Qluşenko: “Finala çıxmaq və fəxri titulu qazanmaq ikiqat xoş idi”
Mövsümün sonunda "Qəbələ"dən ayrılan ukraynalı məşqçi Aleksandr Qluşenko footboom.kz portalına müsahibə verib. “Qırmızı-qaralar”ın qapıçılarla işləyən məşqçisi həm Azərbaycandakı karyerasından danışıb, həm də başqa məsələlərə toxunub.
- Geridə qalan müddətdə Aleksandr Aleksandroviç "Qəbələ"də hansı uğurları qazanıb?
- Azərbaycan çempionatının ikiqat gümüş mükafatçısı, ölkə kubokunun finalçısı və son qalibi olmuşuq. Naxçıvanda keçirilən həlledici matçda "Sumqayıt"ı 1:0 hesabıyla məğlub etdik. Yəqin bilirsiz ki, "Qəbələ" Avropa Liqasının qrupunda "Maynts-05", "Anderlext" kimi komandalarla oyunlarda gücünü sınayıb. Qrupa düşmək üçün isə "Lill" və "Maribor" kimi klubları mübarizədən kənarlaşdırıb. Bunlar əvvəlcə Roman Qriqorçukun, ardınca onun köməkçisi olmuş, indi də “sükan arxasında” olan Sənan Qurbanovun başçılığı altında məşqçilər korpusunun qazandığı uğurlardı.
- Yəqin ki, "Qəbələ" Qriqorçukun köməkçisini təsadüfən baş məşqçi təyin etməyib...
- Qriqorçuku xüsusi təqdim etməyə ehtiyac yoxdu. O, güclü məşqçidi. Onun taktikası sayəsində "Qəbələ" iki il ardıcıl Avroliqada qrupa düşdü. Onun məşqçilər korpusunda çalışmaq maraqlı idi. Sənan Qurbanov isə çox yaxşı məşqçidi. Vaxtilə Muntyanu və Syominin də köməkçisi işləyib. O, komandanı ən çətin vaxtda qəbul etdi. Bu komanda ilə Azərbaycan kubokunda finala çıxmaq və fəxri titulu qazanmaq ikiqat xoş idi. Sənan hələ gəncdi. Amma kifayət qədər təcrübəsi var və gələcəkdə yaxşı mütəxəssis olacağına şübhə etmirəm. "Qəbələ" onun rəhbərliyi altında yüksək səviyyədə sabit oynamağa qadirdi.
- Xatırlayırsızsa, Qazaxıstanda 3 ilə gənclər yığması üçün Sultan Busurmanov kimi qapıçı hazırlamışdız. Bəs Azərbaycanda bu mənada nə edə bildiz?
- Əlbəttə, çox şey istedad və istəkdən asılıdı. Bu mənada təcrübəli Dmitri Bezotosnı və Anar Nəzirov, həmçinin gənc Murad Popovla əla anlaşmamız var idi. Popov bu mövsüm Azərbaycanın gənclər yığmasına da dəvət olundu. Yeri gəlmişkən, bu yığmanı Ukraynada yaxşı tanınan Milan Obradoviç çalışdırır.
- Ukrayna, Qazaxıstan və Azərbaycanda futbola baxış, yəqin ki, bir-birindən fərqlənir...
- Futbolun dili hər kəsə aydındı. Mənə istənilən yerdə işləmək rahatdı. Ümid edirəm ki, başqaları da haqqımda bu cür düşünür. Çoxlu dost, yaxşı tanışlar qazandım. İnternetin köməyi ilə indi də onlarla əlaqə saxlayıram. Mənim üçün çox faydalı təcrübə oldu. Buna görə taleyimə minnətdaram. Ukrayna və Qazaxıstanla müqayisədə Azərbaycan futbolu hazırda inkişafdadı. Uşaq futboluna böyük vəsait yatırılır. Dövlətin nəzarəti altında ölkəyə əcnəbi məşqçilər dəvət olunur. Bütün bunlar tamaşaçı marağını stimullaşdırır. Bakıdakı Avropa Liqasının finalı böyük futbolun şərqdəki ciddi sıçrayış faktıdı.
RƏŞAD hazırladı