“Qarabağ”ın fanklubları “Dalğa” məcburiyyətinə fərqli yanaşdı
Ötən sayımızda xəbər verdiyimiz kimi, “Qarabağ” Çempionlar Liqasının startında bir, növbəti mərhələyə keçid alınsa, iki ev oyununu “Dalğa Arena”da keçirəcək. Əslində Olimpiya stadionundansa, Mərdəkandakı arena daha əlverişlidi desək, yanılmarıq.
Sadəcə, bu məqamda bir başqa sual ortaya çıxır. Klubun özünün müasir standartlara cavab verən “Azərsun Arena”sı varkən, niyə məhz “Dalğa”? UEFA-nın şərtlərində əsas tələblərdən biri, bəlkə də birincisi təhlükəsizliklə bağlıdı ki, “Azərsun”la “Dalğa”nın quruluşu, demək olar, eynidi. Projektora qalsa, ikisində də var. Həmçinin qonaqların rahatlığı və jurnalistlərin işləməsi üçün şərait də “Azərsun”da qaydasındadı. Hə, stadionların azarkeş tutumuna gəlincə, Mərdəkandakı qurğu 6700 tamaşaçıya “qucaq aça” bilirsə, Suraxanıdakı arenaya ən yaxşı halda 4700 nəfər daxil ola bilər. Bu da problem olmamalıdı. Çünki təmsilçilərimiz indiyə qədər beynəlxalq qarşılaşmalarda üz-üzə gəldikləri rəqiblərin bəziləri ilə 3-4 min azarkeş tutumu olan stadionlarda oynayıb. Yəni ilkin mərhələ matçları üçün arenanın azarkeş tutumu prioritet deyil.
Heç şübhəsiz, “Qarabağ” rəhbərliyi avrokubok görüşləri ilə bağlı UEFA-ya müraciət edəndə iki stadionun adını göstərib: biri Tofiq Bəhramov adına Respublika stadionu, digəri isə “Dalğa Arena”. Ona görə də məlum durumla üzləşiblər. Elə isə niyə “Azərsun” yox, “Dalğa”? Klubun mətbuat katibi Nurlan İbrahimov sualımıza üç səbəb göstərdi: “Bəli, dediyiniz kimi, iki stadion sifariş etmişik. İyulda Respublika stadionunda oynaya bilməyəcəyimizi bir neçə ay öncədən bilsək də, məsələ tam dəqiqləşməmişdi. Belədə hər ehtimala qarşı ehtiyat stadion kimi “Dalğa Arena”nı göstərdik. Əsas səbəb bu stadionun beynəlxalq arena kimi tanınmasıdı. Belə deyim, UEFA rəsmiləri təftiş edib və orda avrokubok matçlarının keçirilməsinə dair qərar veriblər. “Azərsun Arena” isə daxili yarışlar üçündü. Belə bir fikrimiz olsaydı, UEFA rəsmiləri Bakıya gəlməli, stadionumuzu təftiş etməliydilər. Bu isə uzun sürən və vaxt aparan proses idi. Bir başqa səbəb isə “Azərsun Arena”nın əsas meydanının avqustda təmirə bağlanmaq ehtimalıdı. Düzdü, bu gün qazonun durumu yaxşıdı. Amma isti havalarda vəziyyətin necə olacağı və hansı yüklənməyə tab gətirəcəyi sual altındadı. Hədsiz istilər olsa və mütəxəssislər rəy versə, qazona avqustda qulluq olunacaq, yəni bir müddət təmirə bağlanacaq. Və ən vacib məsələ odu ki, Respublika stadionunun Avropa Gənclər Yay Olimpiya Festivalından sonra və hədsiz istilərdə hansı vəziyyətdə olacağını bilmirik. Allah eləməmiş, ot sıradan çıxa, bir neçə il öncəki kimi sarala, yararsız duruma düşə bilər. Belədə komandamız pley-offa qədər irəliləsə və ya qrupa düşsə, ev oyunlarını məcburən ehtiyat stadionda keçirməli olacaq. Qrup matçları üçün isə “Azərsun Arena” standartlara cavab vermir. Bu haqda çox götür-qoy edilib. Gələcəkdə hansısa problem, ya da çıxılmaz vəziyyət yaranmasın deyə, ikinci variant kimi “Dalğa Arena” seçildi”.
