Sizin reklam burada

Tanıtma

Baxış Sayı:430

Tanıtma
Partizani
Tam adı: Futboll Klub Partizani Tirane
Ləqəbi: qırmızı öküzlər, qırmızılar
Yaranma tarixi: 1946
Stadionu: "Salman Stermasi" stadionu (9500 yerlik)
Təmsil etdiyi şəhər: Tirana
Prezidenti: Qazment Demi
Baş məşqçisi: Franko Lerda
Çıxış etdiyi çempionat: Superliqa
Son mövsüm tutduğu yer: 1
Forma rəngi: qırmızı (ev), ağ (səfər), qara (üçüncü forma)
Uğurları: 16 dəfə ölkə çempionu (1947, 1948, 1949, 1954, 1957, 1958, 1959, 1961, 1963, 1964, 1971, 1979, 1981, 1987, 1993, 2019), 15 dəfə ölkə kubokunun qalibi (1948, 1949, 1957, 1958, 1961, 1964, 1966, 1968, 1970, 1973, 1980, 1991, 1993, 1997, 2004), ölkə superkubokunun qalibi (2004)

Avrokuboklardakı göstəricisi
Çempionlar Liqası 20 4 5 11 9-31
Kuboklar Kuboku 10 2 3 5 8-11
İntertoto kuboku 6 2 0 4 7-13
UEFA kuboku/AL 21 1 3 17 10-41
cəmi 57 9 11 37 34-96

“Partizani” 2-ci Dünya Müharibəsi başa çatandan və Albaniya azad ediləndən dərhal sonra, 1946-cı il fevralın 4-də təsis edilib. Ancaq bir il öncə milli çempionatda iki hərbi bölmə komandası olub. Bunlar “Yilli Şkoder” və “Liriya Korçe” adlandırılıblar. Daha sonra adı çəkilən komandalar “Uştriya” adı altında birləşiblər. Fevralın 4-də bu komanda ölkənin azadlığı uğrunda mübarizə aparan alban partizanların şərəfinə adlanaraq, daha mütəşəkkil idman klubuna çevrilib. Klubun erkən tarixi dövründə Şanderberq Hərbi Liseyindən və Alban Hərbi Akademiyasından olan oyunçular “Partizani”də çıxış edib. Bu ad altında ilk rəsmi oyununu aprelin 7-də “KF Tirana”ya qarşı keçirib və Osman Pengili ilə Qamil Pelitinin qolları ilə qələbə (2:0) qazanıb.
Həmin il ölkə birinciliyində iştirak etməyən “qırmızılar” növbəti mövsümdən elitada “at oynatmağa” başlayıb. Belə ki, 1947-ci ildə “Vlajniya”nı geridə qoyaraq ilk çempionluğunu qazanıb. Özü də Tirana təmsilçisi 56 qol vurduğu halda qapısında cəmi 15 qol görüb. İlk “qızıl” baş məşqçi Slave Lambinin adı ilə bağlıdı. Növbəti mövsüm Albaniya Futbol Federasiyası formatda dəyişiklik edib və komandalar A və B qruplarında mübarizə aparıblar. Özü də bu bölgü şimal və cənub təmsilçilərinə əsasən aparılıb. “Partizani” A qrupunda “Vlajniya” ilə eyni xal toplasa da, top fərqindəki üstünlük sayəsində finala vəsiqə qazanıb. Həlledici görüşdə “Flamurtari” ilə qarşılaşan “qırmızı öküzlər” 6:2 hesablı qələbə ilə ikinci dəfə ən güclü adını qazanıb. Elə həmin il “Partizani” kubokda da rəqib tanımayıb. Finalda paytaxtın eyniadlı komandasını 5:2 hesabıyla məğlub edən “qırmızılar” tarixində ilk dəfə həm “ikinci cəbhə”nin qalibi olub, həm də “qızıl dubl” edib. Növbəti mövsüm isə eyni uğur təkrarlanıb: çempionatda “Vlajniya”nı qabaqlayan “qırmızı öküzlər” kubokun finalında yenə də “Flamurtari”ni üstələyib. Bu dəfə 1 cavabsız qolla.
1950-ci ildən başlayaraq Albaniya Futbol Federasiyası “Partizani”ni sıxmağa başlayıb. Aşkar şəkildə Daxili İşlər Nazirliyinin “Dinamo” komandası irəli çəkilib. Beləcə arıdıcıl 4 il çempionatda “Dinamo” birinci, “Partizani” isə ikinci olub. Kubokda 1950-54-cü illərdə 4 dəfə “qırmızılar” finalda uduzubsa, DİN-in komandası 5 dəfə “ikinci cəbhə”nin qalibi olub. Bir sözlə, 1950-56-cı illər ərzində, “Dinamo”nun meydan suladığı dövrdə Tirana təmsilçisi yalnız 1 dəfə superliqanın qalibi oldu. Nəhayət, 1957-ci ildə hər iki “cəbhə”də qalib olun “Partizani” uzun müddətdən sonra “qızıl dubl”un sevincini yaşayıb. Bu uğur sayəsində bölgədə keçirilən bir sıra beynəlxalq turnirlərə qatılmaq imkanı qazanılıb. Avrokuboklardakı ilk oyunu isə 1962-ci ilə təsadüf edib. Çempionlar Kubokunun (indiki ÇL) ilk turunda “Norçöpinq”lə evdə heç-heçə etsə də, səfərdə İsveç klubu 2 cavbsız qolla qalib gəlib. Bundan sonra müntəzəm qitəmiqyaslı tunrirlərin təsnifat mərhələlərində çıxış edib. Maraqlıdı ki, “Partizani” avrokubokların qrup mərhələsini görməyib. Komanda cəmi 4 dəfə təsnifatda mərhələ adlaya bilib. Üstəlik, tiranalılar beynəlxalq arenada son 15 oyunda qələbəyə həsrətdi. “Partizani” avrokuboklarda sonuncu dəfə 2006-cı ildə “Etnikos”a (Cənubi Kipr) 2:1 hesabıyla qalib gəlib.
Ötən mövsüm Albaniya çempionatında 70 xalla birinci yeri tutub. Bununla da 1993-cü ildən bəri davam edən çempionluq həsrətinə son qoyulub. Ən yaxın izləyicisi “Kukesi”ni 11 xal qabaqlayıb. “Qızıl”a aparan yolda 20 qələbə qazanıb, 10 heç-heçə edib, 6 dəfə məğlub olub. Top fərqi isə 45-22 olub. Çempion statusuna uyğun ən çox qol vurub ən az top buraxan komandadı. “Partizani” indiyədək “Qarabağ”la qarşılaşmasa da, digər klublarımızla bir neçə dəfə yoldaşlıq oyunlarında üz-üzə gəlib. Belə ki, 2014-cü ildə Antalyada yoldaşlıq oyununda “Neftçi” ilə qarşılaşan “qırmızı öküzlər” 0:2 məğlub olmuşdusa, 2017-ci ildə qardaş ölkədəki digər sınaq matçında “Qəbələ”yə 2:1 hesabı qalib gəlmişdi. Bu uğur alban mütəxəssis Şkender Qeqa ilə qazanılsa da, bu yay baş məşqçi postunda dəyişiklik edilib. Komandanın “sükanı arxasına” 51 yaşlı italiyalı Franko Lerda gətirilib. Heyətində alban futbolçular çoxluq təşkil edir. Bundan başqa, Nigeriya, Şimali Makedoniya, Kosovo, ABŞ, Qambiya, Finlandiya, Braziliya, Qana kimi ölkələrdən də futbolçuları var.
FARİZ hazırladı

Reaksiyalar
Qurban Qurbanov, “Qarabağ”ın baş məşqçisi: "Hər zamankı kimi ciddi rəqiblə qarşılaşacağıq. Albaniya klubları çox intizamlı oyun göstərirlər. Bizi çətin qarşılaşmalar gözləyir. Bildiyim qədər komandanı yeni baş məşqçi çalışdıracaq. Bizim üçün tanış olmayan rəqib olacaq, ötən mövsümdəki komandayla builki arasında fərq çox olacaq, həm məşqçi dəyişikliyi, həm də ola bilər ki, yeni transferlər. Həddən artıq ciddi və diqqətli olmalıyıq".
Rəşad Sadıqov, “Qarabağ”ın kapitanı: “Bizi iki çətin oyun gözləyir. Albaniya çempionuna qarşı oynayacağıq. Ötən il də bu ölkənin komandasıyla qarşılaşmışdıq. Bu oyunlara çox ciddi və yaxşı hazırlaşmalıyıq. Məşqçilər heyəti rəqibi təhlil edəcək və bizə lazım olan məlumatı verəcək. Hazırda ən vacibi odu ki, özümüz yaxşı hazırlaşaq və yaxşı formada olaq. Çünki Çempionlar Liqasıdı, burda hər rəqib təhlükəlidi. İstədiyimiz oyunu nümayiş etdirmək üçün yaxşı hazırlaşmalıyıq”.
Franko Lerda, “Partizani”nin baş məşqçisi: "Bu, mənim “Partizani”də ilk günüm idi. Meydanda uşaqlarla görüşdüm. Çox pozitiv görüş oldu. Yaxşı məşq keçdik. Böyümək və inkişaf etmək istəyən komanda gördüm. Püşkdən əvvəl arzuladığım xüsusi bir rəqib yox idi. Biz yalnız qarşıdakı oyunu düşünməli və matça həm fiziki, həm də texniki baxımdan hazır olmalıyıq. Mərhələni keçmək üçün isə hər şeydən öncə psixoloji hazırlığımızdan əmin olmalıyıq. Çünki indi asan oyun yoxdu. İnanıram ki, hər şey yaxşı olacaq”.
Ansi Aqolli, “Qarabağ”ın sabiq alban futbolçusu: “Bu gün futbolda hər şey mümkündü. Məntiqlə düşünsək, iki komandanın növbəti mərhələyə adlamaq şansı var. Hər şey meydanda həll olunacaq. “Qarabağ” Avropa təcrübəsinə sahibdi. Bu baxımdan Azərbaycan klubunu üstün görmək olar. Sabiq komandam Avropa Liqasının, Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparıb. “Partizani” pis komanda deyil, lakin heyətinin əksəriyyəti gənc oyunçulardı. Onlar son ildə çempion oldular. Məntiqlə, “Qarabağ” daha şanslıdı. Son illərdə onların heyəti çox dəyişib. 2016/17 mövsümündə Avroliqanın pley-offunda oynayan komandadan yalnız bir neçə futbolçu qalıb. Son mövsüm yeni oyunçularla çox yaxşı çıxış etdilər. Xüsusən heyətdəki vingerlər diqqəti çəkirlər. “Partizani” ölkəmin komandasıdı. Məni bu kluba bağlayan, sadəcə, Albaniya və Tirananı təmsil etməsidi. “Qarabağ” isə mənim həyatımdı. Bütün karyeram ora bağlıdı. Qurban Qurbanov mənim atam kimidi. Rəşad Sadıqov isə qardaşımdı. Biz onlarla yaxşı və pis günlər yaşadıq. Birlikdə ağır və xoş günlərimiz oldu. Maksim Medvedev, Qara Qarayev, Riçard Almeyda mənim ailəmdi. Bütün “Qarabağ” mənim sevimli dostlarımdı. Əlbəttə ki, “Qarabağ”ın uğur qazanmasını istəyirəm”.
Sabien Lilay, “Qəbələ”nin sabiq alban futbolçusu: "Qarabağ"ın orta sahəsi daha güclüdü. Zəif nöqtəsi kimi bəzən müdafiədə boşluqlar buraxdıqlarını göstərə bilərəm. Komandanın qolçusu yoxdu, ancaq hazırda transferi ilə bağlı xəbərsizəm. Əlbəttə, "Partizani" rəqibini zəif görə bilməz. "Neftçi"nin çox yaxşı mövsüm keçirməsinə baxmayaraq, yenə də "Qarabağ" çempion oldu. Bu üzdən "Partizani" onlara qarşı çox yaxşı iki oyun keçirməlidi".
HƏBİB hazırladı

Oxşar xəbərlər
SON XƏBƏRLƏR