
Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi
“Vaxtilə mənə “Nefçi”nin yetirməsi” deyənlərdən çətin günlərdə həmin münasibəti görmədim”
“Neftçi”də ard-arda yeni futbolçuların transferi kənardan xoş görünsə də, Ruslan Abışovun komandanı tərk etməsi bir o qədər gözlənilməz oldu. 2018/19 mövsümünü zədə səbəbindən boşa verən təcrübəli müdafiəçinin növbəti çempionatda əsas heyətdə görəcəyimizə ümid etsək də, bilmədiyimiz səbəblər üzündən ayrılıq yaşandı.
Ruslan artıq “Sabah”ın futbolçusudu. Yığmada 55 oyunda meydana çıxıb 4 qola imza atan arxa xətt oyunçusu yeni klubuyla ikiillik müqavilə bağlayıb. Abışovla hələ bir müddət öncə danışmaq istəsək də, o bir qədər gözləməyi xahiş etmiş, yaxın günlərdə müsahibə verəcəyinə söz vermişdi. Dünən əlaqə saxladıqda suallarımızı cavabladı.
- “Sabah”ı seçməyinin xüsusi səbəbi nə oldu?
- “Neftçi”dən ayrılandan sonra bir neçə təklif almışdım. Fürsətdən istifadə edib hər birinə təşəkkür etmək istəyirəm. Danışıqlarımız oldu, nədənsə “Sabah”ın şərtləri və planları maraqlı gəldi. Rəhbərliklə söhbətimiz oldu, müzakirə apardıq. Hiss etdim ki, gələcəyə hesablanmış cəlbedici planları var. Bu məqamda Elşad Əhmədov rolunu da qeyd etmək istərdim. Elşad müəllimlə “Neftçi”də qısa müddət də olsa, işləmişəm. İnsanlığına və məşqçi bacarığına yaxından bələdəm. Bu iki məqamı nəzərə alıb seçimimi “Sabah”ın üzərində etdim.
- Maddi plan rol oynamadı?
- Bütün şərtlərdə ortaq məxrəcə gəldik.
- Bildiyimə görə, “Zirə”ylə “Keşlə” də səni heyətində görmək istəyirdi.
- Bunlar keçmişdə qalıb. Yenə də hər bir məşqçiyə və klub rəhbərinə təşəkkür etmək istəyirəm. Bundan sonra “Sabah”ı düşünürəm.
- Nə üçün yenidən legioner həyatı yaşamadın?
- İstəsəm də, mümkün deyildi. Ona görə də bu barədə fikirləşmədim. Avropada onsuz da reklamımız güclü deyil. Belədə mükəmməl mövsüm keçirməlisən ki, bəlkə hansısa klubun diqqətini çəkəsən. Mən isə bildiyiniz kimi, zədə səbəbindən ötən mövsüm oynaya bilmədim. Agentlər və klub rəsmiləri futbolçu ilə maraqlananda dərhal son mövsümdəki oyun və dəqiqə sayına baxırlar.
- “Neftçi”dən ayrılmağın gözlənilməz oldu və indiyə qədər əsl səbəbi bilinmir. Öz dilindən eşitmək istərdik.
- “Neftçi” barədə danışmaq mənim üçün çətindi. Bu klub mənim evimdi, bundan sonra harda olmağımdan, oynamağımdan asılı olmayaraq, məni “Neftçi”li Ruslan kimi xatırlayacaqlar. Sadəcə, belə alındı.
- Niyə?
- Baş məşqçinin fikrini öyrəndim və başa düşdum ki, “Neftçi”dən getməklə komandaya xeyir vermiş olaram.
- Voislav Stankoviçin gəlişindən sonra rəqabətdən çəkinərək komandadan ayrılmağın haqda söhbətlər dolaşır. Sanki rəqabətdən qorxdun.
- İndiyə qədər heç bir futbolçudan, heç bir rəqabətdən qorxub-çəkinməmişəm. İdmanın istənilən sahəsində rəqabətin olması normaldı. İnsanların fikirlərinə hörmətlə yanaşıram, hərə bir cür düşünə bilər. “Qəbələ”də Stankoviçlə eyni komandada çıxış etmişəm və əsas heyətdə yer almışam. Bu məsələdə Stankoviç, yaxud başqa futbolçu amili rol oynamadı. Sırf baş məşqçi ilə söhbətdən sonra bu qərarı verdim. Nə qədər çətin olsa da, doğru addım atdığımı düşünürəm.
