Vaqif Sadıqov: “Yaxın vaxtlarda İcraiyyə Komitəsinin toplantısı keçiriləcək, Yurçeviç də hesabatı orda təqdim edəcək”
Premyer-liqanın startına təsminən iki ay qaldığından və əsas milli kimi, müxtəlıif yaş qrupları üzrə yığmaların da rəsmi və ya qeyri-rəsmi oyunları olmadığından düşünmək olar ki, Məşqçilər Komitəsinin üzvləri də istirahətə çəkiliblər. Ancaq komitənin sədri Vaqif Sadıqovla danışdıqda məlum oldu ki, heç də belə deyil. Əksinə komitədə çalışan mütəxəssislər fasilə dönəmində daha gərgin iş qrafiki ilə çalışırlar. Ən yaxşısı Vaqif bəyi dinləyək: “Komitə üzvlərinə xüsusi tapşırıqlar verilib ki, biz də bu yöndə işlərimizi davam etdiririk. Yay mövsümünə ayrıca plan hazırlanıb. Avrokuboklarda ölkəmizi təmsil edəcək klubların hazırlıq prosesini yaxından izləməklə yanaşı, premyer-liqanın digər təmsilçilərinin durumu ilə maraqlanır, bəzi hesabatlar hazırlayırıq. Bundan başqa, növbəti aydan etibarən fəaliyyətdə olan futbol akademiyalarına baş çəkib, aşağı yaş qruplarında çalışan məşqçilərlə görüşəcəyik. Böyük ehtimalla hər il olduğu kimi, bu yay da komitə üzvləri toplanışda olan klubların düşərgələrinə baş çəkəcək. Bir sözlə, işimiz çoxdu”.
Xatırlayırsızsa, milli Slovakiyaya biabırçı hesabla məğlub olduğu gün AFFA İcraiyyə Komitəsinin (İK) təcili toplantısı keçirilmişdi. Millinin baş məşqçisi Nikola Yurçeviçlə görüşən İK üzvləri ölkənin əsas komandasının zəif çıxışının səbəbini öyrənməyə çalışmışdılar. Xorvat mütəxəssisə bununla bağlı geniş hesabat hazırlayıb İK-ya təqdim etməsi tapşırılmışdı. Vaqif bəy komitə sədri olmaqla yanaşı, İK üzvü olduğundan onunla söhbətdə hesabatın nə vaxt təqdim olunacağına da aydınlıq gətirməsini istədik: “Yaxın vaxtlarda İcraiyyə Komitəsinin toplantısı keçiriləcək. Nikola Yurçeviç də məlum hesabatı orda təqdim edəcək. Komitə üzvlərinin hansı tarixdə bir araya gələcəyini isə dəqiq deyə bilmərəm. Yəqin ki, bununla bağlı AFFA tərəfindən ictimaiyyətə açıqlama veriləcək”.
RƏŞAD