Zeynal Zeynalov qrupdan çıxacaqlarına inanır
Çimərlik futbolu yığmamızın dünya çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib. Komandamız İspaniya, Ukrayna və Latviya ilə D qrupunda mübarizə aparacaq. Oyunlar iyulun 19-dan 27-dək Rusiyanın paytaxtı Moskvada keçiriləcək. Buna qədər isə çimərlik futbolu yığmamızı Avropa Liqasında (Euro Beach Soccer League) çətin mübarizə gözləyir. İyulun 3-dən 8-dək Portuqaliyanın Nazare şəhərində təşkil olunacaq turnirdə iştirak edəcək Zeynal Zeynalovun yetirmələri ilk görüşünü ayın 5-də Rusiyaya qarşı keçirəcək. Ertəsi gün İspaniya ilə üz-üzə gələcək yığmamız ayın 7-də Türkiyə ilə qarşılaşacaq. Milli yarışa 12 futbolçu ilə yollanacaq: Vaqif Şirinbəyov, Elçin Qasımov, Comərd Baxşəliyev, İlkin Hacıyev, Amid Nəzərov, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev, Elşad Manafov, Rüfət Məmmədov, Sabir Allahquliyev, Ruslan Poladov.
Səfər ərəfəsində olan yığmanın baş məşqçisi Zeynal Zeynalov qəzetimizə verdiyi açıqlamada həm DÇ-nin püşkatmasını dəyərləndirdi, həm də Avropa Liqasına hazırlıqla bağlı danışdı: “İyulun 2-dən 3-nə keçən gecə Portuqaliyaya yola düşəcəyik. Avropa Liqasında Rusiya, İspaniya və Türkiyə ilə mübarizə aparacağıq. Aralarında zəif rəqib yoxdu. Avropanın ən yaxşı komandaları bəxtimizə düşüb. Düzdü, İspaniyanı favorit hesab etmək olar. Ancaq ümumilikdə bərabər mübarizəyə şahidlik edəcəyik. Çalışacağıq ki, yaxşı nəticə ilə dönək. Yəni təkcə yaxşı oyunla kifayətlənmək fikrimiz yoxdu. Hər xal yeni reytinq deməkdi. Reytinqimizi mümkün qədər yaxşılaşdırmalıyıq ki, pillə-pillə irəli gedək. Çətin olacaq, ancaq əlimizdən gələni edəcəyik. Qrupdan iki komanda çıxacaq. Çalışacağıq ki, o iki komandadan biri biz olaq. Necə alınacaq, bunu zaman göstərəcək. Turnirə optimal heyətlə gedirik. Düzdü, iki nəfərin sənədlə bağlı problemi var idi. Ancaq deyərdim ki, ən yaxşılarla səfərə çıxırıq.
O ki qaldı DÇ-nin püşkatmasına, orda da ən çətin qrup bizimkidi. İspaniya ilə iki həftə ərzində iki dəfə üzləşəcəyik. Bundan başqa, Ukrayna və Latviyayla da mübarizə aparacağıq. DÇ-də də əsas məqsəd qrupdan çıxmaqdı. Bunu bacaracağımıza inanıram”.
MİRAĞA