Sizin reklam burada

Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər

Baxış Sayı:329

Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər
Yalçın İmanov: “Avropa Məhkəməsi baxımından perspektivli iş saymaq olar”
Macarıstana məğlubiyyətdən sonra Slovakiya ilə matçda eyni nəticənin təkrarlanması “istefa” şüarlarına yol açacaqdı. Bununla bağlı sosial şəbəkələrdə müzakirələr gedir, azarkeşlər sözü bir yerə qoyacağını vəd edirdi. Nəticədə məlum mənzərəyə şahidlik etməli olduq.
İlk hissənin ortalarından başlayaraq, tərəfdarlar millinin zəif oyununa və hesabda yenik duruma düşməsinə görə məlum şüarı səsləndirdilər və bu hal bir neçə dəfə təkrarlandı. Hədəfdə isə nə məşqçilər, nə də futbolçular idi. Azarkeşlər AFFA rəhbərliyinin istefa verməsini tələb edirdilər. İllərdi dövlət səviyyəsində futbola milyonların xərclənməsi fonunda ortada üzgüldürən nəticənin olmaması insanları özündən çıxarıb. Nə qədər baş məşqçi və futbolçu dəyişsə də, nəticələr dəyişməz qalmaqdadı. Ona görə də hədəf assosiasiya rəhbərliyinin kresloları boşaltmasıdı ki, indiki durumda yeganə çıxış yolu budu.
Lakin azarkeşlərin “istefa” şüarı bəzilərinə baha başa gəldi. Mülki geyimli şəxslər ikinci yarının gedişində öncə 20-yə yaxın fanatı tribunadan uzaqlaşdırıb, daha sonra onları Nizami rayon Polis İdarəsinin 24-cü bölməsinə aparıblar. Həmin şəxslər saat 23.00-a qədər bölmədə saxlanıldıqdan və izahatları alındıqdan sonra azad buraxılıblar. Maraqlıdı ki, bölməyə aparılanlara “istefa” tələbinin yığmanın baş məşqçisinə ünvanlandığını yazmaq tapşırılıb. Qısası, görməyə adət etdiyimiz hal yaşanıb.
Halbuki polislərin etdiyi hüquqi cəhətdən doğru deyil. Yəni heç bir qanun kitabında futbola rəhbərlik edənlərin istefaya çağrılmasına dair cəza və ya cərimə bəndi yoxdu. Azarkeşdi, nəticələrdən narazıdısa, bu formada etiraz bildirməsi normaldı. Kiməsə zor tətbiq etmir, söymür, daş atmır. Heç şübhəsiz, vəziyyətin bu həddə çatmasında Rövnəq Abdullayev amili xüsusi rol oynayır. Çünki adam təkcə AFFA-nın prezidenti deyil. O həm də məmurdu. Millət vəkilidi, ARDNŞ-in rəhbəridi. Bir sözlə, dövlətin adamıdı. Onun ünvanına “istefa” şüarı səsləndirmək yasaqdı. Təbii ki, qanunla yox, hüquq-mühafizə orqanlarının düşüncəsində.
“İstefa”ya görə azarkeşlərin tribunadan uzaqlaşdırılması, polis bölməsinə aparılması, izahat alınması və bir neçə saat dörd divar arasında saxlanılması qanuna ziddisə, deməli, sayları 20-yə yaxın olan həmin şəxslərin hüquqları pozulub. Bu isə o deməkdi ki, onlar məhkəməyə müraciət edə, azadlıqları və sərbəstlikləri məhdudlaşdırıldıqları üçün təzminat tələb edə bilərlər. Bunu tanınmış hüquqşünas Yalçın İmanov qəzetimizə açıqlamasında bildirdi: “Hadisənin tarixçəsini tam bilmədiyimdən, sualınıza cavabı sizdən eşitdiklərimin əsasında verəcəm. Əvvəla onu qeyd edim ki, həmin azarkeşlər hansısa qayda pozuntusuna yol veməyiblər. Şəxs ehtimal olunan qanun pozuntusuna yol verdiyi halda hüquq-mühafizə orqanlarına cəlb oluna bilər. Bu insanlar isə yığmanın xoş olmayan nəticələrinə görə futbol sahəsinə rəhbərlik edənləri istefaya səsləyiblər. Bu adi azarkeş emossionallığıdı, meydanda yaşananlara reaksiyasıdı. Belədə onların polis bölməsinə aparılıb, orda saxlanılması, izahatlarının alınması tam qanunsuz xarakter daşıyır. Çünki həmin insanlar o ərəfədə istəsəydilər belə, polis bölməsindən çıxa bilməzdilər. Bunun üçün bölmə rəhbərliyinin icazəsi olmalıydı. Bu, həm bizim Konstitusiya, həm də Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsi ilə azadlıq və toxunulmazlıq hüququnun kobud pozuntusudu. Təbii, həmin azarkeşlər məhkəməyə müraciət edə, hüquqlarını tələb edə bilərlər. Amma bizim məhkəmələrin hansı vəziyyətdə olduğunu nəzərə alsaq, azarkeşlərin şikayətinin tanınacağına ümid etmirəm. Amma Avropa Məhkəməsi baxımından perspektivli iş saymaq olar”.
Maraqlıdı, zərərçəkənlər, yəni qanunsuz bölməyə aparılanlar bu işdə Yalçın bəyə müraciət etsələr, həmsöhbətimiz onlara nə kimi kömək göstərə bilər?
“Ölkədaxili məhkəmələrə çıxa bilmirəm. Çünki vəkillik fəaliyyətindən kənarlaşdırılmışam. Amma şikayət ərizələrinin tərtib edilməsi, vəsatətlərin hazırlanması, ölkədaxili məhkəmə imkanları tükəndirildikdən sonra Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edilməsi işində köməyimi göstərə bilərəm. Uğursuz nəticələrə görə “istefa” şüarı səsləndirən azarkeşlərin polis bölməsinə aparılması və bir neçə saat orda saxlanılması qanuna zidd olduğuna görə maraqlı presedentə çevrilə bilər. Həmin azarkeşləri hüquqlarını müdafiə etməyə səsləyirəm. Ehtimal edirəm ki, onlar Rövnəq Abdullayev amilinə görə saxlanılıblar və “başasalma” prosesi baş verib.
ORXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR