Sizin reklam burada

“Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək

Baxış Sayı:492

“Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək
“Futbol+”in iki ay əvvəlki xəbəri təsdiqini tapdı
“Qarabağ” “Partizani”ni nə Tofiq Bəhramov adına Respublika stadionunda, nə də Bakı Olimpiya Stadionunda qəbul edəcək. Məkan dəyişib və bu dəfə uyğun məkan kimi “Dalğa Arena” seçilib. Tək “Partizani” yox, ağdamlılar hətta bu rəqibi keçsələr, növbəti mərhələdəki ev oyununa da Mərdəkanda çıxacaqlar.
Klubun rəsmi saytı məlumatı iki gun əvvəl yaysa da, biz bu haqda iki ay əvvəl, lap dəqiq desək, qəzetimizin 23-24 aprel sayında yazmışdıq. Səbəb isə iyulun 19-28-i aralığında ölkəmizdə sayca 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsidi. Festivalın yüngül atletikaya bağlı idman növləri Respublika stadionunda təşkil olunacağından, “Qarabağ” hələ 2-3 ay əvvəldən məlumatlandırılmışdı. Biz də öz növbəmizdə məsələni gündəmə gətirmiş, stadionun direktoru Şamil Quliyevin fikirlərini öyrənmişdik: “Bildiyiniz kimi, iyulun 19-dan 28-nə qədər paytaxtımızda gənclər arasında Olimpiya Festivalı keçiriləcək. Artıq bununla bağlı təşkilati işlərə start verilib. Turnirin yalnız yüngül atletika ilə bağlı olan idman növləri mərkəzi arenada təşkil olunacaq. Amma istənilən halda arena iyulun 19-28-si aralığında festivalın sərəncamındadı. Məlum məsələ ilə bağlı “Qarabağ”la söhbətimiz olub. Açığı, “Qarabağ”ın Çempionlar Liqasında, yoxsa Avroliqada çıxış edəcəyi hələ bilinmir. Yəni avrokubok mübarizəsinə hansı tarixdə start verəcəyi dəqiqləşməyib. Belə deyək, iyulun 18-nə kimi oyunları olsa, birmənalı Respublika stadionunda oynayacaqlar. Yox, 19-28-i aralığına təsadüf etsə, o zaman UEFA-yla danışıb ev-səfər qarşılaşmalarının yerini dəyişmək xahiş ediləcək. Fikrimcə, hansısa çətinlik olmayacaq”.
Şamil bəylə danışanda nə “Qarabağ” çempion olmuşdu, nə hansı yarışda mübarizə aparacağı bilinirdi, nə də avrokubok matçlarının tarixləri bəlliydi. Quliyev də buna görə ehtimallar üzərində danışmışdı. Arenanın rəhbəri bildirmişdi ki, “köhlən atlar”ın Bakıdakı oyunu iyulun 18-nə kimi olsa, ağdamlılar rəqibini birmənalı şəkildə Respublika stadionunda qəbul edəcək. “Partizani” ilə qarşılaşma isə iyulun 16-da Bakıda keçirilməlidi. Belədə oyunun yerinin dəyişdirilməsi maraq doğurur.
Suala səbəb olan bir başqa məqam isə növbəti mərhələdəki qarşılaşmanın da “Dalğa Arena”da baş tutmaq ehtimalıdı. Deyək ki, “Qarabağ” “Partizani” səddini keçdi. Növbəti mərhələdəki rəqiblə Bakıda ya iyulun 23-də, ya da 30-da qarşılaşmalıdı. İyulun 23-nə təsadüf etsə, festivalın qızğın vaxtı olacaq və “Tofiq Bəhramov” variantı avtomatik qüvvədən düşür. Amma 30-dakı oyunu ölkənin ikinci ən böyük arenasında keçirmək olar axı. Çünki məlum yarış iyulun 28-də başa çatacaq.
