İyulun 6-da 50 yaşını qeyd edəcəkdi
O təkcə PFL prezidenti Ramin Musayevin yaxın qohumu və idmançıların yaxın dostu deyildi. O həm də hamımızın sevimlisi, qardaş dediyimiz insan idi. Sadəliyi, mehribanlığı, böyüklə böyük, uşaqla uşaq olmaq özəlliyi, futbola can yandırması, hər imkanda idmançıların yanında olması sevdirmişdi onu. “Montin”də yetişən futbolçu, boksçu, cüdoçu, güləşçi, qaydasız döyüşçü – hamı ona “dayı” deyə müraciət edərdi. Biz jurnalistlər isə onu öz adıyla – Əhməd deyil, Axmed çağırardıq.
Futbol ictimaiyyətinə yaxşı tanış olan Əhməd Nəbizadə heç kimin gözləmədiyi halda iyunun 29-dan 30-na keçən gecə gözlərini əbədi yumdu. Xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq, dost-tanış məclislərində iştirak edər, gözünün ağı-qarası olan oğlu ilə hər yeri gəzərdi. Xəstəliyindən danışmazdı, hiss etdirməzdi. Aciz, zəif görünməyi sevmirdi çünki. Daim idmançıların ətrafından olan adam xəstəliyini etiraf edə bilməzdi. Səhər oyanmaq ümidi ilə yatdı, ürəyi dayandı, səhəri bizimlə aça bilmədi.
Dünən gün ərzində “feysbuk”dakı əksər statuslar ona həsr olunmuşdu. Jurnalistlər, idmançılar, tanınmış futbolçular – hamı, hamı, hamı onun ölümündən yazırdı. Ötən həftə oğlu ilə İsmayıllıya səfər edən, ölümündən bir neçə saat əvvəl “feysbuk”dakı səhifəsində şəxsi avtomobilində oğlu ilə şəkil paylaşan Əhməd ad gününə hazırlaşırdı. İyulun 6-da ad günü olacaqdı və yubileyini dost-tanışının əhatəsində təm-təraqla qeyd etməyi düşünürdü. Qismət olmadı.
İndi onun ölümünə üzülən futboldakı ən yaxın dostları Mahir Şükürov, Elnur Allahverdiyev, Nizami Hacıyev və Emin Quliyev deyil. Vaxtilə ölkəmizdə çalışmış və top dalınca qaçmış əcnəbilər də rəhmətliyin xətrini dünyalar qədər istəyirdi. Vlastimil Petrjela “Neftçi”nin baş məşqçisi olanda Əhməd onun sürücüsü işləyirdi. Olduqca yaxın münasibətləri vardı. “Axmedin yanında baş kəs, orda qalar” – buna bənzər ifadəni bəndənizlə söhbətdə Petrjela özü dilinə gətirmişdi. Aleksandr Çertoqanovla isə sanki doğma qardaş idilər. Günün böyük hissəsini birlikdə keçirər, bir-birinə doğru yol göstərərdilər. Berti Foqts yığmadakı son dönəmlərində Çertoqanovu milliyə dəvət etməyəndə Əhməd üsyan edirdi. Hər söhbətimizdə dostuna qarşı haqsızlıq edildiyini deyir, bunu qəzet səhifəsində işıqlandırmağımızı xahiş edirdi.
Rəhmətlik sirr dəryası idi. Bir çox tanınmış idmançıların bizə məlum olmayan gizli həyatından və pis mənada başlarına gələnlərdən xəbərdar idi. Elələrindən birinə əsəbləşəndə “ağzımı açmasın, kim bilməsə də, mən hər şeyi bilirəm” şəklində mesaj göndərər, amma “kartları açmazdı”. Hulğumu dəmirdən idi sanki.
Ən böyük arzusu isə Elxan Məmmədovun AFFA-dan ayrılacağı günü görmək idi. Futbolla bağlı söz düşəndə ancaq və ancaq bu istəyini dilə gətirib, əllərini göyə açardı.
Dünən “Nərimanov”da - Daxili Qoşunların hospitalının yanındakı beşmərtəbəli binanın həyətində qələbəlik idi. Dostları, qohumları, yaxınları məhəllədəki çadırın əhatəsinə yığışmışdı. Heç kim Əhmədin ölümünə inana bilmirdi, inanmaq istəmirdi. Elə buna görə də böyük əksəriyyət çadırın içinə girib rəhmətliyin halvasından dadmaqdan imtina edirdi.
Futbol ictimaiyyəti daha bir sevimlisini itirdi. Əhməd özünə canı qədər əziz olan balasını yetim qoyub haqq dünyasına qovuşdu. Nə vaxtsa hamımızın gedəcəyi yerə vaxtından əvvəl getdi. Allah sənə rəhmət eləsin, Axmed! Adamı görəndə gözündəki eynəyi çıxarıb, sonra da bağrına basıb, öz şirin ləhcəndə “kak dela, brat” deməyini hər dəfə söz səndən düşəndə xatırlayacam...
HƏBİB