Sizin reklam burada

U-21-lə bağlı süjet “tufan qopardı”

Baxış Sayı:466

U-21-lə bağlı süjet “tufan qopardı”
AFFA yaxasını kənara çəkdi, ATV bəyanat yaydı
Bir neçə gün öncə ATV telekanalının xəbərlər proqramında U-21-in Lixtenşteyinə biabırçı məğlubiyyəti ilə bağlı süjet təqdim olunmuş, həmkarımız İlkin Xəlilov AFFA rəhbərliyini, millinin baş məşqçini və futbolçuları haqlı olaraq kəskin tənqid etmişdi. Söylənilənlərə inansaq, həmin tənqidi materialdan sonra AFFA-nın başbilənləri ATV rəhbərliyindən Xəlilov barədə ölçü götürülməsini, onun işdən çıxarılmasını istəyib.
Məlum söz-söhbətlə bağlı mediaya açıqlama verən həmkarımız bunları söyləyib: “Mənim telekanaldan uzaqlaşmağıma AFFA-nın səbəb olduğuna inanmıram. İnanmıram ki, AFFA rəhbərliyi elə cılız addım atsın. Çünki mən onları dəfələrlə təndiq etmişəm, birinci dəfə deyil. 20 ildi jurnalistəm, 17 ildi ATV-də işləyirəm. 17 ildə 70-80 dəfə tənqidi sujet vermişəm. Təkcə futbol haqda yox, başqa mövzular barədə də olub. AFFA-dan şəxsən mənə zəng vurulmayıb. Şirkət rəhbərliyinə zəng vuranda mənə açıqlamırlar, ola bilsin, zəng edib etiraz bildiriblər. Amma konkret səbəb qoyulsun ki, "bu adam buna görə işdən çıxarılsın", buna inanmağım gəlmir. Elxan Məmmədovu nə qədər tənqid etsəm də, cılız işlərə getməyinə inanmıram. İşdən çıxarılmaq, sadəcə, şirkət rəhbərliyinin özünün təşəbbüsü olub".
Təcrübəli jurnalist ATV kanalının sujetdən narazı qaldığını, guya burda təhqir elementlərinin olduğunu və bu səbəbdən də onun işdən uzaqlaşdırması haqda qərar verilə biləcəyini söyləyib: "ATV rəhbərliyi sujetdən narazı qalıb. Nə qədər absurd olsa da, mən guya həmin sujetdə AFFA-nı təhqir etmişəm, AFFA-ya qarşı haqsızlıq, jurnalist peşəsindən sui-istifadə etmişəm. Çox maraqlıdı ki, AFFA özü buna etiraz etmir, səsini çıxramır, amma ATV rəhbərliyi AFFA əvəzinə vəkillik edir. Hazırda ATV-nin işçisiyəm. Sabah bu məsələ dəqiqləşəcək ki, mən qalıram, ya yox".
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla isə başverənlərə belə münasibət bildirib: “AFFA hər zaman konstruktiv tənqidə normal yanaşıb. Bu günə qədər İlkin Xəlilovun konstruktiv sujetlərinə də bizim qurum tərəfindən heç vaxt mənfi fikir səsləndirilməyib. Sosial şəbəkədə ATV-nin əməkdaşının hazırladığı sujetə görə guya AFFA tərfindən kanala təzyiq edilməsi barədə yayılan məlumatlar qəti şəkildə həqiqəti əks etdirmir. AFFA ilə ATV başqa-başqa strukturlardı. Bizim qurum tərəfindən həmin sujetlə bağlı müəllifə və ya adı çəkilən televiziya kanalına təzyiq göstərilməsi barədə söz-söhbətlər tam absurddu".
Nəhayət, dünən telekanal rəhbərliyi də yaşanan qalmaqala reaksiya verməyi lazım bilib. ATV-nin prezidenti Azər Xəlilov sosial şəbəkələrdə telekanalın jurnalisti İlkin Xəlilovun və "ATV xəbər"in baş redaktoru Vaqif Aydınoğlunun işdən çıxarılması xəbərinə münasibət bildirib.
