Sizin reklam burada

Tanıtma

Baxış Sayı:541

Tanıtma
Universitatya
Tam adı: Universitatea Craiova 1948 Club Sportiv
Ləqəbi: tələbələr, aslanlar, ağ-göylər
Yaranma tarixi: 1948
Stadionu: "Yon Oblemenko" stadionu (30983 yerlik)
Təmsil etdiyi şəhər: Krayova
Prezidenti: Sorin Çartyu
Baş məşqçisi: Korneliu Papure
Çıxış etdiyi çempionat: Liqa 1
Son mövsüm tutduğu yer: 4
Forma rəngi: ağ-göy (ev), göy-ağ (səfər), ağ-qara (üçüncü forma)
Uğurları: 4 ölkə çempionu (1974, 1980, 1981, 1991), 7 dəfə ölkə kubokunun qalibi (1977, 1978, 1981, 1983, 1991, 1993, 2018)

Avrokuboklardakı göstəricisi
Çempionlar Liqası 10 3 2 5 12-14
Kuboklar Kuboku 10 4 2 4 19-15
UEFA kuboku/Avroliqa 42 20 6 16 27-39
cəmi 62 27 10 25 58-58

Krayova şəhərində futbol tarixi 1921-ci ildə ilk komandaların yaranması ilə başladı. Bunlar “Kroyavan” və “Rovine Qrivitsa” idi. Tərəflər 1940-cı ildə “FC Krayova” adı altında birləşsələr də, bir müddət rəsmi şəkildə tanınmayıblar. Nəhayət, 1948-ci ildə maşın və elektrik cihazları institutunun voleybol, həndbol, stolüstü tennis, şahmat və futbol bölmələri olan idman klubu yaradıldı. Təhsil Nazirliyi və Milli Tələbə Birliyinin təsis etdiyi “UNSR Krayova” öncə bölgə çempionatında iştirak etdi. Komanda ilk rəsmi matçını 1948-ci il sentyabrın 5-də Krayovadan 34 km şimal-qərbdə yerləşən Filiyaşidə yerli komandaya qarşı keçirdi və 3:6 hesabıyla məğlub oldu. Ağ-göy forma da elə ilk illərdən müəyyən edilən rənglərdi. 1951-ci ildə komandanın adı “CSU Krayova”, 2 il sonra isə “Ştinta Krayova” oldu. Ta ki 1966-cı ilin yayından klub indiki kimi “Universitatya” adlanmağa başladı. Lakin uzun müddət “Ştinta” adı tərəfdarların dilindən düşmədi və oyunlar zamanı şüarlar səsləndirilərkən bu ifadəni eşitmək mümkün idi.
1970-ci illərdən etibarən klub yüksəliş dövrünə qədəm qoyur. İlk çempionluq isə 1973/74 mövsümünə təsadüf edir. Elə komandanın ləqəbinə çevrilən şüar da bu illərin məhsuludu. Söhbət “Böyük bir sevginin çempionu” ifadəsindən gedir. Şüarın müəllifi isə komandanın qatı azarkeşlərindən olan şair Adrian Poneskudu. 1974-cü ildə avrokuboklarda debüt edən “tələbələr” Çempionlar Kubokunda (ÇL) “Otvidaberq”lə (İsveç) qarşılaşdı və iki oyunun cəmində 3:4 hesabı ilə uduzaraq təsnifat mərhələsini aşa bilmədi. Hər halda, 1993-cü ilə qədər komanda 10 titul qazanmağı bacardı. 80-ci illərin ilk yarısında “Universitatya”da “qızıl nəsil” sayılan futbolçular top qovurdu. Onlar hətta Rumıniya millisinin əsasını təşkil edirdilər. Avrokuboklardakı ən yüksək nəticələri də 80-ci illərin əvvəllərinə təsadüf edir. 1982-ci ildə komanda ÇK-da 1/4 finala qədər irəlilədi. Ancaq “tələbələr”in bundan artığına gücü çatmadı. Krayova təmsilçisi evdə “Bavariya”ya 2 cavabsız qolla uduzdusa, səfərdə heç-heçə (1:1) etdi. İki oyunun nəticəsi məhz almanları yarımfinala daşıdı. Növbəti il isə “Universitatya” UEFA kubokunda daha da irəli getdi. Komanda bu dəfə yarımfinalda mübarizəni dayandırdı. Rumınlar “Benfika” səddinə ilişdilər.
Artıq uzun müddətdi Krayova təmsilçisi titula həsrət qalıb. Hətta 2011-ci il iyulun 20-də Rumıniya Futbol Federasiyası “Universitatya”nı tarixin yaddaşına qovuşdurmaq qərarına gəlib. Maraqlıdı ki, qərarın verildiyi məhkəməyə də hücum edilib. Keçmiş baş məşqçi Viktor Pitsurkenin şikayəti durumun ağırlaşmasına səbəb imiş. Həmin vaxt bütün futbolçulara azad agent statusu da verilibmiş. Bir sözlə, maliyyə problemləri komandanın 2 il fəaliyyətini dayandırması ilə nəticələnib. 2013-cü ildə isə Krayovada yerli hakimiyyət orqanlarının klub rəhbərliyini dəstəkləməsi fonunda klub yenidən formalaşdırılıb. “Tələbələr” 2013/14 mövsümündə aşağı liqanın qalibi olaraq, yenidən güclülər dəstəsinə yüksəlib. Bununla belə, əvvəlki nəticələrin bu kluba aid edilib-edilməməsi məsələsi də müzakirələrə səbəb olub. Təxminin 4 il mübahisəli durum davam edib. Hər halda, 2017-ci ildə verilən qərar nəticəsində yenilənmiş klubun tarixi komandanın varisi olduğu təsdiqlənib.
“Universitatya” ötən mövsüm 36 xalla 4-cü olub. Kubokda isə yarımfinalda “Vitorul” səddinə ilişib. Bu komandanın heyətində bizə yaxşı tanış olan legionerlər çıxış edir. "Qəbələ"nin sabiq hücumçusu Andrea Kristea və ölkəmizdə "Zirə" və "Keşlə"nin formasını geyən Sezar Meza Kolli də Krayova təmsilçisinin şərəfini qoruyur. Andrea 2014-cü ildə, Sezar isə 2016-18-ci illər aralığında Azərbaycanda top qovub. Komandanın heyətində kifayət qədər legioner var. Bunlar İtaliya, Portuqaliya, Kot d`İvuar, Xorvatiya, Bolqarıstan, İsveçrə, Bosniya və Hersoqovina, Paraqvaydan olan oyunçulardı. Komandanı 45 yaşlı rumın mütəxəssis Korneliu Papure çalışdırır.
FARİZ hazırladı

