Ölkəmizi ilk dəfə avrokuboklarda təmsil edəcək “Səbail" iyunun 18-dən Bolqarıstandadı. Komanda səhər saatlarında Bakı - Sofiya hava reysi ilə Bolqarıstan paytaxtına yollanıb. "Dənizçilər" ordan təlim-məşq toplanışı keçəcəkləri Bansko şəhərinə avtobusla 2 saatlıq yol qət edib. Bakıdan 16 futbolçuyla yola çıxan Aftandil Hacıyev əvəzedicilərdən ibarət komandadan bir gənc oyunçusu səfərə aparıb. Bu, U-19-un üzvü olan sol cinah müdafiəçisi Murad Məmmədovdu. Maykl Essyen də Banskoda komandaya qoşulub. Aftandil bəy “köhnə qvardiya”dan bir yetirməsinin yolunu gözləyir. Bu, millinin üzvü Ağabala Ramazanovdu. Ağabala millinin matçlarından sonra xaricdə istirahətdədi və o da Banskoda hazırlığa qoşulacaq. Maraqlıdı ki, Ramazanovdan fərqli "Səbail"in milliyə cəlb olunan digər üzvü Şəhriyar Rəhimov Bakıda məşqlərə qoşularaq komandayla birgə səfərə çıxıb.
“Səbail” Bolqarıstanda yeni transferlərin də yolunu gözləyir ki, onlardan hələ ki sabiq "Zirə"li Bilal Həmdinin adı məlumdu. Onunla Bolqarıstanda rəsmi müqavilənin imzalanması nəzərdə tutulub. Həmdiylə yenidən komanda yoldaşı olacaq Dilan Duventru isə "Səbail"ə keçidini Bakıda rəsmiləşdirərək səfərə çıxıb. "Səbail" Mirbabdulla Abbasovun da yolunu artıq Bolqarıstanda gözləyəcək. “Neftçi”dən ayrılmaq istəyən hücumçunun məsələsinə qarşıdakı günlərdə tam aydınlıq gələcək.
Püşkdə üzü gülməyən "Səbail" heyətlə bağlı problemlərini yoluna qoymaqdadı. Düzdü, Maudo Jarjue ilə yollar rəsmən ayrılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Paytaxt təmsilçisinin sosial şəbəkə hesabında qvineya-bisaulu futbolçuya təşəkkür edilib: “Səbail" Futbol Klubunun kollektivi adından iki gözəl və emosional mövsüm üçün təşəkkür edirik! Uğurlar, Çuka boy!” Jarjue artıq özünə yeni klub da tapıb. 21 yaşlı müdafiəçi karyerasını Avstriyada davam etdirəcək. O, bundesliqada mübarizə aparan "Austriya" ilə anlaşıb. Vyana klubu Maudonun keçidini rəsmi saytı vasitəsilə bəyan edib. Qeyd edək ki, Maudo Jarjue 2017-ci ildə Portuqaliyanın "Jil Visente" klubundan "Səbail"ə keçmişdi. O, bu komandada geridə qalan iki mövsüm ərzində 50 oyuna çıxıb, 4686 dəqiqə meydanda olub.
Əvəzində “Səbail” əsas oyunçularından birini geri qaytara bilib. Söhbət "dənizçilər"in bürünc medal qazanmasında əsas pay sahiblərindən olan Yevgeni Koçukdan gedir. Belə ki, Moldova millisinin üzvü ilə prinsipial razılıq əldə olunub. Koçuk bugünlərdə komandanın Bansko şəhərindəki toplanışına qatılacaq. Bu, Yevgeninin "Səbail"ə 3-cü gəlişi olacaq. O, ilk dəfə 2017/18 mövsümünün qış fasiləsində Slovaliyanın "Jilina" klubundan 6 aylığa icarəyə gəlmişdi. Mövsüm bitəndən sonra "Jilina"ya qayıdan futbolçu az sonra müqaviləsini pozaraq Bakı təmsilçisinə bu dəfə sərbəst futbolçu kimi qoşuldu və 1 illik müqavilə imzaladı. Koçuk ötən mövsüm bitəndən sonra yenidən "Səbail"dən gedərək daha güclü kluba keçmək istəsə də, görünür, bu planı baş tutmayıb.
Aftandil Hacıyevin komandası artıq Banskoda iki məşq keçib. İlk rəqib yerli “Lokomotiv”di ki, oyun sabah baş tutacaq. Qeyd edək ki, "Səbail" 4 yoxlama matçı keçirəcəyi Bolqarıstandakı hazırlıq prosesini iyulun 2-də bitirərək Bakıya qayıdacaq. Komanda bu müddətdə daha 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Rəqiblər “Beroe” (Bolqarıstan), “Klinçeni” (Rumıniya) və “Makedoniya” (Şimali Makedoniya) olacaq.
MİRAĞA