“Klub televiziyası? Dediyim kimi, bütün variantlar saf-çürük olunur”
Ötən sayımızda “Neftçi” – “Sperantsa” oyununun Moldovada yayınlanmayacağını xəbər vermişdik. Bu isə o deməkdi ki, “ağ-qaralar”ın səfər matçının göstərilməsi çox az ehtimal olunur. Çünki “CBC Sport”un burdan Kişinyova STS aparıb matçı çəkəcəyi inandırıcı görünmür. Çünki bu yetərincə böyük xərcdi. Və ya “CBC Sport” ordakı telekanallardan birinə çəkiliş üçün müraciət etsə, heç də az məbləğ “oxumayacaqlar”. Yadınızdadısa, “Qarabağ”ın “Şerif”lə səfər matçında da eyni problem yaşandı. Moldova klubu yayının qarşılığında 50 min dollar istəmişdi. Nəticədə təmsilçimiz bu təklifə isti yanaşmamış, yekunda oyun televiziyada göstərilməmişdi. Azərbaycanlı azarkeşlər yalnız internet yayını vasitəsilə matçı izləmişdi. Bir sözlə, hər dəfə Moldova klubları ilə rəqib olanda, bu problem üzə çıxır.
Maraqlıdı ki, “Sperantsa”nın prezidenti Petru Efros sport24.az saytına açıqlamasında yayın hüququnu “Neftçi”yə satmağın qarşılığında istədikləri məbləği açıqlayıb: "Azərbaycanda "Sperantsa" - "Neftçi" matçını, əlbəttə, canlı yayınla izləyə bilərlər. Bunun üçün indi sizə dediyim, əvvəl də Azərbaycan tərəfinə səsləndirdiyim məbləği ödəmək lazımdı. Bu isə 15 min avro təşkil edir. Həmin məbləğ ödəniləcəyi halda yayın hüququnu sizlərə verə bilərəm. Özəl klubuq, kənardan heç bir əlavə maddi kömək almırıq. Özümüz özümüzü maliyyələşdiririk. Futbol agentiyəm və bu idman növündəki biznesimlə rəhbəri olduğum klubumu saxlamalıyam. Yayını pulsuz edə bilmərəm. Mən də futboldan imkan daxilində qazanmalıyam. Sizinkilər 15 min avroya futbola baxmaq istəmirlərsə, nə edə bilərəm? Üzr istəyirəm, yayın hüququnu elə-belə, pulsuz verə bilmərəm. Reqlament var, yayın məsələsi ilə Moldova Futbol Federasiyası, UEFA ilə məsləhətləşmişəm ki, bu səviyyədə matçların məbləği nə qədərdi. Çünki bizim klub avrokuboklarda ilk dəfə iştirak edir. Bu məbləği havadan götürməmişəm. Sizə açıq deyim ki, daha yüksək məbləğ qoymaq istəyirdim. Ancaq bildim ki, bu, real deyil, ona görə 15 min avro müəyyənləşdirdim. Məbləği demişəm, bu qətidi və cavab gözləyirəm. Qarşı tərəf üçün xərcdi, başa düşürəm. Ancaq futbol biznesdi. Nə edə bilərəm, yayını elə-belə verə bilmərəm axı... Elə vəziyyədə deyiləm ki, yayın hüququnu hədiyyə edim. Azarkeşlərlərinizə böyük hörmətim var. Lakin hər bir şeyin qaydalar çərçivəsi var. Hesab edirəm ki, Azərbaycan tərəfi bu məbləği ödəmək iqtidarındadı".
Efros Moldovanı Avropada təmsil edəcək klubun oyununu yerli telekanalların canlı yayınlamaqda maraqlı olmamasına isə belə izah verib: "Vəziyyəti sizə deyim, oyunumuzu göstərmək üçün təxminən həmin məbləği Moldova telekanalına ödəməliyəm. Axı, bu nəyimə lazımdı? Yeri gəlsə, Avroliqa matçını göstərmək televiziyanın reklamı olmalıdı. Ancaq oyunumuzu göstərmək üçün mən pul ödəməliyəm. Niyə ki? Bizdə insanlar kommunist prinsiplərinə öyrəşiblər. İndi başqa dövrdü, futboldan pul qazanmaq istəyirəm. Telekanallarımız isə oyunum hesabına maddi cəhətdən qabağa düşmək istəyirlər. Pul ödənilməsə, heç bir yayın olmayacaq - nə televiziya, nə də internet. Çünki saytlar da yayın hüququna sahib çıxmaq üçün bu məbləği ödəməlidilər. Sonadək gözləyəcəm, pul ödəyən olmayacaq, yayın da olmayacaq. Olmur, olmasın!".
İndi durum belədi: “Neftçi” azarkeşləri oyunu televiziya vasitəsilə izləmək istəyir. Çox güman, flaqman qiyməti “öldürməyə” çalışacaq. Hətta “Sperantsa” tərəfi məbləğdə güzəştə getsə belə, çətin ki, “CBC Sport” Kişinyova çəkiliş qrupu göndərə və ya ordakı telekanallardan birinə pul ödəyə ki, oyunu onlar üçün çəksinlər. Belə çıxır, “Neftçi” həm 15 min avro verib yayın hüququnu ələ keçirməli, həm də oyunun çəkiliş xərcini üzərinə götürməlidi. Əslində peşəkarlıqdan danışırıqsa, “ağ-qaralar” əlini cibinə salmamalı, heç danışıq da aparmamalıdı. Məsələni telekanallar həll etməlidi. Ancaq Azərbaycan reallığı deyilən gerçəklik məsələnin mahiyyətini dəyişir. Ola bilər, “sonadək gözləyəcəm, pul ödəyən olmayacaq, yayın da olmayacaq” deməsinə rəğmən, “Sperantsa”nın prezidenti son anda məbləğdə güzəştə getdi. Bu hələ ki ehtimaldı. Daha bir variant isə “Neftçi”nin 15 mini verib, öz televiziyası vasitəsilə “Zimbru” stadionundan yayın təşkil etməsidi. Hər halda, heç olmamağındansa, dediyimiz kimi olması da yaxşıdı.
Bütün bunlarla bağlı “Neftçi”nin Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyevin fikirlərini öyrəndik: “Hazırda yayın məsələsi sual altındadı. Müzakirələr davam edir, variantlar axtarılır. Hələ ki yayının olub-olmayacağı bilinmir. Bilirsiz ki, 15 min avro ilə iş bitmir. Həmin məbləğ sırf yayın hüququnu almaq üçündü. Onu ödəməklə yanaşı, çəkilişi də özün etməlisən. Odu ki, müzakirələr gedir, hər şey ölçülüb-biçilir. Klub televiziyası? Dediyim kimi, bütün variantlar saf-çürük olunur. Bu üzdən onunla bağlı dəqiq bir söz deyə bilmərəm”.
FARİZ