Sənan Qurbanov: “Gənc oyunçuların istəkli olması sevindiricidi”
Samir Abasov: “Komanda gözlədiyimizdən də yaxşı vəziyyətdədi”
İyunun 17-də eyniadlı bölgədə təlim-məşq toplanışına start verən “Qəbələ” hazırlığın ilk mərhələsini yoxlama görüşü ilə başa vurub. Sənan Qurbanovun baş məşqçisi olduğu “qırmızı-qaralar” srağagün “Zirə” ilə qarşılaşıb. Zirə İdman Kompleksində keçirilən görüşə şimallılar bu heyətlə çıxıb: Anar Nəzirov, Amin Seydiyev, Murad Musayev, Sadiq Quliyev, Yusif Nəbiyev, Kamal Mirzəyev, Qismət Alıyev, Fernan Lopes, Rövlan Muradov, Roman Hüseynov, Ülvi İsgəndərli.
Matçda erkən qol qeydə alınıb. Murad Musayevin avtoqolu ilə meydan sahibləri hesabda önə keçib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk yarısında hesab dəyişməyib. Fasilədən sonra “qırmızı-qaralar”ın heyətində Elməddin Sultanov, Rüstəm Nuruyev, İdris İnqilablı, Veysəl Rzayev, Xəyal Muradov, Vüsal Məsimov, Abbas Ağazadə, Əli Sadıxov və Faiq Hacıyev meydana çıxıblar. İkinci hissənin əvvəlində “Qəbələ” bərabərlik qoluna imza atıb. “Zirə”nin qapısına qol vuran Murad Musayev hesaba tarazlıq gətirib – 1:1. Qalan dəqiqələrdə tərəflərin cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.
Qarşılaşma başa çatandan sonra hər iki komandanın baş məşqçisi oyunla bağlı fikirlərini açıqlayıblar. Yeri gəlmişkən onu da qeyd edək ki, “qartallar”la görüşdə David Volkov iştirak etməyib. Gürcü legionerin babası dünyasını dəyişdiyindən yarımmüdafiəçi hüzr mərasimində iştirak etmək üçün vətəninə yollanıb. Volkov iyunun 3-də komandaya qoşulacaq.
Sənan Qurbanov: “Yaxşı qarşılaşma oldu. İyunun 17-də başlayan hazırlığın sonunda ciddi rəqibə, premyer-liqa klubuna qarşı yoxlama oyunu keçirdik. Bunadək ikihəftəlik normal hazırlıq prosesini arxada qoymuşduq. Bu görüş bizim üçün yaxşı material, futbolçular üçün yaxşı məşq oldu. Oyunçuların meydanda hərəkətli olmasını bəyəndim. Ümumiyyətlə, oyundan razı qaldım. “Qəbələ” Futbol Akademiyasının bəzi yetirmələri ilk dəfə elita təmsilçisinə qarşı mübarizə apardılar. Bu üzdən bəzilərində müəyyən qədər həyəcan var idi. Lakin onların potensialını bilirik. Gözümüzün önündə yetişiblər. Onlara inanmaq, şans vermək istəyirik. Daha çox məşq etməli, öz üzərlərində çalışmalıdılar ki, əsas heyət oyunçusuna çevrilsinlər. Onlar zamanla daha yaxşıya doğru irəliləyəcəklər. Gənc oyunçuların istəkli olması sevindiricidi. Yeni legioner axtarışımız davam edir. Bir mərkəz müdafiəçisi və bir mərkəz hücumçusu bizə Boluda qoşulmalıdı. Bununla da altı legionerimiz olacaq. Yeni tramsferimiz olan Fernan Lopesi əvvəlcədən ilk hissədən sonra əvəzləməyi düşünmüşdüm. Çünki üçhəftəlik istirahətdən sonra bizimlə cəmi 5 məşqə çıxıb. Belə olan halda 45 dəqiqə oynaması normaldı. Onun potensialına inanırıq, Sürətli, cəld futbolçudu. Gələcəkdə daha yaxşı olacağını gözləyirik. Onu potensialına inanıb almışıq. Kapitan sarğısını kimə verəcəyimizə gəlincə, hazırda iki təcrübəli futbolçumuz qalıb ki, bunlar qapıçı Anar Nəzirovla müdafiəçi Rasim Ramaldanovdu. Kapitanlığı bu iki futbolçu arasında bölüşdürəcəyik. "Zirə" ilə bugünkü yoxlama matçında komandanı kapitan kimi meydana Anar çıxardı. O, əsas kapitanımız, Rasim isə vitse-kapitanımız olacaq. Hər iki futbolçunun əvvəllər kaptanlıq təcrübəsi olub".
Samir Abasov: “Komanda gözlədiyimizdən də yaxşı vəziyyətdədi. Təkcə bu oyuna görə yox, ümumiyyətlə, hazırlığın geridə qalan müddətinə əsasən deyirəm. Sanki onlar üçün mövsüm bitməyib. Meydanda çox hərəkətli idilər. Bu hələ ilk oyunumuz idi. Qarşıdakı görüşlərdə rotasiya da edəcəyik. Bolu toplanışında da çalışacağıq ki, komanda tam istədiyimiz vəziyyətdə olsun”.
RƏŞAD