Yeni yaradılan Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqı rəsmilərinin futbol ictimaiyyəti ilə görüşləri davam edirir. Nazim Süleymanovun rəhbəri olduğu qurumun üzvləri bu dəfə Buzovnaya yollanıblar. İttifaqın rəhbəri Bakıətrafı qəsəbənin futbol veteranları ilə görüşdə təşkilat barədə məlumat verib: “Buzovna qəsəbəsi müstəqil Azərbaycanın futbol tarixində ilk illərdən təmsil olunub. Qəsəbənin “Xəzri” komandası Azərbaycan çempionatında iştirak edib.Özü də uğurla çıxış edib. Qəsəbədə xeyli futbol veteranı var. Üstəlik, burda futbolu sevən insanlar da yetərincədi. Ona görə də Buzovna qəsəbəsində futbol ictimaiyyətinin geniş kontingenti cəmləşib. Biz bu kontingentlə görüşməyə borclu idik. Onlara təşkilatın məram və məqsədi, gələcək planlarımız barədə geniş məlumat verdik”.
Süleymanov Buzovna qəsəbəsinin futbol ictimaiyyəti ilə görüşdə səmərəli müzakirə apardıqlarını da vurğulayıb: “Çox təəssüf ki, hazırda Buzovnanın da futbol veteranları, ümumiyyətlə, futbol ictimaiyyətinin nümayəndələri futbol sahəsindən kənarda qalıblar. Onların futbola öz baxışları, yanaşma tərzləri, Azərbaycanda futbolunun inkişafı və təbliği ilə bağlı dəyərli fikirləri var. Görüşdə bu fikirləri dinlədik.
Buzovnanın futbol ictimaiyyəti yeni yaradılan təşkilat barədə də fikirlərini bildirdilər, onun fəaliyyətini necə görmək istədikləri ilə bağlı təkliflərini səsləndirdilər. Heç şübhəsiz, təşkilatın gələcək fəaliyyətində bu təkliflər mütləq nəzərə alınacaq”.
Sonda onu da xatırladaq ki, Nazim Süleymanovun rəhbəri olduğu Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının nümayəndələri Buzovnadan əvvəl Cəncə və Masallıya səfər etmiş, yerli futbol veteranları və futbol ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdülər.
RƏŞAD