Jezniçak ölkəmizdən ağızdolusu danışır
Mövsüm başa çatan kimi “Qarabağ”dan ayrılan Yakub Jezniçakın adı müxtəlif ölkə və klublarla yanaşı hallanırdı. Gah “Neftçi”yə keçəcəyi iddia olundu, gah Avstraliyaya üz tutacağı deyildi, gah da karyerasını uzun illər formasını geydiyi “Legiya”da davam etdirəcəyinə dair yazılara rast gəldik. Oktyabrda 33 yaşı tamam olacaq mərkəz müdafiəçisi yekunda “Visla” ilə anlaşdı.
Yakub Polşa mətbuatına verdiyi açıqlamada bəzi maraqlı məqamlara toxunub. O öncə “Legiya”ya qayıda bilməməsinin səbəbini söyləyib: "Ümid edirdim ki, bəlkə "Legiya"ya qayıdaram. Ancaq onların bunu istəmədiyi görünürdü. Müxtəlif yollarla əlaqə qurmağa çalışsam da, reaksiya verilmədi. "Legiya"da oynadığım vaxt klubda idman direktoru olmuş Marek Yojvyakın tövsiyəsiylə "Visla"nı seçdim".
Plotsk “Visla”sı ilə anlaşan polşalı Azərbaycandakı günlərini yada salıb, burda gördüklərindən, yəni xoş təəssüratlarından söz açıb. Sən demə, qışdan sonra əsasən ehtiyatda qalmasına baxmayaraq, durumu anlayışla qarşılayırmış: "Qarabağ"da əla iki il keçirdim. Oranın insanları barədə pis sözlər deyə bilmərəm. Azərbaycanın yaxşı futbolu var. İki il ərzində iki dəfə çempion oldum, Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində mübarizə apardıq. Bakıda gözlədiyimdən də yaxşı mənzərə ilə qarşılaşdım. Yeni mədəniyyətlə tanış oldum, gözəl Bakını gördüm. Polşalı insanların bu ölkə barədə düşüncələrini dəyişməyə nail oldum. Həmyerlilərimizin çoxu Azərbaycanın üçüncü dünya olduğunu fikirləşir. Reallıq isə fərqli mənzərəni göstərdi. İnsanlar əcnəbilərə qarşı mülayimdi. Fərqli dinlərə inancı olan insanlar narahatlıq vermir. Baş məşqçimiz müsəlman idi. Orda özümü çox rahat hiss edirdim".
Jezniçak “Qarabağ”da qalmaq istəyində olduğunu da gizlətməyib: “Mövsüm başa çatdıqdan sonra yavaş-yavaş kimlərə yeni müqavilə təklif ediləcəyi məlum olurdu. Buna görə də təklif gözləmirdim. Mövsümün əvvəlində çox oynayırdım, ancaq qışdan sonra fərqli oldu. Bunun da səbəbi limit idi. Meydana çıxan futbolçulardan biri mütləq 21 yaşadək yerli futbolçu olmalıdı. Mövsümün ikinci yarısında hücum xəttində əcnəbilərə, müdafiədə isə daha çox yerli futbolçulara şans verilirdi. Baş məşqçi hücumda legionerlərdən yararlanmaq istəyirdi. "Qarabağ"ın hücum xətti güclüdü. Əvəzimə əcnəbi müdafiəçi alınmayacaq, çünki komandada üç yerli müdafiəçi var. Orda özüm barədə yaxşı təəssürat oyada bilmişdim. "Qarabağ"dan ayrılan kimi Polşadan təkliflər gəldi. "Visla"dan isə mayın sonunda təklif aldım. Açığı, tərəddüd edirdim. Avstraliyadan belə təklif almışdım. Hətta karyeramı bitirmək haqda da düşünürdüm".
HƏBİB hazırladı