Moldova kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. "Neftçi"nin Avroliqadakı rəqibi "Sperantsa" ilk görüşdəcə cütün taleyini, böyük ölçüdə, həll edib. Nisporeni təmsilçisi aşağı liqadan olan adaşı - Drokiya "Sperantsa"sını doğma arenada 6:1 hesabıyla məğlub edib. Elita təmsilçisinin heyətində Felipe Ramires, Dayron Moskera (2), Fabris Ambassa (2) və Maksim Yurku vurub. Bununla "Neftçi"nin rəqibi cavab görüşünü formallaşdırıb və 1/4 finala vəsiqəni, demək olar, təmin edib. Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 6-da keçiriləcək.
Maraq üçün "Sperantsa"nın kubok matçında hansı heyətlə mübarizə apardığına da nəzər yetirdik. Baş məşqçi Kristian Efros “Milsami” ilə çempionat oyununda (0:1) olduğu kimi, yenə də əsas heyət üzvlərinə şans verib.
“Neftçi”nin “Sperantsa” ilə səfər matçının Bakı vaxtı ilə 21.00-da başlayacağını xəbər vermişdik. Xatırladaq ki, sözügedən görüş iyulun 11-də Kişinyovdakı "Zimbru" stadionunda gerçəkləşəcək. Artıq cavab görüşünün də vaxtı bəllidi. Belə ki, iyulun 18-də reallaşacaq “Neftçi” – “Sperantsa” matçı eyni saatda – 21.00-da start götürəcək. Bu qarşılaşmanın "Bakcell Arena"da keçiriləcəyini də qeyd edək.