“Neftçi”nin Avroliqanın 1-ci təsnifat mərhələsindəki rəqibi “Sperantsa” hazırda davam edən Moldova çempionatında növbəti matçını keçirib. Srağagün baş tutan qarşılaşmada sözügedən komanda 15-ci tur çərçivəsində səfərdə lider “Şerif”lə münasibətlərinə aydınlıq gətirib. “Sperantsa” 17, 28 və 51-ci dəqiqələrdə buraxdığı qollarla darmadağın (0:3) olub. “Şerif” iki dəfə standart vəziyyətdən sonra, bir dəfə isə əks-hücum zamanı fərlqənib. Bu məğlubiyyət “Neftçi”nin rəqibinin turnir cədvəlindəki mövqeyinə də təsirsiz ötüşməyib. “Sperantsa” bir pillə geriləyərək hazırda 19 xalla 8 komanda arasında 6-cı yerdədi. Nispoerni təmsilçisi ölkə çempionatında növbəti matçını iyulun 4-də “Sfıntul George”yə qarşı keçirəcək.
Yeri gəlmişkən, "Sperantsa"nın Moldova kubokunun 1/8 final mərhələsi çərçivəsində cavab görüşünün vaxtı dəyişdirilib. Moldova Futbol Federasiyası nisporenililərin Drokiyanı təmsil edən adaşı ilə iyulun 6-da keçrilməli olan matçının tarixini bir gün öncəyə çəkib. Bu da komandanın avrokuboklara - "Neftçi"ylə ilk görüşə daha yaxşı hazırlaşmaq üçün vaxtının çox olmasına görə edilib. "Sperantsa" ilə təmsilçimizin duelinin iyulun 11-də Kişinyovda reallşacağını bilirsiz. Xatırladaq ki, "ağ-qaralar"ın rəqibi kubokda ilk qarşılaşmasında 6:1 hesablı qələbə qazandığından, cavab görüşü formal xarakter daşıyır. "Sperantsa"nın həmin oyunda böyük güc sərf edəcəyi, ümumiyyətlə, əsas heyətlə oynayacağı inandırıcı görünmür.
FARİZ