Sizin reklam burada

Efros “Neftçi”ni “Şerif” səviyyəsində görür

Baxış Sayı:456

Efros “Neftçi”ni “Şerif” səviyyəsində görür
Hazırda Moldova çempionatı davam edir. “Neftçi”nin rəqibi “Sperantsa” 14-cü turda “doğma divarlar” arasında "Milsami" ilə qarşılaşıb. Qonaqların 49-cu dəqiqədə vurduğu qol matçda yeganə olub. Ancaq bu məğlubiyyətdən sonra “Sperantsa”nın turnir cədvəlindəki mövqeyi dəyişməyib. Sözügedən komanda 8 iştirakçı arasında beşincidi.
"Sperantsa"nın baş məşqçisi Kristian Efros oyunla bağlı bunları deyib: "Futbolçularımız matçın böyük hissəsini yaxşı keçirdilər. Qol imkanlarımız vardı, vurmaq lazımdı. Ancaq bunu edə bilmədik. Rəqib isə qol vuraraq nəticə əldə etdi. Bəli, son nöqtəni qoymağımız daha yaxşı olardı. İşləməkdə davam etməliyik. Səhvlərimizi təhlil edib, daha yaxşı hazırlaşmalıyıq".
O, "Neftçi" ilə bağlı da fikirlərini dilə gətirib: "Rəqibimiz güclüdü və bizə çətin olacaq. "Neftçi", yəqin ki, "Şerif" səviyyəsindədi. Ancaq futbol belədi... Necə ki bu matçda belə oldu, qol imkanlarımız vardı, ancaq istifadə edə bilmədik. Bəlkə onlar da vura bilmədi, biz isə bunu bacararıq. Bu hər qarşılaşmada baş verə bilər”.
Efros heyətin gücləndirilməsi məsələsinə də toxunub: "Bəli, bunu çox istəyirik. Hərçənd çatdırmaq elə də asan deyil. "Transfer pəncərəsi"nin açılması iyulun 2-nə təxirə salınıb, Avropa Liqasında isə iyulun 5-dək futbolçu sifariş etmək olar. Hər şeyi üç günə sığışdırmaq lazımdı. Bilmirəm, alınacaqmı, ancaq çalışacağıq. Yaxşı futbolçular tapmaq çətindi, buna görə seçimdə səhv etmək istəmirsən. Riskə getmək lazım gəlir, çünki heç də həmişə yaxşı futbolçu seçimini uğurla etmək alınmır. Gələn üç futbolçudan, heç olmasa, biri bizə kömək edərsə, artıq bu yaxşıdı".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR