Sizin reklam burada

Samir Əliyev 0:4-ə görə özünü suçladı

Baxış Sayı:672

Samir Əliyev 0:4-ə görə özünü suçladı
"Kənardan baxanda ürəyim yanır, uduzmaq olar, amma belə yox"
19 yaşadək futbolçulardan ibarət yığma bir neçə gün əvvəl Belarusdan - təlim-məşq toplanışından döndü. Samir Əliyevin komandası Minskdə 2 oyun keçirdi ki, belaruslu həmyaşıdları ilə ilk matçda darmadağına məruz qaldı, 3 gün sonra isə məğlubiyyətin əvəzini minimalhesablı qələbə ilə olsa da, çıxmağı bacardı. Qeyd etdiyimiz kimi, U-19 Belarusdan ayın 10-dan 11-nə keçən gecə qayıdıb. Gənc mütəxəssislə əlaqə saxlayıb toplanışla bağlı fikirlərini, Minsk təəssüratını öyrəndik. Əliyev ayın 8-dəki 0:4-də məşqçilər korpusunun səhvini qabartdı: "Yığmada oynayanlar və namizədlər əsasən divizonda oynayır, yalnız bir-iki nəfər gənclər liqasında çıxış edir. Mayın 11-də divizionda mübarizə bitdi. İyunun 8-i və 10-da Belarusla iki yoldaşlıq oyunu keçirdik. Hardasa biraylıq fasilə olacağını nəzərə alıb çempionatdan sonra toplanışlar saldıq. Biz mayın 13-dən 19-na kimi Bakıda 1 həftəlik təlim-məşq toplanışında olduq. Ardından üc gün istirahət verib Qəbələyə yollandıq, bir həftə də məşqləri orda davam etdirdik. Beləliklə, həm oyunçuları tanımaq istəyirdik, həm də yoldaşlıq oyunları keçirməyi planlaşdırırdıq. İyunun əvvəlində isə Bakıda yığışıb iki-üç gün sonra Belarusa getdik. Bu ilk dəfə idi ki oyunçular tam heyətlə bir yerə yığışmışdı. Bundan əvvəl müəyyən səbəblərdən bunu edə bilməmişdik. İlk oyunda rəqibə 0:4 uduzduq. Amma həmin görüşdə oyunçularımdan narazı deyildim. Onlar var gücləri ilə oynadılar. Məğlubiyyətimizi şərtləndirən səbəblərə gəlincə, oyundan əvvəl Belarusu lazımi qədər yaxşı dəyərləndirmədik. Hardasa eksperimental heyətlə çıxmışdıq meydana. Rəqib fiziki cəhətdən bizimkiləri üstələyirdi. Burda mənim də səhvim var idi. Sırf hücum futbolu üçün müdafiəni çox irəlidə qurduq və belə olan halda da arxa xətdə boşluqlar oldu. Rəqib bundan lazımınca istifadə etdi. Belarus təcrübəli komandadı. Hesab oyunu əks etdirmirdi. Amma ikinci matçda bizim qol imkanlarımız daha çox oldu. Belarusun cəmi bir şansı oldu. Sadəcə, rəqib əlinə düşən imkanları maksimum dəyərləndiməyi bacaran komandadı".
Samir Əliyev son heyətin optimala yaxın olduğunu, bununla belə, komandada çatışmazlıqların qaldığını etiraf etdi: "Bəli, bu heyət optimala yaxındı. 85-90 faiz bu heyət Avropa çempionatında bizimlə olacaq. Ola bilsin, 2-3 dəyişiklik edim. Nəzarətdə saxladığımız oyunçular var, onlar öz üzərlərində işləyirlər. Ümid edirik ki, onlar bir az da “artıracaqlar”, çünki qarşıda bizi çətin oyunlar gözləyir. Norveç və Çexiya güclü rəqiblərdi. Hansı ki, biz Belarusla oynayan vaxt Norveç Potuqaliyanı 1:0, Yaponiyanı 3:1 məğlub etdi. Bu da bizi nə qədər çətin oyunların gözlədiyindən xəbər verir. Onlar daha sanballı rəqiblərlə görüşüblər. Ancaq bizim heyət də, demək olar, formalaşıb. Keçirdiyimiz son oyunlar bizə təcrübə qazandırdı. Ən böyük problemimiz standart vəziyyətlər, hava toplarındadı və üstəlik, sürətdə uduzuruq. Belarus atletik cəhətdən bizi üstələyirdi. Yığmada oynayan uşaqların çıxış etdiyi klubların məsqçiləri ilə müntəzəm əlaqə saxlayırıq. Bundan sonra da işbirliyində olacağıq ki, futbolçularda nə çatmır, nəyin üzərində işləməliyik".
Bəs millinin qarşıdakı planları necədi, növbəti aylarda da təlim-məşq toplanışı olacaqmı: "Toplanışlara ara verdik. Avqustda və sentyabrda bir araya gələrək hazırlaşacağıq. Oktyabrda da seçmə oyunlar olacaq. Yəni iyulda yığışmayacağıq. Bu bir ay futbolçuların istirahət müddətidi. Bir qədər dincəlib klubların hazırlığına qoşulmalıdılar".
Fürsətdən yararlanaraq Samir Əliyevdən U-21 və əsas yığmamızın son seçmə mərhələ oyunlardakı bərbad nəticələrinə münasibətini də öyrəndik: "Açığı, baş qarışıq oldu, U-21-in Lixtenşteynlə oyununu izləyə bilmədim. Amma nəticə hər şeyi deyir. Düzdü, mən əminəm ki, Lixtenşteynlə bu gün təkrar oynasaq, onlar bizi uda bilməz. Onların qələbəsi təsadüfi bir şey idi. Rəqib qolunu vurub oturdu arxada. Əlbəttə, uduzmamalıydıq. Hətta ardıcıl 5 oyun olsa, hamısını biz udarıq. O ki qaldı əsas yığmaya, bu barədə hamı danışır, tənqid edir. Mən detallara toxunmaq istəmirəm, bu, etik cəhətdən düzgün olmaz. Belə məğlubiyyət hər bir azərbaycanlı, hər bir futbolsevər, hər bir mütəxəssis üçün acınacaqlıdı. Kənardan baxanda ürəyim yanır, uduzmaq olar, amma belə yox. İki qol vurub 8-ni buraxmaq çox pis nəticədi. Oyun da ümid vermədi. Millidə belə ürəksiz oynamaq olmaz. Ümid edək ki, yaxşıya doğru dəyişiklik olacaq, hər kəs bu oyunlardan nəticə çıxaracaq. Səhvlərin üzərində işləmək lazımdı".
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR