Marat Salyanski Asiya çempionatından oyunçu seçir
Mayın 17-də 14-cü dəfə ölkə çempionu tituluna yiyələnən “Araz” yenidən qurulur. Yüksək liqa başa çatar-çatmaz Xətai Bağırovla vidalaşan Naxçıvan təmsilçisi bir müddət sonra iranlı Məhəmmədtaha Neyməti ilə də yolları ayırmışdı. Daha doğrusu, müqaviləsinin müddəti bitən Neyməti vətəninə istirahətə yollandıqdan sonra özünə klub tapdı. Qış fasiləsində çempionun heyətinə qoşulan və oyunu ilə qızıl medalların qazanılmasında əsas pay sahiblərindən olan iranlı legioner ölkəsinin iddialı komandalarından “Saniç” ilə anlaşıb. Saveh şəhəri təmsilçisi son mövsümü 5-ci pillədə başa vurub. Buna baxmayaraq, “Araz”ın heyətində daha 4 iranlı qalırdı. Ancaq dünən etibarlı mənbədən öyrəndik ki, Sadiq Cavid, Hüseyn Seyidəbülfəz, Məsud Nəsirzadə və Əli Mikaili də Naxçıvan təmsilçisinin sıralarını tərk edib. Başqa sözlə, komanda legionersiz qalıb.
Məsələyə aydınlıq gətirmək üçün “Araz”ın idman direktoru Marat Salyanski ilə əlaqə saxladıq: “İranlılar hamısı getdi. Özümüz saxlamadıq. Düzdü, Əlinin məsələsi hələ açıq qalır. Onunla məsələyə nöqtə qoyulmayıb. Mümkündü ki, yeni anlaşma imzalansın. Amma bu, yeni transferlərin səviyyəsindən asılıdı. Açığı, Tahanın da qalmasında maraqlıydıq. Ancaq o, vətəninə yollanan kimi özünə klub tapdı. Bura qayıtmaqda maraqlı deyildi. Taha normal hücumçu idi. Ümumilikdə isə baş məşqçi Joze Alesio da Silva legionerlərin səviyyəsindən razı deyil. O, daha səviyyəli futzalçıların gətirilməsini istəyir”.
Yoxsa braziliyalı mütəxəssis cənub qonşularımızı yenə həmyerliləri ilə əvəz etmək, Cənubi Amerikadan futzalçı gətirmək istəyir? Salyanski bunu təkzib etməsə də, ilk növbədə yenə İran bazarına üz tutduqlarını açıqladı. Sən demə, klub rəsmisi bugünlərdə Təbrizdə olub, qonşu ölkədə keçirilən gənclər arasında Asiya çempionatını izləyib, yeni oyunçular gözaltı edib: “Hazırda komandalar istirahətdədi. Elə mən də Lənkərana dincəlməyə gəlmişəm. Amma mən səfər yorğunluğunu çıxarıram (gülür). İki həftə əvvəl “transfer pəncərəsi” açılıb. Avqustun 31-nə qədər transfer çalışmalarını davam etdirə və yeni oyunçuları qeydiyyatdan keçirə bilərik. ÇL oyunlarımız isə oktyabrda olacaq. Qitə çempionatının hazırlığına bir ay sonra start verəcəyik. Yəni hələ vaxtımız var. Ancaq transfer çalışmalarımız davam edir. Qeyd etdiyim kimi, İranda səfərdə idim. Yeni qayıtmışam. On gün əvvəl bu ölkədə Asiya çempionatı keçirildi. Bir həftə orda olub final oyunlarını izlədim. Qeyd edim ki, Yaponiya qitə çempionu oldu, Əfqanıstan 2-ci, meydan sahibləri isə 3-cü yeri tutdu. İran və Əfqanıstan millilərinin oyunçularının çıxışını müştəri gözü ilə izlədim. Əslində əfqanların heyətində də bir neçə “milliləşdirilən” iranlı gənc çıxış edir. Perspektivli gənclər var, qeydlərimi götürmüşəm. Artıq məlumatları Alesioya da göndərdim. Mümkündü ki, perspektiv üçün onlardan bir-ikisini seçək. Ancaq ÇL üçün bizə daha təcrübəli futzalçılar lazımdı. Çünki qarşıya elit mərhələyə yüksəlmək və “dördlər finalı”nda iştirak etmək vəzifəsi qoyulub. Son illərdə ÇL-də uğursuzluqla üzləşmişik, buna son qoymağa çalışmalıyıq. İran yığmasının üzvləri ilə də maraqlanırıq. Vaxtımız var, Alesio hərtərəfli dəyərləndirdikdən sonra seçimini edəcək. O, hətta bir futzalçının oyununu bir neçə dəfə izləyir, təhlil edir. Alesionun istəyindən asılı olaraq, 3-4 legioner transfer etməyi düşünürük”.
