“Hər kəs Azərbaycan üçün oynadığını dərk eləməlidi”
Yay fasiləsində “Sumqayıt” bir sıra futbolçularla yolları ayırdı. Onlardan biri də Əfran İsmayılov idi. Bir müddət öncə yarımmüdafiəçinin adı “Keşlə” ilə yanaşı hallanırdı. Ancaq nədənsə Əfran paytaxt klubu ilə müqavilə imzalamadı. Ümumiyyətlə, İsmayılovun karyerasını hansı klubda davam etdirəcəyi maraq doğurur. Bunu öyrənmək üçün onun özü ilə əlaqə saxladıq: “Bildiyiniz kimi, “Sumqayıt”dan ayrılmışam. Ancaq hələ ki anlaşdığım klub yoxdu. Danışıq apardığım komanda var, lakin dəqiqləşməyib deyə, açıqlamaq istəmirəm. Müqavilə bağlanandan sonra hamı biləcək. “Keşlə” ilə də danışığımız olmuşdu. Alına da bilər, alınmaya da. Görək necə olur, hələ o da sual altındadı”.
Yeri gəlmişkən, Əfrandan yığmanın Macarıstan və Slovakiya ilə oyunları haqda da öyrəndik: “Hər iki matçı izlədim. İki oyunda 8 qol buraxdıq. Təbii, təəssüratım heç də yaxşı deyil. Seçmə mərhələdə xal gözü ilə baxdığımız oyunlar bunlar idi. Maksimum xal toplamalıydıq, çünki çətin səfərlərə gedəcəyik. İki matçda 8 qol buraxıb uduzmaq acınacaqlı və üzücü məğlubiyyətdi. Komanda çox istəksiz idi. Sanki rəqiblər evdə oynayırdı və düşünürdürlər ki, onlara xal lazımdı. Biz də sanki evdə uduzmalıydıq, elə də oldu. Məndə də belə bir qorxu var ki, seçmə mərhələni xalsız başa vuraq. Ağır səfər oyunları qalıb. Yalnız evdə Uelslə və Xorvatiya ilə qarşılaşacağıq. Ancaq bu iki qarşılaşmada da yetərincə çətin olacaq. Hər nə qədər ağır olsa belə, ümid edək ki, uşaqlar toparlanacaq və seçmə mərhələdə xal və ya xallar qazanacaqlar. Ən asası komandada lider yoxdu. Belə birinə ehtiyac var ki, heyəti bir yerə yığa, toparlaya. Həm oyunda, həm də meydandan kənarda. Bütün bunların hamısı özünü nəticədə göstərir. Nə dəyişməlidi? Bunu rəhbərlik, məşqçilər korpusu bilər. Ən önəmlisi odu ki, hər kəs Azərbaycan üçün oynadığını dərk etməlidi. Klubu bir kənara qoyuram, milli tam başqadı. Özümdən götürürəm. Klubla yığmaya hər zaman fərqli yanaşmışam. Millidə gerb, bayraq - hər şey təsir edir. Bunu fikirləşmək, dərk etmək lazımdı. Ən azı meydanda canını qoymaq lazımdı. Biz hər zaman millidə canımızı vermişik. Elə ola bilməzdi ki, çıxıb asan təslim olaq. Vuruşurduq, çalışırdıq, xalımızı alırdıq. Yaxşı oyunlarımız olub. Düzdü, futbolda uğursuz nəticələr qeydə alınır. Ancaq belə olmaz. İki oyunda bu cür məğlub olmaq həqiqətən acınacaqlıdı”.
FARİZ