“Tiflis “Dinamo”su ilə qarşılaşacağımız halda, “CBC Sport” qonşu ölkəyə STS göndərməyi planlaşdırır”
Təmsilçilərimizin avrokuboklarda meydana çıxacağı günə bir aydan da az vaxt qalıb. Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında, “Neftçi”, Səbail” və “Qəbələ” isə Avropa Liqasında mübarizə aparacaq. “Qəbələ”dən fərqli qalan üç klub yarışa ilk təsnifat mərhələsindən qoşulacaq. Ölkə kubokunun son qalibi olan “qırmızı-qaralar” isə Avroliqaya ikinci təsnifatdan start verəcək.
Bəs görəsən, təmsilçilərimizin qitəmiqyaslı turnirlərdə oyunları canlı yayınlanacaqmı? Yayınlanacaqsa, azarkeşlər həmin qarşılaşmaları hansı telekanaldan izləyə biləcəklər? Bu suallara cavab tapmaq üçün yarışa birinci mərhələdən başlayacaq klubların rəsmiləri ilə əlaqə saxladıq. “Qarabağ”ın meneceri Asif Əsgərov bu işlə klublardan çox telekanalların maraqlanmalı olduğunu vurğuladı: “Hələ ki bu məsələ barədə fikirləşməmişik. İndiki durumda yayından daha vacib işləri həll etməyə çalışırıq.Yayına gəlincə, bu məsələdə ilk növbədə kanallar özləri maraqlı olmalıdılar. Biz də öz növbəmizdə çalışacağıq ki, onlara kömək edək. Həm "CBC Sport", həm də "İdman Azərbaycan" oyunlarımızı yayınlamaq istəyir, sadəcə, bizdən hərəkət gözləyirlər. Nə vaxtsa olub ki, oyunumuz yayılanmasın? Səhv etmirəmsə, yalnız bir dəfə - "Şerif"lə oyun verilməmişdi. Həmin vaxt da konkret yayın olmamışdı. Heç öz telekanalları da göstərməmişdi. Çalışırıq hər zaman azarkeşlərimizin oyunumuza baxmasına şərait yaradaq".
“Neftçi”nin mətbuat katibi Rüstəm Allahverdiyev “ağ-qaralar”ın ev oyunlarının böyük ehtimalla, “CBC Sport”la yayınlanacağını bildirdi: “Danışıq aparırıq. "CBC Sport" telekanalı bununla bağlı bizə müraciət edib. Çox güman, ev oyunumuz adını çəkdiyim telekanal vasitəsilə yayınlanacaq. Ancaq hələ son qərar verilməyib, bu istiqamətdə işlər gedir. Səfər oyunlarına gəlincə, bu yöndə hələ ki dəqiq bir şey yoxdu”.
Cari avrokubok mövsümündə qitəmiqyaslı turnirdə debüt edəcək “Səbail”in mətbuat katibi Törə Əhmədova da “CBC Sport”un adını çəkdi: "Əslində "CBC Sport" yayınlamalıdı. Bu telekanalla danışıq aparırıq. Hələ ki razılıq əldə olunmayıb. Bu yalnız bir neçə gündən sonra ola bilər. Açığı, klub olaraq, özümüz də oyunumuzun "CBC Sport"da göstərilməsini istəyirik".
“Qəbələ”nin Media və Marketinq Departamentinin rəhbəri Səməd Nəsibov da “CBC Sport”un onlara müraciət etdiyini söylədi: “Bu günə kimi bizə yayınla bağlı ancaq “CBC Sport” telekanalı mürəciət edib. Yayınla bağlı məsələdə konkret qərar verilməsə də, böyük ehtimalla onlarla anlaşacağıq. İlkin müzakirələrə əsasən telekanal rəhbərliyi səfər oyunumuzu yayınlamaq istəyir. İkinci təsnifat mərhələsində Tiflis “Dinamo”su ilə qarşılaşacağımız halda “CBC Sport” qonşu ölkəyə STS (səyyar televiziya stansiyası - red) göndərməyi planlaşdırır”.
RƏŞAD