O ki qaldı Xətai Bağırovun taleyinə, Marat Salyanski yığma üzvünün məsələsini də bitmiş sayır: “Xətai, demək olar, bizim oyunçudu. Yaxın günlərdə müqaviləni rəsmiləşdirəcəyik. O, Tayland klubu ilə anlaşmanı pozmalı, məsələni özü yoluna qoymalıdı. Dediyinə görə, müqavilədə anlaşmanı birtərəfli qaydada pozmaqla bağlı bənd var. Yəni ilk dövrədən sonra müqaviləni dayandıra bilər. Yəqin qayıtmayacağı ilə bağlı taylandlıları məlumatlandıracaq. Böyük ehtimalla komanda hazırlığa başlayanda, Xətai sıralarımızda olacaq. Ümumiyyətlə, yerli oyunçu ilə bağlı sıxıntımız yoxdu. Xətaidən başqa İsa Atayev, Rizvan Fərzəliyev, Rövşən Hüseynli kimi təcrübəli, Nihad İsmayılov, Oqtay Rüstəmli, Kamran Hacıyev kimi gənclərimiz var. Yəni yerlilərdən heç kim komandanı tərk etmir”.
Bu arada futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsində iştirak edəcək klubların adları müəyyənləşib. Xəbər verdiyimiz kimi, iyulun 4-də İsveçrənin Nyon şəhərində futzal üzrə Çempionlar Liqasının ilkin və əsas mərhələsinin püşkü atılacaq. Ümumilikdə 57 komanda qalib adı uğrunda yarışacaq ki, onlardan 34-ü ilkin mərhələdə mübarizə aparacaq. Bu mərhələnin oyunları avqustun 27-dən sentyabrın 1-dək keçiriləcək. Komandalar 9 qrupda yarışacaq. Bəzi qruplarda 3 komanda yer alacaq. Qalib gələcək iştirakçılar əsas mərhələdə onları gözləyən 23 komandaya qoşulacaq.
Qeyd edək ki, “Araz” mübarizəyə əsas mərhələdən qoşulacaq. Bu mərhələnin oyunları oktyabrın 8-13-ü aralığında keçiriləcək. Naxçıvanlılar yenə B yolunda mübarizə aparacaq. Belə ki, son qaliblə bərabər ən yüksək reytinqə sahib olan 11, eləcə də 16-dan 19-dək olan klublar A yolunda çıxış edəcək. Bu istiqamətdə çıxış edən komandaların yer aldığı qrupdan 3 komanda elit raunda yüksələ biləcək. Çünki qrupda 3 yüksək reytinqli klub yer alacaq. Reytinqdə 12-dən 15-ə və 20-dən 22 və ya 23-ə qədər olan komandalar isə B yolunda qərarlaşacaq. Bu istiqamətdə mübarizə aparacaq komandaların yer aldığı qrupa iki klub ilkin mərhələdən vəsiqə qazanacaq. Ona görə də elit raunda ancaq qrup qalibi vəsiqə qazanacaq. Onu da qeyd edək ki, bu cür qrupların sayı 4-ə bərabər olacaq. UEFA tədricən klubların hansı yolda mübarizə aparacağını açıqlayır. “Araz” yenə B yolunda yarışacaq. Elit raunda da cəmi 16 komanda vəsiqə qazanacaq.
MİRAĞA