Sizin reklam burada

Yunis Hüseynov yığmadan və divizion klubundan imtina edib

Baxış Sayı:431

Yunis Hüseynov yığmadan və divizion klubundan imtina edib
“Yox, ora mənim deyil, qayınatamgilindi”
Üç gün əvvəl bir yazı yazırdım və həmin yazıda vaxtilə titul qazanmış, bir neçə il premyer-liqada çalışmış işsiz mütəxəssislərlə bağlı hissə var idi. Deməli, beynimi nə qədər “qurdalasam” da, heç bir quruma, yığmaya, kluba bağlılığı olmayan məşqçi tapmaqda çətinlik çəkdim. Vaqif Sadıqov, Şakir Qəribov, Şahin Diniyev, Yaşar Vahabzadə və Ağasəlim Mircavadovdan ibarət “beşlik” Məşqçilər Komitəsində fəaliyyət göstərir, Kazbek Tuayev həm İcraiyyə Komitəsinin üzvü, həm də ROİL-in rəhbəridi, Arif Əsədov Nikola Yurçeviçə kömək edir, Elxan Abdullayev Miloş Velebitin yanındadı, Nazim Süleymanov Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqına rəhbərlik edir, Ramiz Məmmədov “Keşlə”nin Futbol Akademiyasına nəzarət edir. Bir sözlə, hərəsi bir işin qulpundan yapışıb.
Tam işsiz qalanlardan iki nəfərin – Əsgər Abdullayevlə Yunis Hüseynovun adları ağlıma gəldi. Əsgər bəy onsuz da mətbuatdan uzaq gəzir, danışmaqla arası yoxdu. Ondan fərqli Hüseynov kifayət qədər ünsiyyətcildi, kimdənsə qorxub-çəkinəcəyi yoxdu. Nə soruşursansa, çəkinmədən cavablandırır. Elə buna görə də məlum mövzuyla bağlı Yunis bəylə danışmaq qərarına gəldim. Təbii ki, araya başqa sualları da salmaq şərti ilə.
- Bakıdasız, Qaxda, yoxsa Gəncədə?
- Bakıdayam.
- Nə edirsiz?
- Heç nə, boşluqdu.
- Futbolda başverənləri izləyirsiz, yoxsa soyumusuz?
- Yox, niyə soyuyuram ki? Futboldan heç vaxt soyumamışam, soyumaram da.
- O gün işsiz mütəxəssislərlə bağlı düşünürdüm, baxıram ki, maşallah, demək olar, hamısı iş-güc sahibidi. Premyer-liqada olmasalar da, futboldadılar. Yunis Hüseynov isə tam kənarda qalıb. Sizcə, niyə belədi?
- Yəqin ki, yaxın zamanlarda mənə də bir iş tapılar.
- İndiyə kimi tapılmadı, bundan sonra tapılacaq?
- Nə bilim, vallah. Allahın məsləhətinə şükür.
- Bəlkə sözü üzə deyənsiz, hər “mahnıya oynayan” deyilsiz deyə, vəziyyət bu cürdü.
- Ola bilər. Bəlkə də buna görədi.
- Özünüzə iş yeri görürsüz?
- Mən özümü hər yerdə görürəm. Hələ ki gözləmə mövqeyindəyəm. Həmişə belə qalmaz yəqin. Ona görə də ümidimi üzmürəm. Şükür, nə qocalmışam, nə də savadım azalıb. Hər şey qaydasındadı, yəqin yada düşərik.
- Özünüzü hər yerdə gördüyünüzü dediz. Hansısa klubun akademiyasına rəhbərlik edə, yaxud əvəzedici komandasını çalışdıra bilərsiz?
- Yox, mənlik deyil. Daha doğrusu, elə yerlərdə işləyə bilmərəm.
- Niyə?
- Çünki gənclərlə işləmək mənə çətinlik yaradır.
- Xarakterlə bağlıdı?
- Bəlkə də.
- Hövsələsizsiz, səbriniz çatmır uşaqlarla işləməyə?
- Hövsələsiz deyiləm e. Sadəcə, indiyə qədər cavanlarla işləməmişəm, o işin metodunu bilmirəm. Mənə elə gəlir ki, çətin olar. Bilirsiz, necədi? İş xatirinə işləmək düzgün deyil. Adam bacardığı, sevdiyi, özünü orda gördüyü işin qulpundan yapışmalıdı. Söhbət açılıb, deyim. Bir neçə il əvvəl aşağı yaş qruplarından ibarət yığmaların birini çalışdırmaq təklif olunmuşdu. Konkret hansı yaş qrupu olduğunu deməmişdilər, sadəcə, “U-lar”ın birində işləmək istəyib-istəmədiyimi soruşmuşdular. Yekə danışmaq kimi çıxmasın, istəmədim. Razılaşarsız ki, hər bir məşqçi o işə razılıq verərdi. Sadəcə, gənclərlə iş təcrübəm yoxdu deyə, girişmədim. Düşündüm ki, cavanlarla mənə çətin olar.
