“Futbol+” qəzeti redaksiyasının “Xəzər Lənkəran”a qarşı 9 min manatlıq iddia qaldırdığını və Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 15 mart 2019-cu il tarixli qətnamə ilə tələbi haqlı saydığını xəbər vermişdik. Məğlubiyyətlə barışmaq istəməyən Tuyqun Nadirov bu dəfə qətnamədən Şirvan Apellyasiya Məhkəməsinə şikayət göndərib. Dünən adı çəkilən məhkəmədə hakim Zeynal Zeynalovun sədrliyi ilə ilk iclas keçirildi. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin heç bir iclasına qatılmağı lazım bilməyən Nadirov cənabları bu dəfə iclasa klubun hüquqşünası Ramil Cahangirovu göndərmişdi. Ramil bəy peşəsinə uyğun olaraq, klubun əvvəlki məhkəmə iclasında səslənən dəlillərini bir daha təkrarladı. Həmin dəlillərin yekun məğzi bundan ibarətdi ki, haqlı olduğunuzu bilirdizsə, niyə pulu vaxtında istəmirdiz, hesab-fakturanı niyə kağız halında yox, elektron formada təqdim etmisiz və s. Hamısı belə saçma-sapan fikirlər. Nə qədər acı olsa da, biz bu adamlara anlada bilmirik ki, klubla qəzet arasında 10 ili də ötən müddətdə qarşılıqlı faydalı əməkdaşlıq, reklam tərəfdaşlığı olduğuna görə biz sizə inanmaya bilməzdik. Təbii ki, sizin sonda bu dəlildən yapışacağınızı bilsəydik, daha erkən pulun dalınca düşər, haqqımızı tələb edərdik. Amma bu tərəfimizdən işlənilən cinayət deyil, sadəcə, mənəvi dəyərləri üstün tutmuşuq.
Qəzeti təmsil edən Vüqar Məmmədov və Mahir Rüstəmli hakimin, eləcə də cavabdeh tərəfin nümayəndəsinin müxtəlif suallarına cavab verdilər. Açığı, “Xəzər Lənkəran”ın bəzi iradları o qədər bəsit xarakter daşıyırdı ki, gülməkdən özümüzü çətinliklə saxlayırdıq. Məsələn, qəzetin hansısa sayında niyə başqa klubun reklamı “Xəzər Lənkəran”ın reklamından yuxarıda olub və ya saytda gedən hansısa xəbəri lazımınca işıqlandırmamısız. Kəsəsi, bunlar hamısı qaşınmayan yerdən qan çıxarmaq, daha doğrusu, uduzulan pulu hansı yolla olur-olsun, redaksiyaya ödəməmək cəhdindən başqa bir şey deyil.
Hər halda, ümid edirik ki, Şirvan Apellyasiya Məhkəməsi də bu davaya lazımi hüquqi qiyməti verəcək. Növbəti məhkəmə iclası isə avqustun 19-na təyin olunub.
HUŞƏNG