Ayxan Abbasova ispan köməkçi gətirildi
Təxminən 35 günlük istirahətin ardından “Sumqayıt” yenidən bir araya gəldi. Srağagün “kimyaçılar” “Kapital Bank Arena”nın ehtiyat meydanında mövsümlərarası fasilədə ilk məşqə çıxdı. 1 saat çəkən hazırlıq prosesində futbolçular əsasən yüngül fiziki təmrinləri yerinə yetirməklə yadda qaldılar. Baş məşqçi Ayxan Abbasovun istəyi ilə əvəzedicilərin 5 oyunçusu da əsas komandanın məşqində iştirak edirdi.
Qeyd edək ki, “ağ-göylər”in təlim-məşq toplanışının ilk mərhələsi Sumqayıtda keçiriləcək və iyunun 16-dək davam edəcək. Bu müddətdə sumqayıtlılar iki yoxlama görüşü keçirməyi planlaşdırır. İyulun 5-də “Keşlə” ilə üz-üzə gələcək sumqayıtlılar 13-də “Sabah”la qarşılaşacaq. Toplanışın ikinci mərhələsi isə Türkiyəyə olacaq. İyulun 18-də “gənclik şəhəri”nin təmsilçisi qardaş ölkəyə yollanacaq.
Mövsümlərrarası fasilədə düşərgəyə yeni futbolçular cəlb edən “kimyaçılar” məşqçilər korpusuna da yeni mütəxəssis dəvət edib. İspaniyalı fiziki hazırlıq üzrə məşqçi Edu Karo bundan sonra Ayxan Abbasovun yardımçılarından biri olacaq. Onunla 2020-ci ilin yayına kimi müqavilə imzalanıb. Qeyd edək ki, A kateqoriyasına malik Karo vətənində “Esplugenc”, “Damm”, “Terrassa”, “Gavà” kimi klublarda çalışmaqla yanaşı, ölkə xaricində iş təcrübəsinə də malikdi. O ötən mövsüm Səudiyyə Ərəbistanı “Əl Hilal”ında fiziki hazırlıq üzrə məşqçi olub.