Səyavuş Əliyev: “Məbləğ normaldan artıqdı”
Artıq neçə gündü ki, “Sperantsa” – “Neftçi” matçının yayınlanıb-yayınlanmayacağı müzakirə olunur. Öncə onu qeyd edək ki, qarşılaşma Moldovada göstərilməyəcək. Həm Nisporeni təmsilçisi, həm də Moldova telekanalları oyunu ekranlara daşımaqda maraqlı deyillər. Halbuki bu ölkədə hansısa kanal matçı göstərsəydi, məsələ daha rahat şəkildə həll olunardı. Bizimkilər həmin telekanalla danışıq aparar, çox güman, müsbət cavab alardılar. Ancaq indi vəziyyət fərqlidi. Moldova kanallarından heç biri “Sperantsa”nın oyununu göstərməyə maraq göstərmir. Klubun prezidenti Petru Efros isə yayın hüququnun satış qiyməti kimi 15 min avro müəyyənləşdirib. Fərqi yoxdu, televiziya və ya internet saytı olsun, kim iyulun 11-də “Zimbru” stadionununda kamera yerləşdirmək istəsə, göstərilən məbləği verməlidi.
Ötən sayımızda Efrosun açıqlamasını diqqətinizə çatdırmışdıq. Menecer-prezident ələ düşən fürsəti dəyərləndirmək, avrokubokdakı debüt matçından qazancla ayrılmaq niyyətindədi. Bu üzdən “iki ayağını bir başmağa dirəyib” ki, ya 15 min avronu ödəyin, ya da yayın hüququnu satmayacam. Son anda Efrosun məbləğlə bağlı hansısa güzəştə gedib-getməyəcəyini zaman göstərəcək. Ancaq o, açıqlamasında bunun yekun qiymət olduğunu, yaxın duran olmasa belə, fikrindən dönməyəcəyini bildirib. Görünür, bizimkilərin oyunu göstərməyə maraq göstərməsi də “Sperantsa”nın prezidentini az şirnikləndirməyib.
Deməli, hansısa telekanal – “CBC Sport” və ya “İdman Azərbaycan” oyunu göstərmək üçün əvvəlcə 15 min avronu verməli, daha sonra ya Kişinyova STS (Səyyar Televiziya Stansiyası) göndərməli, ya da ordakı telekanallardan birindən çəkiliş aparmasını istəməlidi. Təbii, hər ikisi əlavə, heç də az olmayan vəsait tələb edir. Hər nə qədər peşəkarlıq bunun əksini tələb etsə də, məsələyə Azərbaycan reallığı ilə də yanaşmaq mümkündü. Yəni “Neftçi” hansısa telekanalla birgə məbləği yarıya bölə bilər. Ən pis halda isə “ağ-qaralar” yayın hüququnu özü alar və klubun “yutub” kanalından oyunu göstərər. Bir sözlə, məsələ düyünə düşüb və sonda bunun fəsadını azərbaycanlı futbolsevərlər çəkməsə, yaxşıdı. Yadınızdadısa, “Qarabağ”la oyun zamanı “Şerif” tərəfi də yayın üçün fantastik məbləğ tələb etmişdi. Bunun qarşılığında bizimkilər geri çəkilmiş, nəticədə səfər matçını izləyə bilməmişdik. Daha doğrusu, televiziya vasitəsilə matça baxmaq mümkün olmadı. Xarici saytlardan birinin ümidinə qalmışdıq ki, onun da hansı effektdə yayın təşkil etdiyini hər kəs yaxşı bilir. Belə deyək, Moldova təmsilçiləri artıq bu cür addımlar atmağa öyrəşiblər. Bu üzdən “Sperantsa” tərəfinin tələbi o qədər də təəccüblü görünmədi.
Dünən məsələ ilə bağlı həm “CBC Sport”dan, həm də “İdman Azərbaycan”dan münasibət öyrənmək qərarına gəldik. Görəsən, onlar bu məsələ ilə bağlı hansı addımları atmaq niyyətindədilər? İki telekanaldan biri “Sperantsa” – “Neftçi” oyununu yayınlayacaq? Danışıqlar gedir? Proses hansı mərhələdədi?
Şəmsəddin Abbasov (“CBC Sport”un baş redaktoru): “Nəticə hələ bilinmir. Danışıqlar gedir. İndiki vəziyyətdə başqa bir şey deyə bilməyəcəm. Bu istiqamətdə çalışırıq”.
Səyavuş Əliyev (“İdman Azərbaycan”ın direktor müavini): “Bu yöndə iş görürük. Ancaq nə iş gördüyümüzü açıqlaya bilmərik. İstənilən Azərbaycan komandasının, idmançısının yarışını yayınlanmağa çalışırıq. Bizim üçün fərq etmir. Lakin dediyim kimi, apardığımız işləri açıqlaya bilmərik. Vallah, sözügedən məbləğ və bazarın qiyməti haqda nəsə deyə bilmirəm. Amma klub prezidenti istənilən məbləği deyə bilər. Hər şeyin öz qiyməti var. Məncə, normaldan artıqdı. Oyunun “İdman Azərbaycan”da yayınlanmaq ehtimalı var? Bəli”.
Sonda “Neftçi”nin Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə də əlaqə saxladıq. Öyrəndik ki, klub “yutub” kanalı vasitəsilə oyunu göstərmək istəsə, 15 min avrodan başqa əlavə xərci çıxmayacaq. Ancaq belədə tutaq ki, 40-50 min tamaşaçının eyni zamanda internet səhifəsinə girişi zamanı serverin dözüb-dözməyəcəyi sual altındadı.
FARİZ