Qərar açıqlanandan sonra azarkeşlərin sosial şəbəkələrdəki münasibəti birmənalı deyildi. Böyük əksəriyyətin yol uzaqlığını əsas gətirib “Dalğa” variantına qarşı çıxdığını görmək olardı. Mövzuya toxunmuşkən, ağdamlıların aparıcı fanklublarının münasibətini öyrənməyi lazım bildik.
Elnur Quliyev, “İmarət”in İdarə Heyətinin üzvü: “Biz sürgünük, qardaş, sürgün. “Tofiq Bəhramov”dan BOS-a (Bakı Olimpiya stadionu), BOS-dan “Dalğa”ya, gələcəkdə ordan da Allah bilir hara. Qaçqınıq, onsuz da 26 ildi sürünürük, artıq öyrəncəliyik. Sürgünlük, qaçqınlıq bir tərəfə, onsuz da oyundan əvvəl də, sonra da hansısa təzyiqlərə məruz qalırıq. “Dalğa” variantına, təbii ki, isti yanaşa bilmərik. Yaxşı ki, vacib oyunlar olmadı, ilk mərhələdi. Mərdəkan şəhərdən kənarda yerləşir, havalar isti, üstəgəl, oyun başa çatandan sonra mənzilbaşına qayıtmaq, o ərazilərdə stadiona aparan yollar məhdudlaşdırılacaq – bütün bunlar istər-istəməz çətinlik yaradır. İstənilən halda, stadiona gedib dəstəyimizi nümayiş etdirəcəyik. Azarkeşlər üçün ən uyğun variant Respublika stadionudu”.
Elvin Süleymanov, “Qarabağ Ordu”nun rəhbəri: “Qərar verilibsə, nə “Qarabağ”ın edə biləcəyi iş var, nə də bizim. İyulda beynəlxalq tədbir olacaq, ona görə də bu durum yaranıb. Bu məsələdə faciəvi nəsə görmürəm. Mərdəkan dünyanın o başı deyil ki. Şəhərdən ora 20-30 kilometrlik yoldu. Şəxsi fikrimdi ki, “Qarabağ”ı sevən adam üçün stadion və məkan problem olmamalıdı. 3 il əvvəl “Slovan”ı “Dalğa”da qəbul etmişdik. Nə problem oldu ki? Yenə də hamı stadiondaydı. Ola bilsin, narazılıq nisbətən yol uzaqlığına görədi. Amma yenə deyirəm, məsafəni problem etməməliyik. Məncə, bu kimlər üçünsə bəhanədi. Futbolçunun borcu hansı şəraitdən asılı olmayaq meydanda futbol oynayıb, qələbə qazanmaqdısa, bizim də borcumuz məkan, hava şəraiti kimi amilləri əsas gətirmədən tribunada dayanıb komandamızı dəstəkləməkdi. Ona görə də bu məsələni qlobal problemə çevirməyin tərəfdarı deyiləm”.
Ramiz Bayramov, “Qarabag Boys”un rəhbəri: “Hamıya məlumdu ki, qərar məcburiyyətdən verilib. Əlbəttə, bizim üçün ən uyğun məkan Respublika stadionudu. Nə Olimpiya stadionunu istəyirik, nə də “Dalğa Arena”nı. Hətta “Tofiq Bəhramov”da oynamaq mümkün olmasa belə, məncə, ən sərfəli yer “Bakcell Arena”dı. Düzdü, ora əzəli rəqibimiz “Neftçi”nin meydanıdı. Üstəlik, onlar da Avroliqada çıxış edəcəklər. Rəqabət daxili yarışlarda qalır, beynəlxalq arenada hamımız ölkəmizin adı üçün birləşməliyik. “Bakcell Arena” rahat yerdədi, həm də akustikası möhtəşəmdi. Azarkeşlərin dəstəyi orda daha yaxşı hiss olunur, eşidilir. İstənilən halda, “Dalğa”ya gedib sevimli komandamızı dəstəkləyəcəyik”.
HƏBİB