Uzun illər “Neftçi”nin və yığmanın həkimi kimi çalışmış Boris Xetaqurov “feysbuk”dakı səhifəsində arabir tarixə baş vurur, ötənlərin maraqlı olaylarını yada salır. Onun “Futbol həkiminin qeydləri” rubrikası altında növbəti statusunu oxumağa dəyər.
“Neftçi” 1967-ci ilin aprelində futbol üzrə SSRİ çempionatının təqvim oyununda Bakıda “Ararat”la qarşılaşırdı. Oyundan əvvəlki gecəni komanda özünün o vaxt SKA stadionu ilə üzbəüzdə yerləşən təlim-məşq bazasında keçirirdi. Səhərə yaxın, təxminən saat 5-də kimsə qapımı döyəcləyir. Yarıyuxulu açıram, kandarda Tolik Banişevski dayanıb. Qarnını tutub, ağrıdan sir-sifətini turşudub. Ona baxıb diaqnoz qoydum: kor bağırsağın iltihabı. Nə etməli? Hamı yatır. Telefona yaxınlaşıb, “03”ü – “Təcili yardım”ı yığıram.
- Xanım, çağırışı qəbul edin.
- Nə olub?
- Appendisit sancısıdı.
- Soyad?
- Banişevski.
“Təcili yardım”ın dispetçeri kiminsə zarafat etdiyini düşünərək dəstəyi asdı. Yenidən ora zəng edirəm.
- Xanım, sizlə danışan “Neftçi” futbol komandasının həkimidi. Soyadım Xetaqurovdu. Futbolçum Anatoli Banişevski ağır appendisit sancısından əziyyət çəkir. Təcili maşın göndərin. Dərhal xəstəxanaya götürülməlidi.
- Cavan oğlan! Axmaqlığa son verin. Bax indi milisə zəng edəcəm ki, sizin nömrəni qeydə alsınlar.
- Milisə niyə zəng edirsiz? Telefon nömrəm budu: 7-40-50. Təkrar zəng edin.
Zəng etdilər və əmin oldular ki, zarafat etmirəm. “Təcili yardım” maşınını göndərdilər.
Banişevskini Semaşko adına xəstəxanaya apardım. Həmin gecə xəstəxanada növbətçi cərrah Məmməd Əliyev idi. O vaxtilə idmançı olmuşdu, idman gimnastikası üzrə respublika çempionu idi. Tolikə baxıb, qərar verdi: “Təcili əməliyyat stoluna”. Mən telefonun üstünə yürüdüm. “Neftçi”nin bazasına zəng edirəm. Hamı hələ də yatır... Komandanın baş məşqçisi Əhməd Ələsgərovu oyatmaq lazım gəldi.
- Əhməd, qorxma, Banişevski ilə Semaşko xəstəxanasındayıq... Tolyanın appendisiti tutub... İndi onu əməliyyat edəcəklər.
Ələsgərov telefonun o biri ucunda qışqırır:
- Sən nə danışırsan, ağlın qaçıb?!.. Hansı xəstəxana?!.. Nə appendisit?!.. Nə danışdığını anlayırsan?!.. Biz bu gün “Ararat”la oynayırıq!.. Qoy oyunu yola versin, sonra appendisiti kəsərsiz! Gözləyin, indi xəstəxanaya gəlirəm.
- Əhməd, bu çox ciddi məsələdi. Toliki artıq əməliyyat edirlər.
Təxminən bir saatdan sonra Ələsgərov komandanın rəisi Şövkət Orduxanovla birgə xəstəxanaya gəldi. Tolik isə həmin vaxt əməliyyatdan çıxmışdı və palatada yatırdı. Sonradan Səhiyyə Nazirliyinin, İdman Komitəsinin rəhbərliyi də gəldi. Xəstəxanaya Azərbaycan KP MK-nın katibi Əli Əmirov da baş çəkdi. Əli Cabbaroviç böyük futbol həvəskarı idi, “Neftçi”yə hər cür yardım göstərir, komandanı himayə edirdi. Xüsusən Tolik Banişevskini çox sevir, onunla zarafatlaşırdı. Elə burda da zarafatından qalmadı:
- Hə, Banya, bu gün oynayırsan?!
- Bu gün mən yalnız balalayka çala bilərəm.
Bu, Banişevskinin ən sevimli ifadəsi idi. Gənc futbolçulardan kimsə pis məşq edəndə və ya oynayanda Tolik əsəbləşirdi: “Sən niyə futbola əzab verirsən?! Yaxşı olar ki, gedib balalayka çalasan”.
Bax, Anatoli Banişevskini “Ararat”la oyun günü belə əməliyyat etdik...
“Neftçi” isə həmin oyunda 1:0 hesabıyla qalib gəldi. Qolu kim vurdu? Eduard Markarov.