Reaksiyalar
Aftandil Hacıyev, “Səbail”in baş məşqçisi: “Görünən odu ki, püşkdə daha münasib komandalar olsa da, potensial rəqiblərdən ən güclüsü bizə düşdü. Ancaq layiqincə mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik. Məqsədimiz futbolçuları hər iki oyuna daha yaxşı hazırlamaqdı. Rəqibimiz köklü komandadı. Heyətlərində fərdi keyfiyyətləri yüksək olan futbolçular var. Hətta onlardan bir neçəsini tanıyıram. “Transfer pəncərəsi”ndə menecerlər tərəfindən təklif olunanlar arasında rəqibin heyətində olan futbolçular da var. Çətin rəqib olsa da, pozitiv düşünürük. Məqsədimiz ölkəmizi layiqincə təmsil etməkdi”.
Adrian Pits, “Xəzər Lənkəran”ın sabiq rumın futbolçusu: “Universitatya” pis komanda deyil. Xüsusilə sonuncu mövsümdə yaxşı təsir bağışladılar. Amma məndə olan məlumata görə, bəzi futbolçularla yollar ayrılıb və daha bir neçə nəfər komandanı tərk edəcək. Yeni stadionları var, hər ev oyununda azarkeşlərlə dolu olur. Xüsusi məqam kimi bunu qeyd edərdim. Evdə - azarkeşlərin önündə daha inamlı və təhlükəli görünürlər. Oynadıqları futbol barədə nə deyə bilərəm? Xüsusi nəsə etmirlər, sadəcə, ağılla, mövqelər üzrə oynayırlar. Həm fiziki cəhətdən hazırlıqlıdılar, həm də texniki bacarıqları yaxşıdı”.
Abbas Zahidi, Rumıniyada yaşayan həmyerlimiz: "Universitatya"nın büdcəsi 9 milyon avrodu. Bu il 1,5 milyon avronu yalnız transferlər üçün xərcləyəcəklər. Az pul deyil. Yetərincə maraqlı oyunçular əldə etmək olar. Məsələn, "Politexnika İaş"dan Kamer Qakanı aldılar və 150 min avro transfer haqqı ödədilər. Bundan əlavə onlar Aleksandru İonitsanı da almaq istəyirlər. Onun keçidi üçün 800 min avronu ciblərindən çıxarmağa hazırdılar. Bu oyunçu bizə çox tanışdı. Belə ki, “Astra” – “Zirə” oyununda “10” nömrəli futbolçu idi. Xatırlayırsızsa, "Zirə"ni müdafiə xəttini yormuşdu. "Səbail" kimi, rəqibi də komandanın yarısını yola salıb. Klublar arasındakı fərq odu ki, "Universitatya" öz oyunçularını başqa klublarda icarə əsasında oynadırdı və hazırda onlar kluba qayıdıblar. Onlardan biri Mihyi Romandı. Bundan əlavə Vladoyu da "Dunarea Kalaraş"dan öz klubuna qayıdacaq. "Universitatya"nın güclü hücum xətti var. Yovan Markoviç bu mövsüm ulduz oyunçu ola bilər. Orta sahədə Aleksandru Mateyu və Kristi Barbuts çox seçilirlər.
Qapıçıları Mirko Piqliaçelli də öz işini yaxşı görür. Müdafiə xətti bir az naməlumdu. Çox güman, arxa xətdə yeni oyunçular görəcəyik. Bir braziliyalıları var, bizim Denis Silvaya oxşayır. Bəzən yaxşı oynayır, bir də görürsən elə səhv edir ki, adam onun futbolçu olmasına təəccüblənir. Adı Tyaqo Ferreyradı. Tanıdığımız Sezar Meza Kollini tez satmaq istəyirlər. Ondan narazı qaldılar. Çox vaxt ehtiyatda qalan futbolçu ümidləri doğrultmadı. Həmçinin vaxtilə Azərbaycanda oynamış Andrea Kristea da komandadan uzaqlaşdırılıb. Klubun maliyyə mənbəsi çox güclüdü. Amma hələ futboldan güclü pul qazanmayıblar. Bu il çempionluğa oynamaq istəyirlər. Ən azı klubun sahibi belə deyir. Ona görə ciddi transferlər etməyə hazırlaşırlar. Yoldaşlıq oyunlarını da ciddi klublara qarşı keçirəcəklər. Onların arasında "Qarabağ" da var. “Universitatya" hələ yalnız bir rəsmi transfer edib. Çox güman, iyulda daha çox transfer görəcəyik”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR