“Arxayınlaşmaq olmaz”
Bütün klublarda olduğu kimi, mövsüm başa çatandan sonra “Neftçi”nin heyətində də dəyişikliklər oldu. “Ağ-qaralar” büdcəsi kəskin azalan və əksər legionerləri ilə yolları ayıran “Qəbələ”nin üç futbolçusu ilə gücləndi. Bunlar Rauf Əliyev, Stiven Jozef-Monroz və Voislav Stankoviçdi. Sonuncunun Ruslan Abışovun gedişi fonunda gətirilməsi bir qədər gözlənilən idi. Bununla belə, paytaxt klubunda serb müdafiəçini yenə də ciddi rəqabət gözləyir. Voislav “Neftçi TV”-yə açıqlamasında flaqmana keçidindən söz açıb: “Klubun ambisiyaları mənim üçün çox maraqlı idi. Mənə zəng vurub deyəndə ki, səninlə “Neftçi” maraqlanır, düşündüm və qərara gəldim ki, bura gəlib karyeramda yeni mərhələyə başlamaq yaxşı olardı. Mənimlə yanaşı, burdakı hər bir futbolçu “Neftçi” ilə böyük uğurlara imza atmaq üçün əlindən gələni etməyə çalışır. Toplanış yaxşı əhval-ruhiyyədə gedir. Avroliqadakı ilk oyunumuza hazırlaşırıq. Birinci yoxlama görüşünü normal keçirdik, qələbə qazandıq. Davamını gətirməliyik. Hər rəqibə qarşı 100 faiz köklənməliyik. İndiki futbolda heç bir rəqibi asanlıqla keçə biləcəyinə zəmanət verə bilməzsən. Buna görə də düşünürəm ki, ilk matça maksimum köklənib, özümüzü yaxşı tərəfdən göstərəcəyik. Ümid edirəm ki, oyuna belə çıxsaq, problemimiz olmayacaq. “Sperantsa” haqda məlumatımız var, zəif rəqib deyil. Arxayınlaşmaq olmaz. Dediyim kimi, bu oyuna maksimum hazırlaşıb, səfər matçını qələbə ilə başa vurmalıyıq. Çox yaxşı azarkeşlərimiz var. Onlar komandanı çox sevirlər. Çalışacam ki, hər oyunda meydana çıxıb, bütün gücümü ortaya qoyum. Hesab edirəm ki, komandaya köməyim dəyəcək. “Neftçi”nin müdafiə xətti daha da güclü olacaq. Bu, komandanın qarşıdan gələn mövsümdə böyük uğurlar qazanmasına kömək edəcək”.