Bosniyalılar “Partizani”ni darmadağın etdilər
“Qarabağ”ın yeni transferi Xayme Romero artıq komandaya qoşulub və dünənki məşqdə iştirak edib. Artıq qarşıdakı yoldaşlıq görüşlərində forma geymək şansı qazanacaq. Ağdamlılarla “2+1” illik şərti ilə anlaşan ispan futbolçu klub saytına verdiyi açıqlamada “Qarabağ”a keçidindən danışıb, Çempionlar Liqasının oyunlarını səbirsizliklə gözlədiyini deyib. Maraq üçün qeyd edək ki, Romero 10 illik peşəkar karyerasında “Udineze”, “Bari”, “Orduspor”, “Albasete”, “Qranada”, “Osasuna” kimi komandaların şərəfini qorusa da, avrokubok həyəcanı yaşamayıb. Bu, iyulun 31-də 29 yaşını tamamlayacaq Xayme üçün ilk olacaq: "Qarabağ" kimi kluba gəldiyim üçün çox sevincliyəm. Bura mənim üçün yeni təcrübədi. Ümid edirəm ki, hər şey istədiyim kimi olacaq. Təbii ki, klub haqda məlumat toplamışam. Azərbaycanın ən önəmli komandasına gəldiyimi bilirəm. “Qarabağ”ın son illərdə ardıcıl Azərbaycan çempionu olması, avrokuboklarda qrup mərhələsində iştirak etməsi, həmçinin klubun idarəetməsində olan peşəkarlıq qərarıma müsbət təsir göstərdi. Özüm də artıq oyunları səbirsizliklə gözləyirəm. Həm öz bacarığımı göstərim, həm də oyunumla komandama kömək edim. Belə güclü komandada bir mövqe uğrunda rəqabətin olması normaldı. Futbolçu gəldikdə bu rəqabətə hazır olur. Rəqabət isə həm futbolçunun, həm də komandanın inkişafına təkan verir... Cəmi 2 həftə istirahətim olub, ona görə də fiziki cəhətdən özümü yaxşı hiss edirəm. “Partizani”ylə oyuna qədər, digər komanda yoldaşlarım kimi olmasa da, istənilən səviyyədə olmaq üçün tam gücümlə çalışacam. Azarkeşlərin mənə olan inamını doğrultmaq üçün əlimdən gələni edəcəm".
İyunun 22-də Avstriyadakı ilk sınaq matçında “Ludoqorets”ə uduzan (0:2) Azərbaycan çempionu bu gün növbəti görüşə çıxacaq. Rəqib, öncədən xəbər verdiyimiz kimi, “Səbail”in Avroliqadakı rəqibi “Universitatya”dı. Oyun “Qarabağ”ın məskunlaşdığı Kössendən 35 kilometr aralıda yerləşən Degenberq qəsəbəsindəki stadionda keçiriləcək və Bakı vaxtı ilə saat 20.00-da başlayacaq. Qarşılaşmanın klubun “yutub” kanalı ilə canlı yayınlanması nəzərdə tutulub.
Növbəti xəbər “Partizani” ilə oyunların tarixi və başlama saatı ilə bağlıdı. Belə ki, püşkatmadan sonra ilk matçın iyulun 9-u və ya 10-da, cavab görüşünün 16-sı və ya 17-də baş tutacağı deyilmişdi. Bununla bağlı yeni məlumat var. Tiranadakı oyunun tarixi iyulun 10-na təyin olunub və başlama saatı Bakı vaxtı ilə 19.30-a nəzərdə tutulub. Cavab görüşü isə iyulun 17-də “Dalğa Arena”da keçiriləcək ki, oyunun start fiti 21.00-da çalınacaq.
“Partizani”dən söz düşmüşkən, “Qarabağ” kimi, Albaniya çempionu da yay hazırlığını davam etdirir. Paytaxt təmsilçisi artıq bir neçə gündü Sloveniyadadı. Albanlar təlim-məşq toplanışı dövründə ilk yoldaşlıq görüşünü keçirməyə imkan tapıb. Rəqib Bosniya və Hersoqovina “Sarayevo”su seçilib ki, oyun bosniyalıların 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Partizani”nin yeganə qoluna 75-ci dəqiqədə Emmanuel Mensah imza atıb.
HƏBİB