- Belə başa düşdüm ki, “Neftçi”də sənə haqsızlıq olmayıb.
- Bu barədə danışmaq istəmirəm. Bir şeyi dərk edirəm ki, idmanda, hətta həyatın özündə də güclüsənsə, ayaq üstəsənsə, sənə hədsiz hörmət, diqqət olur. Bir az “axsadınsa”, sənə olan münasibət də dəyişir. Vaxtilə mənə “Nefçi”nin yetirməsi, “Neftçi”nin rəmzi” deyənlərdən çətin günlərdə həmin münasibəti görmədim. Əsasən bu məni məyus etdi. Amma heç kimdən incimirəm. Hər şey qaydasındadı, bundan sonra “Sabah” və onun uğurları haqda düşünürəm.
- Yığmanın oyunlarına baxdın?
- Əlbəttə.
- Düşüncələrin necədi, nə hisslər keçirdin?
- Təbii ki, ağır mənzərəydi, belə olmasını istəməzdim. Hər iki rəqibin səviyyəsi göz qabağındaydı. Yekunda səviyyə fərqi özünü göstərdi.
- Məşqçi və futbolçuları müdafiə edirsən sanki.
- Hər şeyə real yanaşmalıyıq. İnanmıram ki, hansısa futbolçu yığmanın formasında ruhsuz oynasın, yaxud bilərəkdən zəif çıxış etsin. Hər biri qalib gəlmək istəyir, amma hər şey istəməklə həll olunmur. Rəqib güclü olanda ya sənə oynamaq imkanı vermir, ya da sən istədiyin kimi oynaya bilmirsən. İndi yığmada deyiləm deyə səbəbi başqa yerdə axtara bilmərəm. Çünki özüm də o formanı geyəndə güclü rəqiblərə qarşı oynayıb uduzmuşuq.
- Səbəb nədi, nə vaxta kimi davam edəcək?
- Razılaşarsız ki, çempionatın səviyyəsi 5-10 il əvvəllə müqayisədə aşağı düşüb. Komanda sayı azalıb, rəqabət əvvəlki kimi deyil, əvvəlki səviyyədə legionerlər yoxdu. Əvvəl macarlar, slovaklar bizə “dişimizə görə” görünürdüsə, futbolumuzun səviyyəsi aşağı düşdükcə onlarla aramızdakı fərq artır. Əvvəl çempionatda güclü legionerlərə qarşı oynadıqca təcrübəmiz artırdı, nələrisə öyrənirdik, səhvlərimizi görürdük. Və bunlar bizə beynəlxalq oyunlarda kömək edirdi. Çempionluq uğrunda 5-6, hətta 7 komanda mübarizə aparırdı, son mövsümdə isə cəmi iki komanda “qızıl” uğrunda döyüşürdü.
- Söhbət heç də səviyyə fərqində deyil. Onsuz da səviyyə baxımından həmişə avropalılardan geri qalmışıq. Məncə, yığma üzvlərində ruh, istək, əzmkarlıq da çatmır.
- Kənardan ruh və istək kimi görünə bilər. Amma futbolda təcrübə çox şey deməkdi. Bu gün futbolçularda çatışmayan təcrübədi. Həmin illərdə yığmada kimlər oynayırdı? Rəşad Sadıqov, Mahir Şükürov, Kamran Ağayev, Elnur Allahverdiyev... Yəni qapıda və müdafiə xəttində təcrübəli, soyuqqanlı oyunçular vardı. Xüsusən müdafiə xəttində təcrübə vacib rol oynayır. Özündən güclü rəqiblərlə görüşlərdə təcrübənin və fiziki hazırlığın sayəsində nəsə edə bilirsən. Ona görə də əvvəlki milli indikindən güclü görünürdü.
- Yəqin ki, bundan sonrakı hədəfin həm də yığmaya qayıtmaq olacaq.
- Mütləq və mütləq. Bunun üçün “Sabah”da daim oynamalı, əvvəlki günləri xatırlatmalıyam. 31 yaşım var, fikrimcə, müdafiəçi üçün ən gözəl vaxtdı. İnşallah, ən qısa zamanda yenidən millidən dəvət alaram.
HƏBİB