Sizin reklam burada

“Zirə” ilə “Marafon Sabirabad” ölkəmizi Çempionlar Liqasında təmsil edəcək

Title
“Zirə” ilə “Marafon Sabirabad” ölkəmizi Çempionlar Liqasında təmsil edəcək
Yığma Portuqaliya və Moskvaya yollanacaq
Çimərlik futbolu üzrə böyüklər arasında təşkil edilən Super Liqa başa çatıb. AFFA-nın dəstəyi, Çimərlik Futbolu Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə 6 komanda mübarizə aparıb. Final oyununda “Marafon Sabirabad”ı 3:0 hesabıyla məğlub edən “Zirə” yarışın qalibi olub. Üçüncü yeri isə “Şuşa Qarabağ” üzərində 4:2 hesabıyla qələbə qazanan “Neftçi” tutub.
Final oyunu başa çatandan sonra mükafatlandırma mərasimi keçirilib. Əvvəlcə həlledici qarşılaşmanı idarə edən hakimlərə diplomlar təqdim olunub. Elçin Qasımov (Zirə) ən yaxşı qapıçı, Orxan Məmmədov (Marafon Sabirabad) ən yaxşı oyunçu seçilib. Sabir Allahquliyev (Zirə) turnirin bombardiri olub. Federasiyanın vitse-prezidenti Fərid Axundov oyunların canlı yayınını təşkil edən “CBC Sport” telekanalının baş direktoru Volkan Üstə plaket təqdim edib. Üçüncü yerin sahibi “Neftçi”yə bürünc, “Marafon Sabirabad”a gümüş, “Zirə”yə isə qızıl medallar, diplomlar və kuboklar, eyni zamanda müvafiq olaraq 500, 1000 və 1500 manat pul mükafatı təqdim olunub.
Mükafatlandırma mərasimində Çimərlik Futbolu Federasiyasının vitse-prezidenti Fərid Axundov, çimərlik futbolu üzrə millinin baş məşqçisi Zeynal Zeynalov, köməkçi-məşqçi Hikmət Bağırov, federasiyanın direktoru Rüfət Həsənov, AFFA-nın Hakimlər Komitəsinin üzvü Elçin Məmmədov və “CBC Sport” telekanalının baş direktoru Volkan Üst iştirak ediblər.
Turnirin təşkili ilə bağlı federasiyanın direktoru Rüfət Həsənovun fikirlərini öyrəndik. Onu da qeyd edək ki, bu dəfə turnirdə böyüklərlə yanaşı, aşağı yaş qrupları arasında da yarış təşkil olunub: “Ötən mövsüm U-13 və böyüklər arasında yarış keçirilmişdi. Bu dəfə turnirin əhatə dairəsini bir qədər də genişləndirməyi lazım bildik. Bu məqsədlə U-10, U-14 və U-19 komandaları yaşlılara qoşulmuşdu. Böyüklər arasında çempionluğu bayram edən “Zirə” əvvəlki iki ildə bürünc və gümüş mükafatlara sahib çıxmışdı. Nəhayət, bu dəfə çempion olmağı bacardılar. Turnirə ilk dəfə qoşulan komanda kimi “Şuşa-Qarabağ”ı qeyd edə bilərəm. Bundan başqa, Super Liqada İrandan dəvət olunan 9 legioner də var idi ki, bu da yarışın daha maraqlı idman mübarizəsi şəraitində keçməsinə, gərgin rəqabətin yaşanmasına rəvac verdi. Onların hər biri çox səviyyəli oyunçular idi”.
Birinci və ikinci yeri tutan komandalar gələn ilin mayında Portuqlaiyada təşkil olunan çimərlik futbolu üzrə Çempionlar Liqasında ölkəmizi təmsil etmək hüququ qazanıblar. Bu haqda bilgini də federasiyanın idman direktorundan aldıq: “2020-ci ilin mayında Portuqaliyada “Evrovinnes Cup” təşkil olunacaq ki, bu bir növ çimərlik futbolu üzrə klublar arasında Çempionlar Liqasıdı. Super Liqada “qızıl” və “gümüş”ə sahib çıxan komandalar – “Zirə” və “Marafon Sabirabad” həmin turnirdə ölkəmizi təmsil etmək hüququ qazanıblar. Bürünc mükafatçı “Neftçi” də yarışada iştirak edə bilər. Ancaq onlar digər iki təmsilçimizdən fərqli qrupa düşmək üçün pley-offdan başlamalıdılar. Onu da xatırladım ki, ilk dəfə ölkəmizi sözügedən turnirdə “Bakılı” təmsil etmişdi. Ancaq onlar qrupdan çıxa bilməmişdilər. Ondan sonra bu hüquqa yiyələnən “Əmrah Bank” isə daha uğurlu çıxışla yadda qalmışdı. Komandanız 60 kollektivin iştirak etdiyi mötəbər yarışda 7-ci yeri tutmuşdu. Turnirin son qalibi isə Portuqaliya “Braqa”sıdı”.
Sonda Rüfət bəy çimərlik futbolu yığmamızın da qarşıdakı planları barədə məlumat verdi: “Yığma iyulun 1-dən 3-dək Portuqaliyada Avropa çempionatının seçmə mərhələsinə qatılacaq. Qrupdakı rəqiblərimiz ikiqat dünya çempionu Rusiya, İspaniya və Türkiyə olacaq. Çox çətin qrupa düşsək də, ümid edirik ki, millimiz uğur qazanıb, final mərhələsinə vəsiqə qazanmağı bacaracaq. İyulun 17-dən 28-dək isə millini Moskvaya səfər gözləyir. Rusiya paytaxtında dünya çempionatının seçmə mərhələsinin oyunları təşkil olunacaq. Rusiyada keçiriləcək oyunlarda qrupdakı rəqiblərimiz hələ müəyyənləşməyib”.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.