardıcıl Region Liqasında çıxış edən, ötən mövsüm finalda “Uğur”a uduzmaqla ikinci yeri tutan “Şahdağ” yeni mövsümdən birinci divizionda iştirak etmək istəyir. Bu haqda bilgini Qusar təmsilçisinin baş məşqçisi Kamran Əlibabayevdən aldıq. Baş məşqçi bizimlə söhbətdə rəhbərlik etdiyi komandanın aşağı dəstədə iştirak etməyə hazır olduğunu bildirdi: “Biz hələ ötən mövsüm birinci divizionda iştirak etmək istəyirdik. Ancaq AFFA-dan bizə deyildi ki, bir mövsüm də Region Liqasında mübarizə apardıqdan sonra bu məsələyə baxıla bilər. Assosiasiya rəsmilərinin dediklərinə əməl edib başa çatan “futbol ili”ndə də həvəskar status daşıyan liqada çıxış etdik. Özünüz də mövsümboyu gördüz ki, “Şahdağ”ın heyətində nəinki birinci dəstə, hətta elita təcrübəsi olan futbolçular çıxış edir. Klubun nəzdində 4 yaş qrupu fəaliyyət göstərir və onların hamısı AFFA-nın bayrağı altında təşkil olunan çempionatlarda çıxış edirlər. Əsasnaməyə görə birinci divizionda çıxış etmək üçün 4 yaş qrupunun olması yetərlidi. Onu da qeyd edim ki, bütün yaş qruplarımız forma, idman geyimi, inventarla təmin olunub. Yəni bəzilərində olduğu kimi, bizdə uşaq futbolu kağız üzərində fəaliyyət göstərmir. Qusarda 1956-cı ildən futbol var. Bölgə təmsilçisi geridə qalan illər ərzində müxtəlif adlar altında fəaliyyət göstərsə də, əsas odu ki, qusarlılar heç vaxr futbola ögey münasibət göstərməyiblər. Müstəqillik illərində “Şahdağ” həm elitada, həm də birinci divizionda çıxış edib. Klubun neçə-neçə yetirməsi ölkənin aparıcı klublarının şərəfini qoruyub və qorumaqdadı. Ölkənin əsas komandasında da “Şahdağ”ın “şinelindən çıxan” futbolçular oynayıb. Bu üzdən bütün qusarlılar “Şahdağ”ı yenidən peşəkar liqada görmək istəyirlər”.
Əlibabayev birinci divizionda iştirak etmək üçün tələb olunan şərtləri yerinə yetirmək iqtidarında olduqlarını da bildirdi: “Artıq neçə illərdi ki, klubun əsas sponsoru AZENCO şirkətidi. Şirkət rəhbərliyi istər birinci dəstədə, istərsə də Region Liqasında daim bizə dəstək olub, xərclərimizi qarşılayıb. Aşağı dəstədə çıxış etmək üçün əsas tələb AFFA-ya bank təminatını təqdim etməkdi ki, bu məsələ də sponsor tərəfindən həll olunub. İstənilən an 250 min manatlıq təminatı Lisenziyalaşdırma komissiyasına təqdim etməyə hazırıq. Ümid edirəm ki, tarixi ənənələrə malik Qusar futbolunun, nəhayət, yeni mövsümdə peşəkar liqada təmsilçisi olacaq. Bizim azarkeşlər həmişə öz fəallıqları ilə seçiliblər, onlar daim komandanın yanında olublar. Region Liqasının finalında onların tribunadan komandaya verdiyi dəstəyi bütün media işıqlandırdı, AFFA rəhbərliyi də əyanı şahidi oldu. Bu onu göstərir ki, bölgəmizdə futbolu çox sevirlər”.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.