Məhz bu məsələ ətrafında yaranmış bu iki suala cavab tapmaq üçün Şamil Quliyevi yenidən narahat etdik. Direktor bu dəfə ətraflı izah verdi: “Avropa Gənclər Yay Olimpiya Festivalı beynəlxalq tədbir hesab olunur. Və bu cür yarışa son dərəcə diqqətli yanaşmağımız normaldı. Turnirlə bağlı stadionda artıq indidən rənglənmə və bərpa işlərinə start verilib. Qaçış zolağının “zədələnmiş” hissələri yenidən bərpa olunub, rənglənmə işləri görülür. Qaçışa görə ehtiyat oyunçular skamyaları da ordan götürüləcək. Festivalın startına qədər bütün lazımi işlər görüləcək. “Qarabağ” isə “Partizani” ilə turnirin açılışından 3 gün əvvəl oynamalıdı. Arada vaxt azdı. Təsəvvür edin, “Qarabağ”ın oyununa azı 15-20 min azarkeş gəlsə, istər-istəməz stadiona və oturacaqlara yenidən əl gəzdirməli olacağıq. 2-3 gün ərzində bunu çatdırmaq çətin görünür. Deməyim odu ki, istənilən halda işimizi ehtiyatlı tutmalıyıq.
O ki qaldı növbəti mərhələdəki qarşılaşmaya, “Qarabağ” mərhələ adlasa, ya iyulun 23-də oynamalıdı, ya da 30-da. İyulun 23-ü festivalın qızğın vaxtı olacaq. Düzdü, 30-da yarış başa çatmış olacaq. Amma turnirdən sonra arenaya əl gəzdirmək və Çempionlar Liqası matçı üçün hazır duruma gətirmək üçün azı 5-7 gün vaxt lazımdı. Festival təkcə qaçışdan ibarət deyil axı. Digər idman növləri də var: nizəatma, oxatma, çəkicatma – bunlar üçün də xüsusi yerlər hazırlanır”.
Festival və bərpa işləri demişkən, xatırlayırsızsa, yanvarda əsən güclü külək tribunalardan ikisinin dam örtüyünü yerindən qoparmışdı. İlin əvvəlindən bu yana 5 ay vaxt keçsə də, tribunanın damı hələ də təmir olunmayıb. Halbuki turnirin başlamasına 1 aydan az vaxt qalıb. Quliyevlə söhbətdə fürsətdən istifadə edib bununla bağlı da soruşduq: “Məndə olan məlumata görə, örtük Avropadan gətirilib və hazırda Türkiyədədi. Material və gömrük xərcləri ödənilib, qalır Bakıya çatdırılması. Məncə, çox vaxt aparmaz. Ötən dəfə dediyim kimi, uzağı bu ayın sonuna qədər quraşdırılacaq. Festivalın açılışına qədər örtük yerinə bərkidilməlidi, başqa yolumuz yoxdu. O boyda beynəlxalq tədbirdən danışırıqsa, bu və buna bənzər hansısa nöqsan ola bilməz”.
Hə, qayıdaq “Qarabağ”ın rəqib(lər)ini “Dalğa Arena”da qəbul etməsi ilə bağlı qərara. Xəbər çıxandan sonra sosial şəbəkələrdə fərqli reaksiyalara rast gəlmək olur. Qərarı alqışlayanlar da var, qarşı çıxanlar da. Alqışlayanlar “Dalğa”nı Olimpiya stadionundan daha üstün sayanlardı. Etiraz edənlər isə paytaxtın mərkəzindən Mərdəkana gedib-qayıtmağın çətinliyini qabardanlardı.
Madam ki, Respublika stadionu variantı bütün hallarda “suya düşür”, gözlərin Olimpiya stadionu ilə “Dalğa”ya dikilməsi normaldı. Və bu iki variantdan ən uyğunu elə Mərdəkandakı arenadı. Onsuz da təsnifat mərhələlərində azarkeşlərin sayı 40-50 min olmur. 10-15, uzağı 20 min. Belədə bu oyunu 70 minə yaxın tutumu olan BOS-da keçirmək mənasız görünür. Çünki futbolçular fanatların dəstəyini hiss edə bilmir. “Vorskla” və “Sportinq”lə qarşılaşmalar yəqin ki, yadınızdadı. “Dalğa” isə daha kompaktdı və akustikası meydanda top dalınca qaçanlara zövq verir. 6700 azarkeşin verəcəyi dəstək də meydanda və ondan kənarda mükəmməl görünür. İndi siz deyin, BOS-un “lüt” görünməsi yaxşıdı, yoxsa “Qarabağ”ın dolu tribunalar önündə oynaması?!
Xatırladaq ki, “Qarabağ” buna qədər də “Dalğa”da beynəlxalq oyuna çıxmışdı. Bu, 3 il əvvələ - 2016/17 mövsümünə təsadüf edir. Ağdamlıların 2016-cı il sentyabrın 15-də, Avroliqanın qrup mərhələsinin ilk turunda “Slovan”ı məhz Mərdəkanda qəbul etmişdi. Qarşılaşma Rəşad Sadıqovun son saniyələrdə vurduğu qolun hesabına 2:2 nəticələnmişdi.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR