"Neftçi"nin "Sperantsa" ilə səfər oyununun yayını hələ də sual altındadı. Məlum olduğu kimi, Moldova klubunun rəhbərliyi yayın hüququnu 15 min avroya satır. Bu da bizim telekanalların dərhal razılaşacağı məbləğ deyil. Çünki 15 min avro ilə iş bitmir. Bu pulu ödəyən kanal ya öz çəkiliş qrupunu Kişinyova göndərməli, ya da ordakı telekanallardan birindən bunu istəməlidi. Hər iki halda əlavə xərc tələb olunur.
Həm "CBC Sport"un, həm də "İdman Azərbaycan"ın bu yöndə çalışdığını, danışıq apardığını ötən sayımızda xəbər vermişdik. Ancaq burda maraqlı bir məqam var. Tutaq ki, dövlət telekanalı yayın hüququnu aldı və səfər matçını göstərdi. Bəs onda evdəki qarşılaşmanı kim nümayiş etdirəcək? Düzdü, Bakıdakı matçı "CBC Sport"un göstərəcəyi deyilir. Lakin "İdman Azərbaycan" o qədər xərc çəkdikdən sonra havayı başa gələn ev matçının "CBC Sport"a həvalə olunacağı bir qədər qəribə görünür. Görəsən, Kişinyovdakı görüşü dövlət kanalı yayınlasa, Bakıdakı matçın da onlara həvalə olunacağı ehtimalı var? "Neftçi"nin Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyevi dinləyək: "Biz Avroliqadakı oyunlarımızın yayın hüququnu "CBC Sport"a vermişik. Onlar bizə rəsmi olaraq müraciət etdilər ki, yayınlamaq istəyirik. Biz də müsbət cavabladıq. Artıq yayınla bağlı danışıqları onlar aparır. "İdman Azərbaycan"ın yayın hüququnu almaq üçün hər hansı danışıq aparmasından xəbərimiz yoxdu. Ev oyunumuz "CBC Sport" tərəfindən çəkiləcək və hara lazımdısa, paylaşılacaq".
FARİZ