Siyasət Əsgərov: “Son anda Bolqarıstanın Bakıya səfəri ləğv olundu”
15 yaşadək qızlardan ibarət yığma bu gündən təlim-məşq toplanışına başlayır. Bu ilin martında Zamir Həsənova tapşırılan yeniyetmələr birhəftəlik hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirəcək. Rəqib Həsənovun rəhbərlik etdiyi digər yığmamız olacaq. Toplanışın detallarını gənc çalışdırıcıdan öyrəndik: "Bu, 15 yaşadək qızlardan ibarət millinin bu il üçün nəzərdə tutulan ilk seleksiya xarakterli toplanışı olacaq. Bildiyiniz kimi, bu ilin martında iki millinin - qızlardan ibarət U-17 və U-15-in baş məşqçisi təyin olmuşam. Həmin vaxtdan AFFA-nın təşkil etdiyi U-13 və U-16 liqalarının oyunlarını izləyərək, uşaqların seleksiyasına başlamışıq. 23 nəfərə bu toplanış üçün dəvət göndərmişik. Hamısı öz uşaqlarımizdı. Ümumiyyətlə, U-15-də yalnız yerli liqalarda oynayan qızlara üstünlük veriləcək. Bu toplanışda da həmçinin ancaq yerli qızlardı. Toplanış 6 gün çəkəcək. İki oyun nəzərdə tutulub. Hər iki görüş U-17 yığmasına namizəd futbolçulara qarşı keçiriləcək. Qarşılaşmalar iyunun 26-sı və 28-də olacaq. Vaxt və məkan eynidi: saat 18.00-da, Mərdəkandakı təlim-məşq mərkəzinin süni meydanında".
Əsas yığma ilə bağlı da xəbərimiz var. Düzdü, milli iyulda istirahət edəcək. Bununla belə, qadın millisi AÇ-yə ciddi hazırlaşır. Komandanın planlarını öyrənərkən baş məşqçi Siyasət Əsgərov yeni xəbərləri çatdırdı: "Bildiyiniz kimi, bu ayın 10-dan 17-nə kimi toplanışında olduq. Əslində həmin arada Bolqarıstan millisi Bakıya gəlməliydi. Bütün detallar razılaşdırılmışdı. Son anda onların problemi yarandı, gələ bilmədilər, səfər ləğv olundu. Beynəlxalq yoxlama oyunu alınmasa da, toplanış baş tutdu. Yığmaya həm yerli, həm də legionerləri dəvət etmişdik. İspaniya ilə oyundan əvvəl son hazırlıq prosesinə avqustun 27-də start verəcəyik. Hələlik həmin toplanışın yeri müəyyənləşməyib. Ola bilər ki, hansısa ölkənin yığması Bakıya gəlsin və iki oyun keçirək. Ya da biz harasa gedə bilərik. Hələ dəqiq deyil, federasiya texniki məsələlərlə məşğul olur. Məqsəd İspaniya ilə oktyabrın 4-dəki beynəlxalq görüşə hazırlaşmaqdı. Hərtərəfli iş gedir. Hazırlığın tərkib hissəsi kimi milli üzvlərinin sanballı ölkə klublarına keçidini həll etməyə çalışırıq. Bildiyiniz kimi, qapıçımız Aytac Şərifova İslandiya klubuna keçib. Aysu Əliyeva Qazaxıstan klublarından biri ilə müqavilə bağlayıb. Daha 3 qızımız isə hazırda Rusiya klublarından birinin düşərgəsindədi. Sadəcə, həmin klub hələlik adının çəkilməsini istəmir. Transfer həllini tapandan sonra bunu hər kəs biləcək. Bugünlərdə həmin 3 futbolçumuzla müqavilə imzalanacaq. Beləliklə, çalışırıq ki əsas millinin üzdə olan üzvlərinin xarici klublara keçidinə şərait yaradaq. Bu, ümumi işimizə xeyirdi. Belədə istər-istəməz səviyyələri qalxacaq. Yığma üzvləri nə qədər səviyyəli çempionatlarda oynasalar, o qədər yaxşıdı. Çünki bizim liqalar yeni yaranıb deyə, səviyyə yüksək deyil".
MİRAĞA