“Qarabağ”a “hə” deyib, özünə başqa klub axtarır
“Qarabağ”ın sol cinahındakı boşluq özünü göstərməkdədi. Maksim Medvedevlə Abbas Hüseynovun cinahlarda oynamaq bacarığı olsa da, Çempionlar Liqasında onların ümidinə qalmaq olmaz. Mütləq sol ayağı işlək birinə ehtiyac var.
Əslində Vild-Donald Geryenin məsələsi qapanmayıb. Qurban Qurbanov onu sərəncamında görmək istəyir, futbolçu özü də karyerasını “Qarabağ”da davam etdirməkdə maraqlıdı. Hətta tərəflərin ortaq məxrəcə gəldiyini də demişdik. Lakin ortada rəsmi müqavilə yoxdusa, Geryeyə güvənmək mənasızdı. Ağdamlılara “hə” deyən haitili tanış agentləri vasitəsilə özünə daha əlverişli maaş şərtləri ilə klub tapmağa çalışır. Bununla həm “Qarabağ”dakı qiymətini qaldırmaq niyyəti güdür, həm də “bəd ayaqda” ora getməyə can atacaq. Qısası, Geryenin karyerasını “Qarabağ”da davam etdirəcəyinə ümid etmək risklidi. Ona görə də məşqçilər heyəti başqa namizədləri gözdən keçirir.
Gerye demişkən, 30 yaşlı futbolçu artıq xeyli vaxtdı vətənindədi. Səbəb isə istirahət yox, yığmasının keçirdiyi oyunlardı. Belə ki, KONKAKAF-ın Qızıl Kubokunun 1/4 finalında Haiti Kanada ilə üz-üzə gəlib. Kanada millisi fasiləyə iki top fərqi ilə üstün yollansa da, ikinci yarını izləyənlər əsl şok yaşayıb. Belə ki, Haiti rəqib qapısından 3 top keçirməklə möhtəşəm geridönüşə imza atıb. Gerye isə matçın unudulmaz adamına çevrilib. Məhz onun 76-cı dəqiqədə Kanadanın qapısından keçirdiyi top oyunda həlledici olub. İlk dəqiqədən meydanda olan “7 nömrə” 83-cü dəqiqədə əvəzlənib. Yeri gəlmişkən, Vild-Donald bu oyunda sağ cinah yarımmüdafiəçisi kimi mübarizə aparıb.
HƏBİB