Komanda argentinalı müdafiəçi ilə gücləndi
"Keşlə" təlim-məşq toplanışı ərəfəsində növbəti, əslində isə ilk legioner transferini reallaşdırıb. Heyəti ən çox dəyişikliyə məruz qalan, yalnız Rəşad Əzizli və Ruslan Qurbanovu transfer edən paytaxt təmsilçisi müdafiə xəttini əcnəbi futbolçu ilə gücləndirib. Belə ki, argentinalı mərkəz müdafiəçisi Franko Flores yeni mövsümdən "Keşlə"nin formasını geyəcək. Artıq iki gündü paytaxtımızda olan 26 yaşlı oyunçu tibbi müayinədən keçib. Hər şey normal olduğundan, onunla müqavilə imzalanması qərara alınıb. Franko 1 il yeni komandasının uğurları üçün çalışacaq.
Qeyd edək ki, ilk peşəkar klubu "Argentinos Xuniors" olan Franko Flores karyerası ərzində İspaniya, Meksika və Cənubi Kiprdə legioner həyatı yaşayıb. Ötən mövsümü Cənubi Kipr "Alki"sində keçirən ucaboy futbolçu 28 matçda iştirak edib, 2 qola imza atıb.
“Keşlə” sabahdan toplanışa başlamağı planlaşdırır. Məşqlər klubun bazasında olacaq. Heyət isə tədricən komplektləşdiriləcək. Hazırkı mərhələdə bu futbolçular – Rəşad Əzizli, Şahin Zəkiyev, Franko Flores, Tərlan Quliyev, Slavik Alxasov, Ruslan Əmircanov, Vüsal İsgəndərli, Murad Qayalı və Orxan Fərəcov Tərlan Əhmədovun sərəncamındadı. Ancaq əvəzedici komandanın da bir neçə üzvü məşqlərə cəlb olunacaq.
Bundan başqa, "Keşlə"nin yetirməsi Ceyhun Muxtarlı MOİK-dən ayrılaraq “yuva”ya dönüb. 20 yaşlı müdafiəçi ötən mövsümü MOİK-də hərbi xidmətdə keçirib. Ceyhun "hərbçilər"in heyətində birinci divizionunun qalibi olub. O, əsgərlik vaxtını başa vuraraq müqaviləylə məxsus olduğu kluba qayıdıb. Onu da bildirək ki, 1999-cu il sentyabrın 30-da anadan olan Muxtarlı növbəti mövsümdə premyer-liqada 21 yaş limitinə uyğun gələn futbolçu olacaq. O, U-19 və U-20 yığmalarımızda çıxış edib. “Keşlə”yə qayıdan daha bir futbolçu isə Emin Mehdiyevdi. Məlum olduğu kimi, o, hələ qış fasiləsində transfer edilmiş, ancaq futbolçunu sifariş etmək mümkün olmamışdı. Buna reqlament imkan verməmişdi. Belə ki, reqlamentə görə futbolçu mövsüm ərzində yalnız iki klubun formasını geyinə bilər. Emin isə ötən mövsümün əvvəlində divizion klubu “Qaradağ Lökbatan”da çıxış edib. O, orda iki oyun keçirdikdən sonra Türkiyənin BAL Liqasına yollanmış, “Niksar Bələdiyyəspor”un formasını geymişdi. Bununla da mövsüm ərzində üçüncü kluba keçmək hüququndan məhrum olmuşdu. Nəticədə Tərlan Əhmədovun “Neftçi”də məşqçi işlədiyi vaxtdan tanıdığı 26 yaşlı yarımmüdafiəçi mövsümün sonunadək “Qaradağ Lökbatan”da icarə əsasında çıxış etmək məcburiyyətində qalmışdı. Emin mövsüm bitən kimi yenidən bakılıların düşərgəsinə üz tutub.
MİRAĞA