Ya yeni ofisdə, ya da “Bakcell Arena”da
Son günlər “Neftçi”nin “Sperantsa” ilə səfər oyununun göstərilib-göstərilməməsi ilə bağlı mövcud olan qeyri-müəyyənlik başqa bir məsələni xatırlatdı. Söhbət “ağ-qaralar”ın televiziyasının fəaliyyətə başlaması ideyasından gedir. Yadınızdadısa, hələ dekabrda paytaxt klubunun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev Türkiyəyə - “Fənərbaxça”nın düşərgəsinə yollanmışdı. Onun qardaş ölkəyə səfərinin məqsədi “Fənərbaçxa” TV-də işlərin necə, hansı səviyyədə qurulması ilə yaxından tanış olmaq idi. Həmin vaxt Allahverdiyev “Neftçi” TV-nin nə vaxt fəaliyyətə başlayacağı ilə bağlı sualımıza belə cavab vermişdi: “Bu yöndə işlər gedir. Ancaq yayının nə vaxt start götürəcəyini konkret deyə bilmərəm. Amma yaxın zamanda başlamaq istəyirik. Bunun üçün də işlər gedir. Avadanlıqların alınması və başqa proseslər davam edir. Ən yaxın zamanda “Neftçi” TV fəaliyyətə başlayacaq”.
Təbii, aradan keçən 6 ay müddətində klub televiziyası fəaliyyətə başlasaydı, indi “Neftçi” öz kanalında istənilən oyununu rahat şəkildə yayınlayacaqdı. Özü də sayt yox, televiziya yayını şəklində. Bu ikisi arasında ciddi fərqin olduğunu izah etmək artıqdı. Maraqlıdı, klub televiziyası ideyası artıq aktuallığını itirib? Yaxın zaman deyilmişdisə, proses niyə bu qədər yubandı? Allahverdiyevi dinləyək: “O ideya ləğv olunmayıb. Proses davam edir. Demək olar, bir çox avadanlıqlar, kameralar alınıb. Sadəcə, onun texniki cəhətdən qurulması məsələsi var. Əslində bu məsələ ona görə gecikdi ki, biz həmin avadanlıqları yeni inşa edilən bazamızda quraq. Bazada işlərin ləng getməsi planlarımıza təsir etdi. Yəqin ki, artıq sentyabrda işlərə başlayacağıq. Əvvəlcə “yutub” üzərindən yayınlara start verəcəyik. Videolar, xəbərlər, müxtəlif proqramlar hazırlanacaq. Son vaxtlar hazırladığımız proqramların əksəriyyəti “Neftçi” TV üçün nəzərdə tutulmuş proqramların bir başlanğıcı idi. Akademiyadan üzə çıxan futbolçular, “Neftçi”nin yetirməsi olan oyunçular haqda hazırlanan reportajları, “Unudulmaz “Neftçi”lilər” layihəsini qeyd edərdim. Yeni mövsümdən akademiyadakı oyunların canlı göstərilməsi məsələsinə başlanılacaq. Oyundan öncə, fasilədə və final fitindən sonra müxtəlif verilişlər olacaq. Qonaqlar iştirak edəcək, oyunu təhlil edəcəklər, fikirlərini bildirəcəklər. Bir sözlə, televiziya layihəsi ölməyib. Sadəcə, kanalın qurulacağı məkan məsələsi var. Hazırda məskunlaşdığımız bazada bunu edə bilmirik. Düşünürdük ki, yeni baza hazır olar və orda qurarıq. Ancaq orda da proses gecikdiyi üçün artıq qərar vermişik - ya yeni ofis tutaq, ya da “Bakcell Arena”da bunu reallaşdıraq. Hazırda Avroliqaya görə rəhbərliyin başı bir qədər qarışıqdı. Fürsət yaranan kimi bu məsələyə qaydacağıq”.
FARİZ