- Bu gün də aşağı yaş qruplarından ibarət yığmaların birindən təklif olsa, eyni cavabı verərsiz?
- Bəli. Sırf orda iş təcrübəm yoxdu deyə, başqa şeyə görə yox.
- Birinci divizionda necə?
- Xeyr.
- Niyə?
- Orda çalışan həmkarlarımın hər birinə hörmətlə yanaşıram. Amma orda da çətin olar mənə. Fikrimcə, stimul olmayan yerdə işləməyin adı yoxdu. Nəyə oynayırsan, nə üçün – bilinmir. Birini qoyub, o birinə keçim. Bir neçə il əvvəl diviziondan da təklif olmuşdu. Kifayət qədər yaxşı maaş verirdilər mənə, üstəlik, ən üzdə olan futbolçular sərəncamımda olacaqdı. Sizi inandırım, həmin vaxt bəzi premyer-liqa klublarının o cür maddi imkanı yox idi. 3-4 dəfə oturub söhbət etsək də, razılaşmadım. Rusların məsəli var, “heç vaxt “heç vaxt” demə”. Bilmək olmaz sabah nələr olacaq, həyat necə dövr edəcək. Bəlkə də nə vaxtsa aşağı dəstədə işləyərəm, yaxud hansısa yığmanın başında olaram. Sadəcə, bu gün üçün təcrübəm olmayan yerdə çalışmaq istəmirəm.
- Belə başa düşdüm ki, özünüzü ancaq premyer-liqada görürsüz.
- Bəli.
- Orda da 8 komanda var, hamısının başında da məşqçisi.
- Elədi. Ona görə də vəziyyət çətindi.
- “Kəpəz”i ayağa qaldırmaq üçün ora da getməzsiz?
- Birinci divizionla bağlı suala cavab verdim axı.
- “Kəpəz”in nə vaxtsa əvvəlki günlərini xatırladacağına ümid edirsiz?
- Ümid edirəm ki, “Kəpəz” 2020/21 mövsümündə premyer-liqada olacaq.
- Nədi sizi ümidləndirən?
- İcraiyyə Komitəsinin iclasında, deyəsən, 10 komandalı çempionat müzakirə olunub. Belə bir fikir var. 10 komanda olsa, yəqin ki, biri “Kəpəz” olar.
- Neçə vaxtdı işsizsiz, bəs necə dolanırsız?
- Heç bir işim yoxdu, nə də biznesmenəm. Nə dükanım var, nə obyektim, nə də başqa nəsə.
- Bircə Qaxdakı istirahət mərkəzidi.
- Yox, ora mənim deyil, mənə aidiyyatı yoxdu, qayınatamgilindi. İşsizlik, təbii ki, çətindi.
- Vaxtında yığdığınız 3-5 manatı xərcləyirsiz indi?
- Heç vaxtında da yığmamışam. Çünki yığımcıl adam deyiləm. Allaha qurban olum, hardansa nəsə yetirir, dolanırıq. Şükür, acından ölmürük. Bu günümüzə şükür.
- İllərdi Futbol Veteranları İttifaqı var idi ki, quruma Oqtay Abdullayev rəhbərlik edirdi. İndi də birini Nazim Süleymanov yaradıb - Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqı. Siz hansının tərkibindəsiz?
- Məni Futbol Veteranları İttifaqı Şurasına üzv seçdilər. Veteranlarla oturanda Nazim müəllimin özünə də, başqalarına da həmişə deyirəm ki, hamımızın bir yerdə olması yaxşıdı. Hamımız keçmiş futbolçuyuq da, bir olmalıyıq. Belədə sözümüz də hər yerdə keçir.
- Bu cür parçalanmanın səbəbi nədi?
- İkimizin canı, bilmirəm. Özünüz də bilirsiz ki, mən həmişə kənarda dayanmağı üstün tutmuşam, hər yerdə tək olmuşam. Hansısa fikrim olanda da demişəm. Amma bu söhbətdən heç baş açmıram. Mütləq birləşmək və lazım olan işləri birlikdə görmək lazımdı.
- Sizə elə gəlmir ki, bu durumu AFFA-da oturanlar yaradıb. Ki, veteranların başı ölkə futboluna yox, bir-birini qırmağa qarışsın.
- Yalan deyərəm. Əlimdə fakt olmayandan sonra nəsə deməyim doğru olmaz.
- Nazim Süleymanova zəng etmisiz?
- Zəng etmək nədi? Görüşüb söhbət də etmişik.
- Nə deyir, nə etmək istəyir?
- İttifaq yaradıblar. Nə etmək istədiklərini bilmirəm, başa düşmürəm.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR