Sizin reklam burada

“Səbail” Bilalın keçidini rəsmiləşdirdi

Title
“Səbail” Bilalın keçidini rəsmiləşdirdi
Bolqarıstanda təlim-məşq toplanışını davam etdirən “Səbail” dünən növbəti transferini rəsmiləşdirib. Gözlənildiyi kimi, son mövsümü “Zirə”də keçirən Bilal Həmdi “dənizçilər”lə müqavilə bağlayıb. Əlcəzairli yarımmüdafiəçi qarşıdakı mövsümdə “Səbail”in uğurları üçün çalışacaq. Qeyd edək ki, “Səbail” buna qədər Kamal Bayramov, Dilan Duventru, Turan Manafov, Ürfan Abbasov, Daniel Bojinovski və Mirabdulla Abbasovu transfer etmişdi.
Beləliklə, Aftandil Hacıyevin komandası Banskoda növbəti sınaq matçına tam heyətlə çıxa biləcək. İlk oyunu Plovdiv “Lokomotiv”inə qarşı keçirən “Səbail”in növbəti dueli də yerli komandaya - “Beroe”yə qarşı olacaq. Bu görüş isə sabah keçiriləcək. İyunun 28-də Rumıniyanın “Klinçeni” komandasıyla üz-üzə gələcək “Səbail” son sınaq matçını iyulun 1-də “Makedoniya”ya qarşı keçirəcək.
Yeri gəlmişkən, “Səbail”in baş məşqçisi Aftandil Hacıyev “Lokomotiv”lə yoxlama oyunu barədə klubun saytına fikirlərini bildirib. Hacıyev 0:1 hesabı ilə məğlub olduqları qarşılaşmanı belə şərh edib: “Toplanış çərçivəsində ilk oyunumuz idi. Əsasən gənc oyunçularımıza şans verdik. Təcrübəli futbolçularımızın bir neçəsi komandaya yeni qoşulub və onlar hələ ki oynamağa tam hazır deyil. Rəqibdən fərqli hazırda biz hazırlığın ilkin mərhələsindəyik. Bolqarıstan çempionatının təqviminə uyğun olaraq, rəqibimiz bizimlə müqayisədə daha hazırlıqlı idi. Bununla belə, oyuna nəzarət etməyə çalışırdıq. Sadəcə, gənc futbolçularımızın təcrübəsi çatmadı ki, rəqib qapısı qarşısında daha təhlükəli epizodlar yaradaq”.
Yeri gəlmişkən, Avropa Liqasının birinci təsnifat mərhələsində “Səbail”in rəqibi olacaq “Universitatya” da yoxlama matçı keçirib. Krayovalılar Rusiyanın “Orenburq” komandası ilə qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib. Hərəyə bir qol vuran tərəflər yekunda bərabərliyə razılaşıblar. Hesabı rumınlar açıb. Fortes 35-ci dəqiqədə komandasını sevindirib. İkinci hissədə Malyarovun qolu oyunda son nəticəni müəyyənləşdirib – 1:1. Qeyd edək ki, “Universitatya”nın növbəti hazırlıq oyunu Azərbaycan çempionu “Qarabağ”a qarşı olacaq. Görüş iyunun 25-də keçiriləcək.
Bu arada "Səbail"in yolları ayırdığı makedoniyalı Tome Kitanovski özünə yeni klub tapıb. O, karyerasını Albaniyada davam etdirəcək. 27 yaşlı sağ cinah müdafiəçisi yüksək liqada çıxış edən "Kukesi" ilə müqavilə imzalayıb. Klubun "feysbuk" səhifəsi Kitanovskiylə "1+1 il" şərtiylə müqavilə imzaladığını açıqlayıb. Tomenin təqdimatını "Kukesi"nin idman direktoru, onun həmyerlisi, "Qarabağ"ın sabiq legioneri Nderim Nedzipi edib. Rauf Əliyevin sabiq klubu olan “Kukesi”nin ötən yay Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ"a uduzduğunu yada salaq. Xatırladaq ki, Kitanovski ötən mövsüm "Səbail"də 23 oyunda 1 qol vurub.
MİRAĞA
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.