Sizin reklam burada

Əliyarı finala layiq görmədilər

Baxış Sayı:511

Əliyarı finala layiq görmədilər
FİFA referisi Əliyar Ağayevin Fransanın Marsel şəhərində keçirilən ənənəvi turnirdə - 1997-ci il təvəllüdlü milli komandalar arasında “Dünya Gənclər Festivalı-2019”da üç oyun idarə etdiyini xəbər vermişdik. İki həftə davam edən yarışa köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli ilə birgə qatılan birinci kateqoriyalı referi şənbə günü oyun sayını artıra bilərdi. Belə ki, turnirin həlledici görüşləri - 3-cü yer uğrunda oyun və final qarşılaşması məhz iyunun 15-də baş tutub. Ancaq turnirin reytinq favoriti olan Əliyar nə Meksika (U-22) – İrlandiya (U-21), nə də Braziliya (U-22) – Yaponiya (U-22) matçında görünüb. Maraq üçün qeyd edək ki, hər iki oyunda qalib penalti seriyasında müəyyənləşib və “lotereya”da amerikalıların bəxti gətirib. Meksikanın qələbəsinə çilili Qonsales Alveal şahidlik edib. Finalda isə Portuqaliyadan olan hakimlər briqadası iş başında olub ki, Karvalyo Nobre bu ildən FİFA referisi statusu daşıyır. O, 3-cü kateqoriyalı hakimdi.
Qeyd edək ki, Əliyar Ağayev Marseldə Meksika - Bəhreyn (2:0), Portuqaliya - Yaponiya (1:0) və son olaraq, Portuqaliya - Fransa arasında 5-ci yer uğrunda (3:0) baş tutan görüşlərdə iş başında olub.
Hələ də Fransada olan, Bakıya sabah dönəcək Əliyar Ağayevin turnirlə bağlı fikirlərini də öyrəndik: "Düzdü, burda ən yüksək kateqoriyalı hakim mən idim. Amma təyinatlar kateqoriya bölgüsünə əsasən verilmirdi. Mənim üçün fərq etmir, final olsun və ya 5-ci yer uğrunda oyun. Bu turnirdə iştirak yeni mövsümöncəsi praktika üçün çox əla oldu. Turnirin səviyyəsi çox yaxşı idi, bir-birindən maraqlı, gərgin oyunlara şahid olduq. Mənim idarə etdiyim son qarşılaşma elə finala bərabər oyun idi. Yenə deyirəm, mənim üçün fərq etmirdi, belə məsləhət bildilər. Əsas odu ki, rəsmi - UEFA-nın oyunlarında final idarə edək".
FİFA referisindən növbəti təyinat alıb-almadığını da soruşduq: "Hələ təyinat gəlməyib. Ancaq qarşıdakı günlərdə dəvət gözləyirəm. Çünki avrokubok mövsümü gəlir. Püşkatmadan sonra təyinat olacaq".
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR