Modern.az saytı ilə əməkdaşlıq edən həmkarımız Məhsəti Şərif Türkiyədə yaşayan azərbaycanlıların yaratdığı komandanı iş başında görüb və tanışlıq imkanını əldən verməyib.
Onlarla iki gün öncə təsadüfən rastlaşdıq. İstanbulun Fatih rayonunda yerləşən Memar Sinan Stadionunda futbol oynayırdılar. Öncə burda yaşayan məhəllə sakinləri olduğunu düşündük. Sonra komandanın forması diqqətimizi çəkdi. Komandalardan birinin forması üzərində “B.R.T Azərbaycan” yazılmışdı. Rəqib komanda isə “Türkmənistan” idi. Oyun çox hərarətli keçirdi. Komandanın məşqçisi Anar Bayramov həyəcanlıydı. Meydanda sanki həvəskar oyunçular yox, peşəkar bir komanda vardı. Tribunalarsa boş idi. Komandaları izləməyə kimsə gəlməmişdi. Böyük stadionda bircə bizim ailə vardı. Oyunu izlədik, artıq axşam olmuşdu. “B.R.T Azərbaycan” 3:1 hesablı qələbə qazandı. Mən də o gün millimizin son oyununa görə üzgünlüyümü Türkiyədə həvəskar komandamızın qələbəsi ilə ovunaraq, üzərimdən atdım.
Bu hiss tam fərqli idi. Ogünkü qələbə millimizin qələbəsiydi sanki. Hər halda, qərib yerdə kiçik uğurların sevinci də fərqli olur. İdmandan və futboldan çox anlayışım olmasa belə, o gün özümü böyük oyunlardakı idman jurnalisti sayırdım. Həvəskar futboldu, amma başqa ölkədə bizim “Azərbaycan”ı görmək fərqli hiss yaşatdı mənə. Paltardəyişmə otağına gedən oyunçuların üzlərindəki məsuliyyət, həyəcan tam başqa idi. Əslində ilk dəfə idi ki, oyunlarında öz ölkələrindən olan jurnalist də vardı.
“B.RT Azərbaycan” necə yarandı?
Azərbaycanın Türkiyədəki həvəskar futbol komandası 2014-cü ildə Anar Bayramovun təşəbbüsü ilə qurulub. “B.R.T Azərbaycan”ın baş məşqçisi olan Anar Bayramov əslində peşəkar səviyyədə futbol oynamayıb. Bizimlə söhbətdə dedi ki, komandanı yaratmaqda bir məqsədi olub: "Əslində bu komandanı yaratmaq yalnız mənim fikrim olmayıb. Biz burda azərbaycanlı gənclərlə toplaşıb istirahət günlərində futbol oynayırdıq. Sonra söhbət əsnasında bir komanda qurmaq qərarına gəldik. Çünkü burda başqa millətlərin də belə həvəskar komandaları var. Biz də komandamızı qurduq və onlarla oyunlara qatıldıq".
Baş məşqçı deyir ki, komanda elə qurulan ildə çempion olub. İndi də Türkiyədə yaşayan əcnəbi vətəndaşların, eləcə də azsaylı xalqların, eyni zamanda bələdiyyə və fərqli şirkətlərin həvəskar komandaları ilə oynayırlar.
Erməniləri pley-offdan çıxarıblar
“B.R.T Azərbaycan” hətta Türkiyədə yaşayan ermənilərin komanadasını da iki dəfə udaraq, onları çempionat oyunlarından uzaqlaşdırıb:
"İki dəfə qələbə çaldıq. Birində 3:0, birində 4:0. 2017-ci ildə onları pley-offdan çıxardıq. Ondan sonra ermənilərin komandası bir daha çempionat oyunlarına qatılmadı".
2014-cü ildə qurulan komanda 1, 2 və 3-cü yerlərin sahibi olub. Komandanın heç bir maliyyə dəstəyi yoxdu. Anar Bayramovun İstanbulda kiçik mağazası var. Ordan gələn gəlirlə “B.R.T Azərbaycan”ı ayaqda saxlamağa çalışır:
"Əslində nə maddi, nə mənəvi dəstəyimiz var. Amma biz komandayla həvəsdən düşmürük. Komandamızda burda işləyən, tələbə olan gənclər var. Biz onların boş vaxtının səmərəli keçməsini istəyirik. Başqa işlərə yönəlməsinlər, faydalı olsunlar. Mən İdman Akademiyasını bitirmişəm. Bu da məni idmana sövq edir. Başqa bir ölkədə gənclərimizə belə dəstək ola bilirəm. Mənim gücüm buna yetir. Bu fəaliyyətimizdən də zövq alırıq”.
"Neftçi"nin sabiq oyunçusu həvəskar komandada
“Komandamızda "Neftçi"nin sabiq oyunçusu Taleh Qasımov da var. Onun da məsləhətlərindən faydalanırıq. Təbii ki, yardım olsa, daha yaxşı olar. Çünkü forma lazım olur, məşq etmək üçün stadion icarələnir. Eyni zamanda komandada tələbələlərin olduğunu nəzərə alsaq, onlara az da olsa, maddi yardım etməliyik. Mən kiçik mağazamla bu işlərin öhdəsindən gəlirəm. Kimsədən də yardım istəməmişəm. Çünki biz nə ediriksə, könüllü və sevərək edirik".
“B.R.T Azərbaycan” oyunlara iki forma ilə çıxır. Bir forma ağ-qara rəngdədi, digəri isə Azərbaycan bayrağını əks etdirir. Hazırda həvəskarlar pley-off mərhələsindədi. Bu il də çempion olacaqlarına inanırlar.
Soydaşlarımızla bu qədər söhbət edib, Türkiyədəki həvəskarlardan Azərbaycanın peşəkar yığmasının oyununa münasibət öyrənməmək olmazdı. Həvəskarlar millimizin son oyunundan üzülüb: "Çox həyəcanla izlədik. Amma üzüldük. Biz inanırıq ki, ölkəmizdə futbol inkişaf edəcək. Sadəcə, doğru seçim lazımdı. Futbolumuz başqa idman növlərinə görə çox geri qalır. Yeni oyunçular yetişməlidi. Turnirlər keçirilməli, gənc, dinamik oyunçular kəşf olunmalıdı. Yığma komanda sözdə deyil, əsl komanda olmalıdı. Ümid edirik ki, peşəkarlarımız zamanla bizim kimi həvəskar oynamazlar. Nəhayət, onlara açılan imkanları dəyərləndirə biləcəklər".
Yazının əvvəlindən hər kəsi düşündürən bir sual var: niyə “B.R.T Azərbaycan”? Biz bunu sona saxladıq. Komandamızın adının açması “Qardaş Azərbaycan”dı. “Qardaş Azərbaycan”a ugurlar diləyirik...