Futzal millimizin üzvü Xətai Bağırovun Taylandda legioner həyatı yaşadığını bilirsiz. O, "Sisaket" klubunda çıxış edir. Mayda Asiya ölkəsinə üz tutan Xətai geri qayıtmağa hazırlaşır. Məsələ burasındadı ki, futzalçımızın komandası uğursuz çıxışını davam etdirir. "Sisaket" autsayder mövqeyindən qurtula bilmir. Rəhbərlik növbəti dəyişikliyə hazırlaşır. Hazırda Tayland çempionatında fasilədi. İkinci dövrə iki həftə sonra başlayacaq. Xətai transfer dövründəki nəticələri gözləyir. Uğurlu transferlər olmasa, yəni heç nə dəyişməsə, geri dönəcək. Düzdü, Tayland çempionatının üçüncüsü "Suratani" də millimizin üzvünə maraq göstərir. Ancaq müqavilə ilə payıza qədər "Sisaket"ə məxsus olan Bağırovun keçidi asan başa gəlməyəcək. "Araz" da təkidlə onu geri çağırır. Xətainin yerini doldurmaqda çətinlik çəkən Naxçıvan təmsilçisi onun durumundan faydalanmağa çalışır. Milli üzvünün 15 günlük dövrələrarası fasilədən yararlanıb Bakıya gələcəyini də əlavə edək.
MİRAĞA