Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Səbuhi Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Əlbəttə, idman qəzetində bu mövzuya toxunmağımızın xüsusi səbəbi var. Həmin xüsusi səbəb isə məhz futbol qumarı, daha doğrusu, bir neçə azərbaycanlı ailəsinin xaricə axan pul üzündən müflislik həddinə çatmasıdı.
Qumar ətrafımızdakı bir çoxları kimi, 41 yaşlı laçınlı Səbuhinin də həyatını məhv edib, ailəsi dağılıb, dostlarına borclanıb, indi isə hakim önünə çıxarılıb. Səbuhi etiraf edir ki, məhz qumar onu həyatın dibinə sürükləyib, ailəsindən, dostlarından ayrı salıb. Nə vaxtsa böyük məbləğ uda biləcəyi ümidi ilə bağışlanmaz səhvlər edib, çörək kəsdiyi adamları aldadıb.
Səbuhi tanışı İbrahim Vəliyevin etibarından sui-istifadə edərək bir gün sonra əlavə 300 manat qazanc verəcəyini vədi ilə 27 dekabr 2017-ci ildə onun 210 min dollarını ələ keçirib. Eyni üsulla digər tanışı Heydər Əhmədovu da aldadaraq, onun 217 min dollar pulunu ələ keçirməklə dələduzluq edib. Əliyev istintaqdan gizləndiyinə görə haqqında axtarış elan edilib və ötən ilin mayında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, Nərimanov rayon Məhkəməsi tərəfindən barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən Səbuhi Əliyev ifadəsində qumar oyunlarına aludə olduğuna görə ailəsinin dağıldığını, evinin olmadığını, müxtəlif ünvanlarda kirayə yaşadığını, 2017-ci ildən etibarən qanunsuz pul mübadiləsi ilə məşğul olmağa başladığını göstərib. Daimi müştəriləri - əslən Şəmkir rayonundan olan Heydər Əhmədov və İbrahim Vəliyevlə aralarında dostluq münasibəti yaranıb. Hər ikisinin külli miqdarda pulları olduğunu görən Əliyev təklif edib ki, onlar ona borc pul verəcəkləri təqdirdə hər 10 min dollara gündəlik 15 manat verə bilər: "Razılaşdılar. O vaxtdan sonra bir-iki günlük onlardan pul almağa başladım. Çox vaxt pul lazım olmadığına görə pulları məndə qalırdı, amma gündəlik faizini ödəyirdim".
Səbuhinin ifadəsinə görə, 2017-nin yayında təsadüfən Taleh adlı tanışı ilə rastlaşıb. Taleh ona onlayn idman-mərc oyunları təşkil etdiyini deyib və özünü sınamağı təklif edib: "Taleh mənə hesab kodu verdi. Həmin kodla "Bet365" internet saytına daxil olub istənilən oyunlara pul qoya bilirdim. 10 gün ərzində Talehə 130 min manat verib oyuna qoyduğum pulları uduzdum. Pulları İbrahim, Heydər və başqa şəxslərdən faizlə götürmüşdüm, qaytara bilmirdim, borcların həcmi getdikcə artırdı. Borc götürdüyüm adamlara yenə də borc vermələri üçün işlərimin əla getdiyini deyirdim. Ümumi borcum 287 min dollara çatmışdı. Heydərlə İbrahimdən 227 min dollar borc aldım. Oyunlara qoyduğum pulların hamısını uduzdum. Heydərlə İbrahimə 427 min dollar borcum yarandı ki, artıq bunu ödəmək mümkün olmadı".
Məhkəmənin hansı qərarı verməsindən asılı olmayaraq, artıq aydındı ki, həmin 427 min dolların qayıtmasından söhbət gedə bilməz. Maraq üçün xatırladaq ki, “Bet365” bukmeker kontoru 2000-ci ildə İngiltərənin Stok-On-Trent şəhərində yaradılsa da, Cəbəllütariqdə qeydiyyatdan keçib. Dollar və avro ilə onlayn pul qoyuluşlarını qəbul edir. O da maraqlıdı ki, müəyyən səbəblərdən “Bet365” şirkətinə Rusiya ərazisində çalışmaq üçün lisenziya verilməyib. Azərbaycanın bədbəxtliyi isə ondadı ki, yerli “Topaz” (bu şirkətin nə dərəcədə düzgün fəaliyyət göstərməsi başqa söhbətin mövzusudu) ola-ola, “Bet365”, “1xBet” kimi müxtəlif ölkələrin şirkətləri soydaşlarımızı qumar oynamağa həvəsləndirirlər, bununla da pulun ölkə ərazisindən çıxarılmasına, onların müflisləşməsinə, ailələrin dağılmasına, uşaqların gözüyaşlı qalmasına səbəb olurlar. Qanunsuz bukmeker kontorları ölkə ərazisində “at oynadır”, ictimaiyyət və dövlət qurumları isə hələ ki gözləmə mövqeyi tuturlar. Axı “Topaz” yarananda əsas hədəflərdən biri də “qara bazar”ı yığışdırmaqla yanaşı, həm də bu sahədə qayda-qanun yaratmaq istəyi idi. Göründüyü kimi, vəziyyət düzəlmək əvəzinə daha da pisləşir. Azərbaycanlıların pulu yenə də Azərbaycandan kənara axır.
ORXAN