Unikal.org-a açıqlama verən Azər bəy yayılan infiormasiyanın yanlış olduğunu vurğulayıb: “İlkin Xəlilov işinin başındadı. Ona təzyiq etməmişik. Yayılan informasiya həqiqətə uyğun deyil. Bilmirəm, belə “informasiya” niyə yayılır? Bunu kim yayırsa, ondan da soruşun! Rəsmi şəkildə bəyan edirəm ki, İlkin işindən uzaqlaşdırılmayıb. Siz mənə aid olan sualı verdiz. Mən də bəyan edirəm ki, eşitdiyiniz məlumat düzgün deyil. Eyni sözlər Vaqif Aydınoğluya da aiddi. O da işinin başındadı”.
Dünən günün ikinci yarısında ATV məsələ ilə bağlı rəsmi bəyanat da yaydı: “Son günlər sosial şəbəkələrdə ATV telekanalının əməkdaşı İlkin Xəlilova tənqidi süjetinə görə guya təzyiqlərin göstərilməsi və işdən xaric edilməsi haqda şayiələr yayılır. Bildiririk ki, bu xəbərlərin heç bir əsası yoxdu və müəyyən qrupların özəl maraqlarına xidmət edən "qara piar"dan başqa bir şey deyil. Öz fəaliyyətində dövlətin və cəmiyyətin maraqlarını, jurnalistikanın təməl prinsiplərini rəhbər tutan ATV kanalı həmişə cəmiyyətimizdə mövcud olan plüralizmə, fərqli baxışa hörmətlə yanaşıb və öz işində daim bu prinsiplərə riayət edib. ATV telekanalı yayın siyasətinin qurulmasında və yaradıcılıq fəaliyyətində tam sərbəst və müstəqildi. Geniş tamaşaçı auditoriyasının rəğbətini qazanan və ən baxımlı telekanal kimi qəbul edilən ATV-nin televiziya və radio efirində mühüm ictimai-siyasi xəbər və təhlil proqramları, maarifləndirici və əyləncəli verilişlərlə yanaşı, satira və tənqidi materiallar da yer alır.
Dəfələrlə telekanalımızın efirində müxtəlif sahələrdə mövcud olan nöqsanlar tənqid edilib, onların aradan qaldırılması ilə bağlı təkliflər irəli sürülüb. Biz bunu ölkəmizdə söz və məlumat azadlığının yaratdığı imkanlar çərçivəsində cəmiyyətimizin inkişafına maneə yaradan problemlərin həllinə töhfəmizi vermək üçün imkan kimi qiymətləndirmişik. Buna görə də İlkin Xəlilovun məlum sujetinə normal yanaşdığımızı və hər hansı sərt cəza tədbiri görülmədiyini bildiririk. Bununla yanaşı, qeyd etməliyik ki, telekanalda müəllif və yaradıcı qrupların mövqeyinə hörmətlə yanaşıldığı kimi, onların jurnalistikanın prinsiplərinə riayət etməsi, telekanalın obyektiv, neytral və qərəzsiz yayın siyasətinə xələl yetirilməməsi mühüm şərtlər sırasına daxildi”.
Telekanal prezidentinin və ATV-nin rəsmi bəyanatından sonra həmkarımız da sosial şəbəkə vasitəsilə fikirlərini bölüşüb: “ATV-də işimə davam edirəm!!! Bu, 3 aymı çəkəcək, 6 aymı olacaq, bilmirəm, amma hələlik öz yerimdə, 17 il çalışdığım doğma kollektivimlə birgəyəm. Bugünlərdə sosial şəbəkələrdə mənə olan misilsiz dəstək məni həm heyrətləndirdi, həm qürurlandırdı, həm də kövrəltdi. Dostlar, həmkarlar və tanımadığım minlərlə insan dəstək oldu, həmrəylik göstərdi. Hər birinizin qarşısında baş əyir, dərin təşəkkürümü bildirirəm. Sizin dəstəyiniz mənə böyük kömək oldu. Var olun!!!”
RƏŞAD hazırladı

Oxşar xəbərlər
SON XƏBƏRLƏR