Şənbə günü “Krılya Sovetov” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində iki yoxlama oyunu keçirib. Samara təmsilçisi səhər saatlarında Çexiya “Banik”i ilə üz-üzə gəlib. Ramil Şeydayevin formasını geydiyi Rusiya klubu minimal hesabla (0:1) uduzub. Baş məşqçi Ramilə 30-cu dəqiqədə şans verib. Axşam saatlarında baş tutan sınaq görüşündə isə “Krılya Sovetov”un rəqibi Xorvatiya “Hayduk”u (Split) olub. Samaralılar bu dəfə də bir top fərqi ilə məğlub olub - 1:2. Şeydayev xorvatlara qarşı da mübarizə aparıb. Ancaq millinin forvardı bu dəfə 60-cı dəqiqəsində meydana çıxıb.
Yığma üzvlərindən Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” isə Hollandiyada təlim-məşq toplanışını davam etdirir. Ukrayna təmsilçisi hazırlıq çərçivəsində üçüncü yoxlama oyununu keçirib. Sözügedən kollektiv yerli “Alkmaar”la matçda qüvvəsini sınayıb. “Aleksandriya” 3 cavabsız qolla qalib gəlib. Paşayev əvvəlki yoxlama oyunlarından fərqli bu görüşün iştirakçısı olmayıb. Ukraynalılar daha öncəki sınaq matçlarında “Yurdingen-05”-ə (Almaniya) uduzmuş (3:4), “Anderlext”ə (Belçika) isə qalib gəlmişdi (2:1).
Yığma üzvü Dmitri Nazarov da yoxlama oyununda meydana çıxıb. Onun formasının geydiyi “Ertsgebirge” “Enerji”ni 3:2 hesabıyla məğlub edib. Dmitri meydana ikinci hissədə çıxıb.
Dünən Qazaxıstan çempionatında 16-cı turun oyunları keçirilib. Emil Balayevin qapısını qoruduğu “Tobol” səfərdə “Jetısu”nu məğlub edib – 1:0. Həmyerlimiz oyunu əvəzlənmədən keçirib. “Tobol”un çempionluq yolundakı əsas rəqibi “Astana” isə evdə “Almatı”nın müqavimətini qıra bilməyib – 0:0. Bu turdan sonra “Tobol” 38 xalla 1-ci, “Astana” isə 36 xalla 2-ci yerdə qərarlaşıb. “Astana”nın “Tobol”dan iki oyun artıq keçirdiyini də xatırladaq.
FARİZ